Yol polisi reyd keçirib bir gündə 200 nəfəri cərimələdi - FOTO
İctimai nəqliyyat20 Aprel 2021 | 12:15
OXUNUB: 725
Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, təhlükəsizlik kəmərindən istifadə, konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlanması ilə yadda qalan reyd zamanı bir neçə sakinin sürücülük hüququ olmadan avtomobil idarə etməsi də aşkar edilib.
Görülən qanuna müvafiq tədbirlərlə həmin sürücülərin hərəkəti dayandırılıb, avtomobilləri qanunla müəyyən edilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib. Bundan başqa aparılan araşdırmalarla dayanma-durma qaydalarını kobud surətdə pozaraq, avtobus dayancaqlarında eləcə də piyada səkilərində dayanan və ya duran avtomobil sahibləri də inzibati məsuliyyətə cəlb edilib. Davam etdirilən tədbirlərlə mühərriklərində nasazlıq olan, ətraf mühitə həddindən artıq zəzərli qaz ixrac edən avtomobil sahibləri də məsuliyyətdən yaxa qurtara billməyib.
Şəhər daxili sərnişin daşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılmış, edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbir görülüb.
Ay ərzində keçirilən reydlər zamanı ümumilikdə 200-ə yaxın inzibati protokol tərtib edilib.