Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay eks-prezidentin Diplomatik Forumda iştirak etmək üçün Antalyaya getdiyini bildirib. Nazarbayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə forumda iştirak edir.
Qazaxıstanda baş verən etiraz aksiyaları sonrası Təhlükəsizlik Şurasındakı vəzifəsindən istefa verən Nazarbayev ilk dəfədir ki, xarici ölkədə təşkil edilən rəsmi tədbirə qatılır.
Nazarbayev türk dünyası üçün önəmli şəxslərdəndir. O, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bərabər 3-cü açar şəxs hesab olunur.
Nazarbayevin Qazaxıstan hakimiyyətindən getməsi türklərin təşkilatlanması baxımından mənfi hadisə oldu. Çünki Mərkəzi Asiya türklərini bir arada saxlayan güc Nazarbayev idi. Nazarbayevin yoxluğu Mərkəzi Asiya türk dövlətlərinin gözünü Çin və Rusiya qarşısında qorxuda bilər.
Bunu Türkiyə də yaxşı anlayır və onsuz da kövrək olan Türk Birliyinin dağılmaması və Mərkəzi Asiya türklərinin Türk Birliyinə inteqrasiyasının dayanmaması üçün bu regionu yaxşı bilən və nüfuzu olan Nazarbayevdən istifadə etmək istəyir.
Nazarbayevin həm SSRİ təcrübəsi, həm də Mərkəzi Asiya türkləri üzərindəki nüfuzu Türkiyə üçün Türk Birliyi yolundan onu əvəzedilməz şəxs edir.
Ərdoğan Nazarbayevi Antalyaya dəvət edərək onun həm Türkiyə üçün vacib olduğunu, həm də rəsmi Ankaranın onu dəstəkləyəcəyi mesajını verir.
Ankaranın dəstəyini alan Nazarbayev həm ölkəsində, həm də Mərkəzi Asiyada mövcud nüfuzu saxlaya, hətta artıra bilər.
Turan Rzayev