Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən spirtli içkilər üçün minimum qiymət müəyyənləşdiriləcək. Dəyişikliklər araq məhsullarının qiymətinin minimumlaşdırılmasını nəzərdə tutur.
Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək. n
Maraqlıdır, spirtli içkilər üçün minimum qiymətlərin müəyyən edilməsi gözlənilən nəticəni verəcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ümumiyyətlə, hansısa satış məhsulu ilə bağlı minimum qiymət müəyyən edilməsi düzgün yanaşma deyil:
“Alkoqollu içkilərlə bağlı minimum qiymət siyasəti kökündən səhvdir. Çünki Milli Məclisdəki müzakirələrdən belə başa düşmək olur ki, bazarda çox ucuz alkoqollu içkilər var və onlar sağlamlığa zərər verir. Amma bunun səbəbi qiymətin aşağı olması ilə bağlı deyil. Əslində, ucuz və kefiyyətsiz alkoqollu içkilərin bazara necə daxil olması araşdırılmalı və bunun qarşısı alınmalıdır. Qiyməti artıracaqlar və bu dəfə eyni keyfiyyətsiz məhsullar, məsələn, 2 manata deyil, 3 manata satılacaq, dəyişən bir şey olmayacaq.İstər ərzaq məhsulları, istərsə də digər məhsulların qiymətini dövlətin müəyyənləşdirməsi 70 illik sovet dövründə keçdiyimiz yoldur. Bu heç bir effekt vermədi, əksinə, sonradan qıtlığa, alverçilərin yaranmasına, keyfiyyətsiz məhsulların bazara çıxmasına səbəb oldu”.
Ekspert qeyd etdi ki, minimum qiymət rəsmən yüksəldikcə qara bazar artacaq və keyfiyyətsiz məhsullar bazara daha çox çıxacaq, nəticə etibarilə insanların sağlamlığına daha çox zərər dəyəcək:
“Buna görə də şəxsən mən, istər ideoloji, istərsə də iqtisadçı olaraq bu yolun qəti əleyhinəyəm. Qiymətlərin tənzimlənməsini bazar iştirakçıları müəyyənləşdirməlidir. Dövlət ədalətli hakim rolunu oynamalı və bazara çıxarılan keyfiyyətsiz məhsulların yığışdırılmasına çalışmalıdır. Bunun müxtəlif inzibati və hüquqi yolları var”.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man