Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda iş adamına məxsus “Lamborghini” markalı avtomobilin cərimə meydançasına aparılması ilə bağlı hadisəyə münasibət bildirib.
Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, nəqliyyat vasitələrinin səsboğucu sistemindən xaric edilən səs limitinin şəhər mühitində normativi kimi qəbul edilən desibeldən (Db) artıq olması yolverilməzdir:
“Yol Hərəkəti Təhlükəsizliyinə dair konvensiyada göstərilən mövcud standartlara görə, avtomobilin ətraf mühitə verdiyi səsin 75 desibeldən artıq olması yolverilməzdir. Qeyd olunan “Lamborghini” avtomobili bir sıra digər nəqliyyat vasitələri kimi sport rejimi olan avtomobillər siyahısındadır. Bildirmək istəyirik ki, bu cür avtomobillər ümumi istifadədə olan yollarda digər avtomobillər kimi normal idarə oluna bilirlər. Onları sport rejiminə keçirərək, motor səsinin yüksəldilməsi sürücünün şəxsi iradəsindən asılıdır. Hər bir nəqliyyat vasitəsi şəhər mühitində və ümumi istifadədə olan yollarda mövcud qaydalara uyğun şəkildə hərəkət etməlidir.
Burada söhbət hər hansı konstruksiya dəyişikliyindən getmir. Misal olaraq, müasir avtomobillərin 240-260 km/saatla hərəkət etmək imkanları var. Belə çıxır ki, hər kəs nəqliyyat vasitəsini bu sürətlə idarəetməlidir? Məntiq, eyni məntiqdir. Əgər kimsə bu cür avtomobillərin sport rejimindən istifadə etmək istəyirsə, bu yalnız idman yarışlarında, xüsusi treklərdə, yəni nəqliyyata tam qapalı ərazilərdə, xüsusi təhlükəsizlik qaydaları gözlənilməklə mümkündür. Heç kim insanların yaşadığı əraziləri idman trekləri ilə səhv salmamalıdır”.
12:56
“Ay ərzində bəlkə də 3-4 dəfə avtomobilimi səsboğucu sisteminə müdaxilə etmək şübhəsi ilə cərimə meydançasına aparıblar. Bu məsələ ilə bağlı DYP əməkdaşları ilə heç cür ortaq məxrəcə gələ bilmirik. Onlar da yorulub, mən də”.
Bu sözləri Oxu.Az-a açıqlamasında cərimə meydançasına aparılan “Lamborghini”nin sahibi Süleyman Əliyev deyib.
O bildirib ki, bu, rastlaşdığı ilk belə hal deyil:
“Təəssüf ki, mən artıq neçənci dəfədir bu hal ilə qarşılaşıram. Tez-tez avtomobili cərimə meydançasına aparırlar. Sonra avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilir və məlum olur ki heç bir müdaxilə yoxdur. Bu avtomobillərə ümumiyyətlə istəsəniz də müdaxilə edə bilməzsiniz. Bu məsələ ilə bağlı dəfələrlə avtomobilin rəsmi xidmət mərkəzində yoxlanıldığına, standartlara uyğun olaraq servis olunduğuna və zavod tərəfindən quraşdırılan səsboğucu sisteminə hər hansı müdaxilənin olmadığına dair rəsmi rəy də almışıq. Bu maşınları fərqləndirən cəhətlərdən biri də məhz özünəməxsus səsboğucu sistemləridir.
Bilirsiniz buna görə heç bir cərimə tətbiq edilmir, amma həm DYP əməkdaşlarının vaxtı gedir, həm də mənim. Avtomobil nə üçün günlərlə cərimə meydançasında qalmalıdır? Bu məsələnin köklü bir həlli yolu olmalıdır”.
S.Əliyev deyir ki, avtomobilin istehsalçı şirkət tərəfindən hansı göstəricilərlə buraxıldığını hər kəs az-çox bilir. Əgər bu avtomobilin idarəolunması ilə bağlı paytaxt ərazisində problem yaranırsa ölkəyə buraxılmasına nə üçün icazə verilir?
“Bilirsiniz, mən problem yaratmağa deyil, tam əksinə onun həlli yollarını axtarmağa can atıram. Bu problemlə qarşılaşan tək mən deyiləm, bir neçə belə avtomobil sahibləri var ki, əsassız yerə yoruluruq. Əgər qanunvericilikdə belə bir məsələ ilə bağlı maddə yoxdursa, aidiyyəti üzrə bu və digər avtomobillərin istehsalçıları ilə daxili qaydada nizamlayıcı sənədlər hazırlansın. Bu məsələnin həlli üçün iki yol var: ya qanunvericilikdə bu məsələ öz əksini tapmalıdır, ya da bu tip avtomobillər ölkəyə buraxılmamalıdır ki, sonra da belə problemlərlə qarşılaşmayaq”.
11:56
Bakıda iş adamının “Lamborghini”nin cərimə meydançasına apardılar.
Oxu.Az xəbər verir ki, avtomobilin videogörüntüləri sosial şəbəkədə yayılıb.
İlkin məlumatlara görə, avtomobil paytaxtda tanınmış iş adamlarından olan “SAS İNŞAAT” MTK-nın rəhbəri Süleyman Əliyevə məxsusdur.
Avtomobilin səsboğucu sisteminə müdaxilə şübhəsi ilə cərimə meydançasına aparıldığı deyilir.
Həmin görüntüləri təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man