Son günlər Ukrayna-Rusiya müharibəsi fonunda fərqli iddialar səsləndirilir. Bunlardan biri də Rusiyanın narazı qaldığı digər bölgələrlə bağlıdır. Söhbət xüsusilə Gürcüstan və Moldovadan gedir.
Maraqlıdır, Rusiya baş verən proseslərdən istifadə edərək sözügedən ölkələrə də hərbi müdaxilə edə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov qeyd edib ki, keçmiş Sovet İttifaqına daxil olan ölkələr içində Rusiya ilə münaqişə vəziyyətində olan digər dövlətlər də var və Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Gürcüstan və Moldava kimi belə ölkələrdə də müəyyən hərəkətlilik nəzərə çarpır:
"Bu hərəkətliliyi iki istiqamətdə təhlil etmək mümkündür. Bu ölkələrdə Rusiyanın əleyhinə olan qüvvələr Putin ətrafında yaranan mövcud vəziyyətdən istifadə edərək özlərinin çoxdankı arzularını həyata keçirməyə çağırırlar. Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın təzədən qaytarılması, Moldovada isə Dnestryanındakı mövcud olan separatçıların oradan çıxarılmasının vaxtının gəldiyi düşünülür. Bu iki ölkədə mövcud olan rus meylli qüvvələr Rusiyanın Ukraynadan sonra bu ölkələrlə haqq-hesab çəkəcəyini proqnozlaşdırır və əhalini Rusiyaya qarşı hərəkt etməməyə səsləyirlər”.
Müsahibimizin fikrincə, iki keçmiş sosialist respublikasında mövcud olan qüvvələr Rusiya-Ukrayna qarşıdurmasından gözlənilən nəticə məlum olmayınca heç bir addım atmayacaqlar:
"Onlar Rusiyaya olan münasibətləri ilə əlaqədar münaqişə ətrafında konturların aydınlaşmasından sonra qərar qəbul edəcəklər. İndi Rusiyanın mənafeyinə atılan addımlar Rusiyanın əleyhinə atılacaq addımlar kimi təhlükəli ola bilər”.
Günay Rəsulqızı
Sfera.az