Rusiyanın MSCI indeksindən çıxarılması gözlənilir.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, Rusiyaya qarşı sanksiyalar günü-gündən artdıqca, ölkənin səhm və istiqrazlarının əsas qlobal indekslərdən silinmə ehtimalı da artır.
Dünyanın ən böyük indeks təminatçısı olan MSCI bazar iştirakçılarından Rusiya səhmləri üçün necə hərəkət etmələri ilə bağlı rəy aldığını açıqlayıb. Bir çox birjanın sahibi və operatoru olan "Intercontinental Exchange” sanksiyalara məruz qalan rus şirkətlərinin buraxdığı istiqrazları da satışdan çıxaracağını bildirib.
Eynilə, "Goldman Sachs” ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya istiqrazlarını indekslərindən çıxaracağı ilə bağlı xəbərdarlıq edib.
Birja analitikləri hesab edir ki, nəzərdə tutulan düzəlişlər həyata keçirilərsə Rusiya şirkətlərinin aktivləri bir qədər də dəyərsizləşəcək.
Qeyd edək ki, Rusiyada bu il bençmark indeksi yerli valyutada 35 faiz dəyərdən düşüb. Rubl isə bu il ən pis nəticə göstərən valyuta olub. Tətbiq edilən sanksiyalar və kapital nəzarəti Rusiya aktivlərinin milyardalarla dollar həcmində dəyərdən düşməsi ilə nəticələnib.
Vasif