Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov son zamanlar sosial şəbəkələrdə əlillərə dövlət tərəfindən verilmiş maşınların qeydiyyat nişanı olmadan idarə edildiyi fotolarla bağlı münasibət bildirib. V.Əsədov bildirib ki, vətəndaşların aşkarladığı bu faktlar təəssüf doğurucudur: “İstənilən şəxs yol hərəkətində nəqliyyat vasitəsi istismar edirsə, qanunvericiliyin tələblərinə uymalıdır, yəni nəqliyyatın üzərində dövlət nömrə nişanı olduğu halda avtomobili idarə etməlidir. Təəssüflər olsun ki, bu gün bəzi şəxslər onlara verilmiş imtiyazlardan özlərinəməxsus şəkildə istifadə edirlər ki, bu da haqlı olaraq cəmiyyətdə narazılığın yaranmasına səbəb olur”.
Polkovnik qeyd edib ki, Dövlət Yol Polis əməkdaşları xidmət apardıqları ərazilərdə bu kimi hallarla qarşılaşdıqda müəyyən tədbirlər görürlər: “Bu günə qədər bu istiqamətdə aparılmış tədbirlərin nəticəsidir ki, nizam-intizam yüksəlib, yol-nəqliyyat hadisələrinin sayı azalıb. Ancaq 44 günlük müharibədən sonra qazilərimizə, əlillərimizə, eləcə də bundan öncəki Qarabağ müharibəsində olan əlillərimizə verilən imtiyazlar bəzən aidiyyəti şəxslərin yaxın qohumları tərəfindən düzgün istifadə edilmir, bu da təəssüf doğurur”.
V.Əsədov əlavə edib ki, bu kimi halların azaldılması üçün düzgün təbliğatın aparılması, bu cür hallar aşkarlandıqda ictimai qınaq metodlarından istifadə edilməsi önəmlidir. O bildirib ki, qanunlar hər kəs tərəfindən düzgün şəkildə yerinə yetirilməlidir.
Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi olmayan nəqliyyat vasitələrinin sürücüləri dövlət orqanları tərəfindən qanunauyğun olaraq cərimələnir./nocomment
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man