Dünən Türkiyədə koronavirusla bağlı bir sıra qadağalar ləğv edildi. Ölkənin səhiyyə naziri Fahrettin Koca sağlamlıq kodunun (HES kodu) tətbiqinin ləğv edildiyini və bundan sonra heç bir quruma girişdə HES kodu yoxlanılması aparılmayacağını bildirdi. O, eyni zamanda qapalı məkanlarda da "ventilyasiya kifayətdirsə və məsafə qaydasına əməl edilirsə” maska taxmağa ehtiyac qalmayacağı açıqladı.
Azərbaycanda da qapalı məkanlarda maska qadağası aradan qaldırıla bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov xatırladıb ki, koronavirus infeksiyası qlobal pandemiya elan olunanda onun insanların həyat və sağlamlıqları üçün təhlükəli olduğu nəzərə alınaraq bu addımlar atılmışdı:
"Artıq iki ildən artıq müddətdir, pandemiya dövrünün tələblərinə uyğun yaşayırıq. Sərt karantin tədbirləri tətbiq olundu, insanların təmasları minimuma endirildi, sonra da ölkədəki epidemoloji vəziyyət nəzərə alınaraq müəyyən məhdudiyyətlər aradan qaldırıldı. Tətbiq olunmuş sərt karantin rejimi yumşaldıldı. Bu dövr ərzində yeni növ koronavirus infeksiyası mutasiyalara uğradı və onun yeni ştamları meydana gəldi. Hazırkı ştamlar birinci peyda olunan COVİD-19-dan daha yumşaq və tez ötücü oldu. Ona görə də yoluxma ilə bağlı tətbiq olunan karantinin müddəti 14 gündən 7 günə endirildi. Vəziyyət onu göstərir ki, koronavirusun ciddi təhlükəli təsirləri yavaş-yavaş azalmaqdadır. Ola bilsin ki, yaxın aylarda ÜST koronavirusla bağlı elan olunmuş "qlobal pandemiya” qərarını da ləğv etsin”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanda bu gün ölkə əhalisinin 70 faizindən çoxu iki doz peyvənd qəbul edib:
"Digər tərəfdən isə bu virusun ağırlaşdırıcı təsiri azalır. Dünya səviyyəsində də bütün bu dinamikanı nəzərə alaraq, bəzi ölkələrdə HES kodu ləğv edilir. Müəyyən məkanlara giriş üçün məhdudiyyətlər aradan qaldırılır. Arzulayıram ki, ölkəmizdə də tezliklə bu təhlükə sovuşsun və insanlar öz sərbəst həyatlarına qayıda bilsinlər. Amma onu da qeyd etməliyəm ki, ölkəmizdəki epidemoloji vəziyyət daim nəzarət altındadır. Operativ Qəragahda bu, gündəlik təhlil olunur və qərarlar qəbul edilir.
Biz isə bu məsələdə zamanı qabaqlamalı və tez qərarlar qəbul etməklə bağlı təkliflər səsləndirməli deyilik. Əgər ölkəmizdə epidemioloji fon normaya düşərsə və koronavirusun ciddi təhlükəsi aradan qalxarsa, təbii ki, bütün məhdudiyyətlərin ləğv olunmasının tərəfdarıyam. Lakin hər bir yumşalmanın müvafiq qurumun qərarı ilə həyata keçirilməsini gözləməliyik və ən düzgün yolu da belə hesab edirəm”.
Günay Rəsulqızı
Sfera.az