"Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın Ermənistanın yeni prezidenti seçiləcəyi bəlli idi. Çünki o, hakim "Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi və Paşinyana yaxınlığı ilə seçilən bir şəxs idi. Onun prezident seçilməsi Paşinyanın hakimiyyətini daha da möhkəmləndirəcək”.
Bu sözləri Vahan Xaçatryanın Ermənistanın yeni prezidentinin seçilməsi haqda danışarkən politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Vaaqn Xaçatryan ilk turda cəmi 69 səs toplamışdı:
"Bu lazım olan minimum səs sayından az idi. Ermənistan Konstitusiyasına görə, prezident seçkilərinin ikinci və üçüncü turları keçirilə bilər. Bu zaman seçilmək üçün müvafiq olaraq 65 və 54 səs lazımdır. İkinci turda Xaçatryan lehinə 71 deputat səs verib.
Hesab edirəm ki, Vaaqn Xaçatryanın prezident seçilməsi Baş nazir Nikol Paşinyanın maraqlarına uyğundur. Çünki Paşinyan Ermənistanı parlamentli respublikadan prezidentli respublikaya çevirib prezident olmaq istəyir. Mövcud sistem ona sərbəst siyasət yeritmək üçün ciddi əngəl törədir.
Ehtimal ki, Paşinyan öncə referendumla prezidentli respublika üsuluna keçəcək, daha sonra da növbədənkənar prezident seçkiləri keçirərək prezident kürsüsünə əyləşəcək”.
Turan Rzayev