Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində dayanma-durma və parklanma qaydalarını kobud şəkildə pozan sürücülərlə qarşı tədbirlər planına start verib. Avtosfer.az xəbər verir ki, plana uyğun olaraq Bakıda sürücülər arasında təbliğat işləri gücləndirilir, eyni zamanda, kobud qayda pozanlara qarşı inzibati tənbeh tədbirləri seçilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, tədbirlər çərçivəsində dayanma-durma və parklanma qaydaları ilə bağlı vəziyyət ətraflı təhlil ediləcək, problemlər öyrəniləcək.
Artıq dünən həyata keçirilən tədbirlər nəticəsində dayanma-durma qaydalarını kobud şəkildə pozan 600-dən artıq sürücü barəsində inzibati tənbeh tədbirləri seçilib.
Yol polisi sürücülərə bir daha xəbərdarlıq edir ki, Bakı şəhərində sıxlığın qarşısını almaq üçün dayanma-durma və parklanma qaydalarına riayət etmək vacibdir. Daha çox ikinci, üçüncü cərgədə və səkilərdə, piyada keçidlərində park edən sürücülər kobud qayda pozuntusuna yol verənlər sayılır. Onların bu davranışları həm digər nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkətinin qarşısını alır.
Vaqif Əsədovun sözlərinə görə, yol polisinin həyata keçirdiyi profilaktiki tədbirlər nəticəsində dünən paytaxt ərazisində tıxaclar azalıb, dəhşətli sıxlıq müşahidə edilməyib. Bu o deməkdir ki, sürücülər qaydalara əməl etsələr yollarda vəziyyət daha ürəkaçan olar.
Bu baxımdan yol polisi hesab edir ki, dayanma-durma və parklanma qaydalarının pozulması avtomatik olaraq digər sahələrə də təsir göstərir. Odur ki, hər bir sürücü bu qaydalara əmək etməklə həm özünə, həm də ətrafdakılara normal şərait yaratmış olur: “Ümid edirik ki, sürücülər yol polisinin bu xəbərdarlığını normal qəbul edəcək və qaydalara riayət olunacaq. Əks halda həmin sürücülər qanunla nəzərdə tutulmuş qaydada cərimələnəcək”.
Qeyd edək ki, yol polisi Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən dayanma-durma ilə bağlı qarşıya qoyulmuş vəzifələri mütamadi olaraq həyata keçirəcək.
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man