"Çelsi"nin sahibi Roman Abramoviç klubu satacağını açıqlayıb.
Sfera.az bildirir ki, iş adamı bu barədə Premyer Liqa klubunun saytına danışıb. Abramoviç bunun çətin qərar olduğunu söyləyib. O, həmçinin heç bir borcun qaytarılmasını tələb etməyəcəyini bildirib.
Digər tərəfdən, 55 yaşlı iş adamının Rusiya prezidenti Vladimir Putinlə güclü əlaqələri olduğu iddia edilsə də, o, bunu təkzib edib və hətta satışdan əldə edilən gəlirin Ukraynadakı müharibə qurbanlarına bağışlanacağını söyləyib.
"BBC Sport”un məlumatına görə, Abramoviç artıq "Çelsi” üçün təkliflər alıb və o, klubu 3 milyard funt-sterlinq dəyərində qiymətləndirir:
"Mən həmişə klubun maraqlarını düşünərək qərarlar vermişəm. Mövcud vəziyyətdə klubu satmaq qərarına gəldim. Çünki bunun klubun, azarkeşlərin, işçilərin, eləcə də klubun sponsorlarının və tərəfdaşlarının maraqlarına uyğun olduğuna inanıram. Klubun satışı sürətlə aparılmayacaq, lakin lazımi prosesə əməl ediləcək”.
Məlumata görə, dünyaca məşhur döyüşçü Konor Makqreqor klubu almağa can atanlar arasındadır.
Qeyd edək ki, Roman Abramooviç London klubunun səhmlərinin nəzarət paketini 2003-cü ildə 140 milyon funta satın almışdı.
Günay Rəsulqızı
Sfera.az