Ukraynanı tərk etmək məcburiyyətində qalan insanların kədərli hekayələri günlərdir müzakirə obyektinə çevrilib.
Sfera.az bildirir ki, bu dəfə günün qəhrəmanı 11 yaşlı balaca uşaq olub. Ukraynanın cənub-şərqindəki Zaporojjya şəhərindən olan bu uşağın Slovakiyaya tək keçdiyi öyrənilib.
Slovakiya Daxili İşlər Nazirliyinin məlumatına görə, azyaşlının əlində pasport, bel çantası və plastik torba olub. Ailəsi qohumları ilə əlaqə saxlaması üçün uşağın əlinin üstünə telefon nömrəsi yazıb. Məlumata əsasən, 11 yaşlı uşaq 1000 km-lik yolu tək qət edərək Slovakiyaya gəlib.
Könüllülər tərəfindən qarşılanana uşaq dərhal isti yerə aparılıb, ona yemək-içmək verilib.
Nazirliyin "Facebook” səhifəsində yayımlanan məlumatda bildirilib ki, sərhədçilər uşağın əlinə yazılan məlumat və pasportuna qoyulmuş kağız parçası sayəsində onun yaxınları ilə əlaqə saxlaya biliblər.
"O, gülüşü, qorxmazlığı və əsl qəhrəmana layiq əzmi ilə hər kəsi fəth etdi" - deyə qurumun açıqlamasında yazılıb. Qeyd olunub ki, balacanın valideynləri xəstə qohumlarına qulluq etmək üçün Ukraynada qalmalı olduqları üçün uşağı tək yola salıblar.
Xatırladaq ki, BMT-nin hesabatlarına görə, 1,2 milyondan çox dinc sakin Ukraynanı tərk edib, yaxın günlərdə bu rəqəmin 1,5 milyona çatacağı gözlənilir. Ölkəsini tərk edən mülki vətəndaşlar Macarıstan, Slovakiya, Moldova və Rumıniya kimi ölkələrə köç ediblər.
Günay Rəsulqızı
Sfera.az