Tətbiq olunan məhdudiyyətlərə əsasən xüsusi təyinatlı avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin, o cümlədən şəxsi avtomobillərin hərəkətinə icazə verilməyəcək. Qoyulan qaydaları pozan sürücülər DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılacaq və onlara müvafiq qaydada cəzalar tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, polis bu məsələyə çox ciddi nəzarət edəcək: "Ola bilsin ki, polis naryadına rast gəlməyənlər xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınacaq. Hər hansı nəqliyyat vasitəsinin hərəkəti məhz həmin cihazlar vasitəsi ilə də qeydə alınacaq. Hər bir şəxs bilməlidir ki, qayda pozduğuna görə hətta polisə rast gəlməsə belə törətdiyi əmələ görə cavab verəcək".
K.Əliyev qeyd edib ki, məhdudlaşdırmaya məhəl qoymayaraq şənbə və bazar günü evdən çıxanlar cərimələnə, hətta həbs edilə bilərlər:
“Kimsə fikirləşməsin ki, mənim portalda icazəm varsa, öz avtomobilimi əvvəlki qaydada istifadə edə bilərəm. Nazirlər Kabinetinin 4 iyun tarixli 191 nömrəli qərarına əsasən, bütün növ avtomobillərdən və ictimai nəqliyyat vasitələrindən, yəni fərdi avtomobillərlə yanaşı avtobus və taksilərdən də istifadəyə icazə verilməyəcək. Bu qadağalar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayon sakinlərinə aiddir.
Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş dövlət orqanları əməkdaşlarının, eləcə də fəaliyyətinə icazə verilmiş xidmət sahələrində işləyən və hərəkət üçün məlumatları işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər, habelə yaxın qohumların dəfnində iştirakla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə alma halları istisna olmaqla iyun ayının 5-dən 6-na keçən gecə saat 00:00-dan iyunun 8-i saat 06:00-dək kimsə yaşadığı evdən, mənzildən çıxarsa, bu qanun pozuntusu kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəklər”.
K.Əliyev deyib ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə oluna, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla fiziki və vəzifəli şəxslərə bir ayadək müddətə inzibati həbs cəzası tətbiq oluna bilər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man