Ukrayna əsilli iş adamı, rusiyalı oliqarx Mixail Uotford İngiltərənin Surrey şəhərindəki evində ölü tapılıb.
Sfera.az bildirir ki, Ukrayna-Rusiya müharibəsinə görə rusiyalı oliqarxların dünya ölkələrinin sanksiya hədəfində ikən belə bir hadisənin baş verməsi şok effekti yaradıb.
Polisin verdiyi məlumata görə, biznesmenin cəsədini ilk tapan bağban olub. O, evin qarajına girən zaman Uotfordun meyiti ilə qarşılaşıb. Oliqarxın ölümü polis qeydlərində "şübhəli” deyil, "izah edilə bilməyən ölüm” kimi qeyd edilib. Bu isə oliqarxın öldürülmədiyi, onun intihar edə biləcəyi ilə bağlı şərhlərə səbəb olub.
Mixailin adı hələ Boris Consonun elan etdiyi sanksiyalar siyahısına düşməmişdi. Buna baxmayaraq, iş adamının sanksiyalardan çəkindiyindən və ya ruslar tərəfindən yaradıldığı deyilən "ölüm siyahısı”na salınmasından qorxaraq intihar etdiyi düşünülür.
Eyni zamanda, Britaniya mətbuatında oliqarxın öz bağbanı tərəfindən asılaraq ölü tapıldığı bildirilsə də, polisin rəsmi məlumatlarında bu, öz təsdiqini tapmayıb. Uotfordun yaxın dostlarından biri mətbuata danışaraq, iş adamının Rusiya ilə Ukrayna arasında gedən müharibəyə görə çaşqınlıq içində olduğunu söyləyib.
Qeyd edək ki, 2000-ci illərin əvvəllərində İngiltərədə məskunlaşan iş adamı neft emalı zavodu və təbii qaz şirkəti sayəsində hazırkı var-dövlətini qazanıb. Onun evi İngiltərə, o cümlədən Surrey şəhərinin ən bahalı binalarından biri hesab olunur və təxmini dəyəri 18 milyon funt-sterlinqdir.
Günay Rəsulqızı
Sfera.az