Britaniya parlamentinin leyborist partiyasından olan təmsilçisi Marqaret Hodcun Ukrayna böhranı müzakirə edilərkən xarici işlər naziri Elizabet Trassa ünvanladığı, "Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?, - sualı qərəzli olduğu qədər maraq da doğurub.
Göründüyü kimi, xanım deputat bu sualla əslində Azərbaycanın sanksiyalar siyahısına daxil edilməsini israrla istəyir!
Bu zaman belə bir sual yaranır: Bu şəxsi Azərbaycana düşmən edən səbəb nədir?
Əslində Marqaret Hodcun Azərbaycanla xüsusi bir ədavəti yoxdur. Onun öz dili ilə desək, "İt's just business”. Yəni onun üçün bu, sadəcə bir işdir. Bu "işin" arxasında isə həmişəki kimi erməni lobbisi dayanır. Prinsip etibarilə, Marqaret Hodc erməni ictimaiyyətinə yad bir şəxs deyil. Onun ölkəmiz əleyhinə açıqlamaları indiyədək erməni mətbuatı tərəfindən dəfələrlə yayımlanıb. Hodcun antiAzərbaycan fikirləri isə əsasən 2017-ci ildən başlayıb. Məsələ ondadır ki, 2016-cı il Aprel döyüşləri zamanı Ermənistanın məğlub olması, digər tərəfdən keçilməz sayılan Ohanyan səddinin Azərbaycan ordusu tərəfindən bir neçə saata keçilməsi ictimaiyyətdə təlatümə səbəb oldu. Qorxuya düşən erməni rəsmilər cavab addımını xaricdə fəaliyyət göstərən erməni lobbisi üzərindən verməyə başladı. Erməni lobbisi antiAzərbaycan propaqandasını, xüsusilə maliyyəsi hesabına vəzifəyə gətirdiyi Avropa ölkələrinin parlamentlərindəki deputatlar üzərindən aparırdı. Hodcun da antiAzərbaycan fikirlərini Aprel döyüşlərindən qısa bir müddət sonra, yəni 2017-ci ilin əvvəlləri başlaması diqqət çəkir. Maraqlıdır ki, Hodcun mənsub olduğu Leyboristlər partiyası da ona bu istiqamətdə dəstək verir. Bu səbəbdəndir ki, erməni mediası ilə yanaşı, Hodcun belə fikirləri Qərb KİV-lərində işıqlandırılıb. Onu da qeyd edim ki, Leyboristlər partiyası Avropada erməni lobbisi ilə ən geniş əlaqələrə malik partiyadır.
Marqaret Hodc qondarma erməni soyqırımının Britaniyada tanınması istiqamətində ən çox tanınan leyboristdir. Qeyd etdiyim kimi, xanım deputat üçün bu sadəcə bir işdir və o erməni lobbisindən aldığı pulun müqavilində bu işi canla-başla görür. Yeri gəlmişkən, Marqaret Hodcun şəxsi sərvətinin hazırda 100 milyon dollardan artıq olduğu məlumdur.
Xanım deputatın sərvətindən söz açmışkən, demək lazımdır ki, erməni lobbisindən başqa onu Belarusa bağlayan səbəblər də var. Həmin səbəb isə metal sənayesi sektorunda dünyaca məşhur olan "Stemcor” şirkəti ilə bağlıdır. Bu şirkət 2020-ci ilə qədər Marqaret Hodcun qardaşı Ralf Openhaymerə məxsus olub.
Göründüyü kimi, xanım deputatın rus qoşunlarının Ukraynaya girməsi üçün öz ərazisindən sərbəst keçid imkanı təmin edən, bu da azmış kimi, qoşunlarını Ukraynanın Çerniqov vilayətinə daxil olan Belarusa qarşı yox, məhz Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini istəməsi təsadüfi deyil.
Turan Rzayev