2020-ci il4 noyabr tarixində Beverli Hillsdəki (Kaliforniya ştatının Los-Anceles dairəsində kiçik şəhər) türk restoranında nifrət motivli hücum həyata keçirən, milliyətcə erməni olan iki gənc həbs cəzasına məhkum edilib.
Sfera.az "Los Angeles Times”ə istinadən xəbər verir ki, bu haqda məlumatı Kaliforniya prokurorluğu açıqlayıb.
Həbs edilən şəxslər 23 yaşlı Qlendeyl sakini Uilyam Stepanyan və 24 yaşlı Tujunqa sakini Harutyun Harri Çalikyandır. Onlar əvvəllər də sui-qəsd və nifrət cinayəti ittihamları ilə saxlanılıblar.
Kaliforniya prokurorluğunun məlumatına görə, Stepanyan 5 il müddətinə, Çalikyan isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, həbs edilən şəxlər hücum etdikləri insanlara dəyən zərərə görə 21 200 dollar təzminat ödəyəcəklər.
Hücumun motivində Türkiyə və Ermənistan arasındakı tarixi düşmənçiliyin dayandığı qeyd edilir.
Prokurorlar bildiriblər ki, müttəhimlər tanıdıqları 9 nəfəri məqsədli şəkildə türklərin olduqları restorana aparıblar. Restorana gəldikdən sonra Stepanyan və Çalikyan maska taxaraq türklərə hücum edib.
Hücum zamanı ermənilər "Türklər!”; "Ah! Ermənistan!”; "Azərbaycan!”; "Artsax Ermənistandır!” və "Biz səni öldürməyə gəldik! Səni öldürəcəyik!” şüarlarını səsləndiriblər.
Prokurorluğun araşdırması zamanı məlum olub ki, ermənilərin hücumuna məruz qalan 5 nəfərdən dördü türk əsillidir.
Vasif