Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 19 kiloqramdan artıq olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Nurlan Rəhimov və Adəm Təhməzov saxlanılıblar.
Onlara məxsus torbadan ayrı-ayrı bağlamalarda 9 kiloqram 200 qrama yaxın heroin, 3 kiloqram 640 qram tiryək, 6 kiloqram 530 qram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli imişlər.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.