2019-cu ildə Bakı şəhərində piyadaların vurulması ilə bağlı 334 fakt qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bunu lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, ötən il ərzində paytaxtda baş verən yol qəzalarında 186 nəfərin həlak olduğunu da bildirib:
“2019-cu ildə Bakı şəhəri üzrə 569 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 186 nəfər həlak olub, 518 nəfər yaralanıb. 2018-ci il ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 50 fakt, yəni 8,1 faiz, xəsarət alanların 11 nəfər, yəni 2,1 faiz, həlak olanların sayı isə 26 nəfər, yəni 12, 3 faiz azalıb.
Ümumi hadisələrin 149-u, bir sözlə, 26,2 faizi yüksək sürət həddi nəticəsində baş verib. Ötmə və qarşı yola çıxma 40, 4 faiz, yəni 230, yol ayrıcından keçmə nəticəsində isə 7,9 faiz, yəni 45 hadisə qeydə alınıb”.
V.Əsədovun sözlərinə görə, Bakıda baş verən yol-nəqliyyat hadisələri zamanı 11 azyaşlı dünyasını dəyişib:
“Hadisələrin 58,7 faizi piyada vurulmaları ilə bağlıdır ki, bu da çox ciddi narahatlıq doğurur. Piyada vurulması ümumi hadisələr arasında 334 fakt təşkil edir ki, nəticədə 122 nəfər həlak olub, 229 nəfər isə xəsarət alıb. 2018-ci il ilə müqayisədə piyada vurulma hadisələrində 4 faiz azalma var. Piyadaların vurulması ilə baş verən qəzaların yerinə diqqət yetirsək, onların daha çox piyada keçidlərin ətrafında və işıqlandırılmayan yerlərdə baş verdiyini görürük.
Ayrıca azyaşlıların iştirakı ilə baş verən 45 qəzada 11 azyaşlı həlak olub, 41 nəfər isə xəsarət alıb. 2018-ci il ilə müqayisədə 5 fakt, 2 ölüm halı və 1 xəsarət alma azalıb”.
Vaqif Əsədovun sözlərinə görə, ötən il avtobus sürücülərinin iştirakı ilə baş verən 33 yol qəzasında 9 nəfər həlak olub:
“Ötən il marşrut avtobuslarının iştirakı ilə 33 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər həlak olub, 32 nəfər xəsarət alıb. 5 nəfərin həlak olması, 15 nəfərin xəsarəti ilə nəticələnən 18 yol-nəqliyyat hadisəsi hüquqi şəxslərə məxsus, 4 nəfərin ölümü, 17 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi isə fiziki şəxslərə məxsus marşrut avtobuslarına aiddir. 2018-ci il ilə müqayisə etdikdə hadisələrin sayı 11 fakt, ölənlərin sayı 14 nəfər və xəsarət alanların sayı isə 6 nəfər azalıb”.
Hesabat dövründə 129 avtomobilin oğurlandığını deyən şöbə rəisi, sərxoş halda avtomobillərin idarə olunması ilə bağlı 1700 fakt aşkarlandığını da bildirib:
“2019-cu ildə Bakı şəhərində 129 avtonəqliyyat vasitəsi qaçırılıb. Aparılan əməliyyat tədbirləri ilə onlardan 120-i tapılıb, 9-nun axtarışı davam etdirilir.
Sərxoş vəziyyətdə avtomobillərin idarə olunması ilə bağlı 1700 fakt aşkar edilib. Bu göstərici 2018-ci il ilə müqayisədə 717 fakt və ya 29,6 faiz azalıb”.
Gültən Qədirli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man