"Rusiya neftindən imtina edən ABŞ qısa zamanda yeni alternativlər tapmağa çalışır. Hətta "siyasətdə daimi düşmənlər və daimi dostlar olmur, daimi maraqlar olur” prinsipinə uyğun Venesueladan daha çox neft idxal etmək üçün danışıqlar da aparılır”.
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməklə dünya neft bazarında kəskin qiymət artımlarını da əngəlləmiş olacaq:
"Birləşmiş Ştatlarda benzinin qiyməti tarixi rekorda yüksəlib. Neftin qiymətindəki artımlar digər məhsullarının da qiymət artımını şərtləndirir.
Bütün bunlar fonunda, dünən neft birjalarında volatillik qeydə alındı. Belə ki, 1 bareli 130 dolları keçən Brent markalı neftin qiyməti 110 dollaradək azalsa da, sonra 3 faizə yaxın artım qeydə alındı. Hazırda neft 114 dollara təklif olunur”.
V. Bayramov qiymətlərin azalma səbəbi kimi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) neft hasilatını artırmasının olduğunu deyib:
"Gözlənilir ki, OPEC+ alyansında Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-nin hasilatı artırmaq istəyinə dəstək olacaqlar. Qeyd edək ki, OPEC ötən aydan etibarən gündəlik hasilatı 560 min barel artırıb. Sanksiyalar fonunda isə Qərb üçün daha böyük həcmdə artımlara ehtiyac var.
Bununla yanaşı, sanskiyalar nəticəsində boşalmaqda olan neft bazarını qısa zamanda doldurmaq texniki baxımdan real görsənmir. Buna görə də dünən azalan qiymətlər yenidən yüksəlməyə başladı. Amma görünən odur ki, Vaşinqton neftin yüksək qiymətlərində maraqlı olmadığı üçün OPEC-in hasilatı mümkün qədər qısa zamanda artırmasına çalışacaq. Bu da qiymətlərin kəskin artımının qarşısının alınması üçün yetərli ola bilər. Amma hələlik neft birjaları daha çox bəyanatlar ilə idarə olunur. Bazarlar isə real neft tələb edir”.
Turan Rzayev