Avtomobil tarixinə sanballı töhfə verən şəxslər

Maraqlı 22 İyun 2021 | 17:23
OXUNUB: 507

Zərif cinsin nümayəndələrinin avtomobil tarixinə sanballı töhfə verdiklərini inkar edənlər, çətin ki, tapılsın. Amma təəssüf ki, belə qadınların simalarını tanıyanların sayı çox azdır. Bunun səbəbini başa düşmək olar, axı XX əsr müharibələr və sosial kataklizmlərlə zəngin olub, odur ki, bir çox fotoşəkillər sadəcə olaraq itib. Buna baxmayaraq, bu gün bəzi məşhur qadın avtomobil həvəskarlarını bu yazıda sizə təqdim edəcəyik.

Məlum faktdır ki, xanımı Bertaya görə Karl Bensin aldığı cehiz ona öz avtomobilini hazırlamaq və patentləşdirmək imkanı yaratdı. Mövcud ənənəyə inansaq, bu qadın öz uşaqları ilə birlikdə mühərrikli nəqliyyat vasitəsində tarixdə ilk turist səfərini həyata keçirdi. Bundan başqa, frau Bens öz xarakteri etibarı ilə ərini daim avtomobil sahəsinə aid işlərini davam etdirməyə ruhlandırırdı və hətta onun avtobioqrafik kitabının yazılmasında və redaktə olunmasında fəal iştirak etmişdi.

Motosikletçi xanımların görünüşü

XX əsrin əvvəlində avtomobil sürmək asan deyildi, axı həmin dövrdə avtomobillərin kuzovları üstüaçıq olurdu. Buna görə də küləkdən və soyuqdan qorunmaq üçün sərnişinlər isti geyinməli olurdular. Hətta yayda da qalın plaşsız keçinmək olmurdu. Sifətini və gözlərini küləyin gətirdiyi tozdan qorumaq üçün qadın sürücü sıx, amma şəffaf duvaq örtməli olurdu. Bu onu həm tozdan qoruyur, həm də yolu görməsinə imkan verirdi. Əlbəttə, bütün bunlar qadınlara zahiri gözəllik gətirmirdi, məhz buna görə onların çoxu mexaniki ekipajlara, yumşaq desək, soyuq yanaşırdılar.

Motosiklet sürən qadınların vəziyyəti isə daha çətin idi. 1904-cü ildə qadınlar arasında keçirilmiş motosiklet yürüşü mətbuat tərəfindən kəskin tənqid edildi. Mətbuat həmin yarışı aşağıdakı ifadələrlə təsvir etdi: “Gözəl və zərif idarəetməyə gəlincə, yaxşı olar ki, bu yarış təkrarlanmasın. Motosikletdə oturmuş kişi cəlbedici görünməsə də, buna bəraət qazandırmaq üçün motosikletin yüksək sürətlə hərəkət etməsini əsas gətirə bilər. Amma qadınların yarışında olduğu kimi sürət yüksək deyilsə, diqqəti çəkən yeganə şey motosikletçinin eybəcər oturuşu və ümumi komik görünüşü olur, bu isə qadını çox çirkin göstərir!”. 

Bunun həddən artıq şişirdilmiş rəy olduğunu başa düşmək üçün məşhur alman motosikletçisi xanım Gertruda Eysemanın 1905-ci ildə çəkilmiş fotoşəklinə baxmaq kifayətdir.

Mersedes Elinek. Bu qızın adı sonralar olduqca məşhurlaşdı, axı dünyanın tanınmış avtomobil markalarından biri olan Mercedes məhz onun şərəfinə bu cür adlandırılıb. Yeri gəlmişkən, onun adı tarixə tamamilə təsadüfən, atasının istəyi əsasında düşüb, belə ki, avtomobilə onun adını vermək atasının ağlına gəlib. Mersedes özü isə heç vaxt avtomobilin sükanı arxasında oturmayıb və rekordlar qazanmayıb, tamamilə adi həyat sürüb.

Ötən əsrin 30-cu illərində əfsanəvi Bugatti markasının şərəfini qadınlardan ibarət bütöv bir komanda qoruyurdu. Bu, əsl “kraliçalar” komandası idi. Bu baxımdan çexoslovakiyalı Elizabet Yuneki qeyd etmək lazımdır. Karyerasına 20-ci illərin əvvəllərində başlamış bu xanım dəfələrlə məşhur Targa Florio yarışlarında iştirak etmiş, Nürburqrinqdə mühərrikinin həcmi 2.0 litr olan avtomobillərin yarışında birinci mükafatı qazanmışdı. Avtomobil idmanı azarkeşləri bu idmançı xanımı çox sevir və “sükan kraliçası” adlandırırdılar.

Həmin komandada daha bir tanınmış xanım – fransız Anne Sesil İtyer də çıxış edirdi. 1931-ci ildən 1936-cı ilədək o, Bugatti T37, T51A və T46 sport avtomobillərində start xəttinə çıxmış və bir sıra beynəlxalq yarışlarının qalibi olmuşdu. Onun adını məşhur “Le Manın 24 saatı” yürüşünün və “Monte-Karlo” rallisinin iştirakçıları arasında da tapmaq olar.

“Avtomobil bir çox qadın idmançıları özünə məftun edib. Hazırda onların böyük bir dəstəsi avtomobili əla idarə edir və çempionlarla rəqabət aparmalı olduqları yürüşlərdə iştirak edir”. Təxminən bir əsr bundan əvvəl işıq üzü görmüş “İdmanın bütün növləri” adlı kitabın müəllifi məhz belə yazmışdı.

Fransız xanım Kamilla dü Qast da “avtomobilə məftun olmuş” idmançılar sırasında idi. XX yüzilliyin məşhur avtomobil yürüşçüsü kimi tanınan bu xanım avtomobil traslarının mahir ustaları Lui və Marsel Reno qardaşları, Kamill Jenatsi və öz dövrünün digər məşhur idmançıları ilə bərabər səviyyədə rəqabət aparmağı bacarırdı. Madam dü Qastın sürücülük məharəti o qədər mükəmməl idi ki, o, 1903-cü ildə Paris-Madrid yürüşündə qələbəyə əsas namizədlərdən biri sayılırdı. Çoxsaylı qəzalar ucbatından yarışlar dayandırılmasaydı, onun adı, şübhəsiz ki, birincilər sırasında olacaqdı.

Fransız avtomobil sürücüləri digər bir qadına – Luiza Sarazenə də hörmət və ehtiramla yanaşırlar. Məhz bu qadın vaxtsız vəfat etmiş ərindən Daymler motorunun Fransada istehsalının patentini miras alaraq istedadlı mühəndis Emil Levassorla ailə qurdu və onu mühərrik istehsalı işinə cəlb edə bildi. Xanımının sayəsində Levassor əvvəlcə mühərriklərin, sonra avtomobillərin hazırlanması ilə, daha sonra isə avtomobil idmanı ilə məşğul oldu. 1895-ci ildə o, 1200 kilometrlik Paris-Bordo-Paris yürüşündə birinci oldu və bu qələbəsini xanımına həsr etdi.

Fransız xanım Mişel Mutonun adı avtomobil idmanı həvəskarlarının çoxuna tanışdır. Doğrudur, bu gün onu daha çox Beynəlxalq Avtomobil Assosiasiyasının funksioneri və Qadın Avtomobil İdmanı Komitəsinin (FIA) ilk prezidenti kimi tanıyırlar. Lakin o, ilk dəfə 1975-ci ildə məşhurluq qazandı. Həmin il Le Man yürüşündə onun komandası ümumi hesabda 21-ci yeri tutdu və mühərrikinin həcmi 1,6-2,0 litr olan avtomobillər arasında birinci yerə çıxdı.

Sonra Muton avtoralli yarışları üzrə dünya çempionatı mərhələsinin qalibi oldu. Bu, 1981-ci ildə San-Remoda baş verdi. Xanım idmançı ən böyük nailiyyətini növbəti il qazandı. Həmin il o, yarışların üç mərhələsində – Portuqaliyada, Braziliyada və Yunanıstanda qalib oldu. Pilotların yarışında o, 2-ci yeri tutaraq çempiondan cəmi 12 xal geri qaldı. O vaxt tərkibində Mutonun çıxış etdiyi Audi komandası isə mövsümün yekunlarına əsasən birinci yeri tutdu.

“Autosport” jurnalı onu “İlin beynəlxalq ralli yürüşçüsü” adına layiq gördü. Hətta böyük idmandan getdikdən və Beynəlxalq Avtomobil Federasiyasında işləməyə başladıqdan sonra Mişel yarışlarda iştirak etmək fürsətini əldən vermirdi. 2000-ci ildə o, London-Sidney rallisində 2-ci yeri tutdu, 2010-cu ilin noyabrında isə Çempionlar yürüşündə nümunəvi yarışda iştirak etdi.

Yunek və İtyerlə birlikdə Bugatti komandasını Elen Delanql da təmsil edirdi. O, Ele- Nis adı altında çıxış edirdi. Ona da “kraliça” titulu verilmişdi. Qəzetlər Elen Delanqlı “Bugatti kraliçası” adlandırırdılar. Yeri gəlmişkən, Elen tamaşaçıların qəlbini hələ sükan arxasına keçməzdən xeyli əvvəl fəth etmişdi.

Xanım yürüşçünün şöhrəti Atlantik okeanının hər iki tərəfinə yayıldı. O, xüsusən Braziliyada populyarlıq qazandı, burada hətta yerli sakinlər yeni doğulan uşaqlarına onun şərəfinə Elen adı verirdilər. Bu ölkədə hələ də Elenis, Elenays və ya Ele-Nis adlı şəxslərə rast gəlmək olar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man