Ukrayna müharibəsi zamanı əsir düşən və Rusiya hərbi kəşfiyyat bölməsində işləyən zabitlər Putinə səsləniblər.
Sfera.az bildirir ki, bu barədə UNİAN məlumat yayıb.
Ukraynanın Çerniqov vilayətində əsir götürülən Rusiya Silahlı Qüvvələrinin 15-ci Aleksandrovski Briqadasının hərbi kəşfiyyat bölməsinin 7 zabiti jurnalistlərə açıqlama verib. Zabit Sergey Qalkin bildirib ki, 2013-cü ildən Rusiyanın Samarskaya vilayətində yerləşən tüfəng bölməsi ilə müqavilə əsasında hərbi xidmətdə olub. Fevralın 1-də Belarusda ortaq təlimdə iştirak məqsədilə bütün heyətin dəmir yolu ilə Bryanskaya vilayətinə təxliyyə edildiyini bildirən Qalkin, meşəlik ərazidə qurulan düşərgədə qaldıqlarını söyləyib. O, təxminən 3 gün düşərgədə qaldıqdan sonra Ukraynaya hücum planından xəbərdar olduqlarını deyib:
"Görüş zamanı komandirimiz Ali Baş Komandan Vladimir Putinin Ukraynaya hücum və paytaxt Kiyevin işğal edilmə əmrini oxudu. Telefonlarımız, şəxsiyyət vəsiqəmiz toplandı. Ertəsi gün səhər yola düşdük. Ukraynanın Çerniqov vilayətinin sərhədinə yaxınlaşarkən maşınlarımız bataqlıqda qaldı və bölmənin bir hissəsi sözügedən vasitələrin təhlükəsizliyini təmin etmək üçün dayanmağa davam etdi. Bu zaman biz şəhər sakinləri ilə qarşılaşdıq. Snayperçimiz atəş açanda qarşıdurma oldu. Yerli camaatın əllərində çoxlu silah olduğunu gördük. Evimizə qayıtmağımızı istədilər. Biz əslində o anda təslim olmaq qərarına gəldik”.
Digər zabit Vladimir Rasskazov isə Putinə səslənib: "Putini Ukraynaya hücumlarını dayandırmağa çağırıram. Çünki biz qayıdanda onun qabağında dayanacağıq".
Qeyd edək ki, Ukrayna qüvvələri tərəfindən əsir götürülən sözügedən zabitlərin Krımın əvvəlki işğalı ilə yanaşı, Suriyada da hərbi polis vəzifəsində çalışdıqları bildirilib.
Günay Rəsulqızı
Sfera.az