"Rusiya sanksiyaların təsirini azaltmaq üçün daha bir qeyri-adi addım atır - oğurluğa icazə verməyə hazırlaşır”.
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz deyib. O bildirib ki, Rusiya hökuməti pirat proqram təminatından, pirat İT məhsullardan istifadə ilə bağlı cinayət məsuliyyətini və inzibati məsuliyyəti ləğv etməyə çalışır:
"Yəni, hansı qlobal İT şirkət Rusiyaya sanksiya tətbiq edibsə, onun İT məhsulundan oğurluq istifadə etmək dövlət və özəl sektor üçün cinayət məsuliyyəti yaratmayacaq. Rusiya hansısa xarici İT məhsuldan istifadə ilə bağlı onun patent və ya müəllif hüquqi sahibindən razılıq alınması normasını da mövcud qanunvericilikdən çıxartmağa hazırlaşır. Hansı xarici İT məhsulun yerli variantı yoxdursa, hamısına bu qərar tətbiq ediləcək. Hökumət yerli İT məhsul yaradılanədək bu cür absurd qərarın qüvvədə olacağını nəzərdə tutub”.
O.Gündüz qeyd edib ki, "oğurluğa icazə" qısa zaman kəsiyi üçün uğurlu ola bilər, amma uzunmüddətli dövr üçün yararlı olmayacaq:
"Rusiyada hökumət-vətəndaş sektoru "Microsoft”, enerji sektoru "Siemens”, bank sektoru "Oracle”, korportiv sektor "SAP” və "Oracle” üstündə oturub. Strateji, kritik sahələr üçün "oğurluq" məhsullardan istifadə ciddi risklər yaradacaq. Nəhəng sistemlər tez-tez çökəcək. Eyni zamanda İT məhsul istehsalçıları məhsulu qorumaq üçün min cür metodlar tətbiq edirlər. Güman etmək olar ki, xarici istehsalçılar da piratçılıqla mübarizə üçün əlavə texnoloji və hüquqi proseduralar müəyyən edəcəklər”.
Xatırladaq ki, Rusiyanın müxtəlif sektorlar üzrə İT ekosistemində hökmramlıq edən "Oracle”, "Apple”, "SAP”, "İBM”, "İntel”, "Microsoft”,” AMD”, "Cisco”, "Siemens”, "Ericsson”, "Nokia” və s. şirkətlər artıq Rusiya bazarından çıxdıqlarını rəsmi olaraq açıqlayıblar.
Günay Rəsulqızı
Sfera.az