İsveçrə uzun müddətdən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Sfera.az bildirir ki, bununla da sözügedən ölkə 1815-ci ildən bəri ilk dəfə (207 il sonra) neytrallıq statusunu dəyişdirib.
Bu barədə İsveçrə Konfederasiyasının prezidenti İqnazio Kassis 7 üzvdən ibarət Şuranın fövqəladə iclasından sonra açıqlama verib. Qurum rəsmisi "Federal Şura Rusiya prezidenti Vladimir Putinin və onun bir neçə nazirinin aktivlərinin dondurulması barədə qərar qəbul edib", - deyə bildirib.
Sanksiyaların dərhal qüvvəyə minəcəyini vurğulayan Kassis fikirlərinə bu cür davam edib:
"Bu, İsveçrənin həmin şəxslərin məsuliyyət daşıdığı ciddi beynəlxalq hüquq pozuntularına reaksiyasıdır. Biz Ukrayna xalqı ilə həmrəyik və Polşaya gedən ukraynalılar üçün ilkin ehtiyacları göndərəcəyik. Federal Şuranın qəbul etdiyi qərara uyğun olaraq, İsveçrə Rusiyaya qarşı Avropa Birliyi ilə eyni sanksiyaları tətbiq edəcək”.
İqnazio Kassis, həmçinin əlavə edib ki, İsveçrə bu gündən etibarən hava məkanını Rusiya üçün bağlamaq qərarı alıb:
"Humanitar, tibbi və ya diplomatik məqsədli uçuşlar davam edəcək. Eyni zamanda Rusiyanın baş naziri Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrov da İsveçrənin sanksiya tətbiq etmək qərarına gəldiyi Rusiya siyasətçiləri arasındadır”.
Federal Şura Rusiya vətəndaşları üçün vizaların verilməsini asanlaşdıran 2009-cu il müqaviləsini də qismən dayandırmaq qərarına gəlib. Lakin diplomatik pasport sahiblərinin ölkəyə vizasız daxil olmasına icazə veriləcəyi qeyd olunub. Qurumun yazılı açıqlamasında, "Federal Şura bu qərarları verərkən İsveçrənin tərəfsizliyi və sülh siyasətini nəzərə alıb”, -deyə qeyd olunub.
Avropa İttifaqı (Aİ) da İsveçrənin Rusiyaya qarşı tətbiq etdiyi eyni sanksiyaları qəbul etməsini alqışlayıb.
Günay Rəsulqızı
Sfera.az