Şəhidlərin fotolarını maşına vurub qayda pozan sürücülərə XƏBƏRDARLIQ - FOTO

İctimai nəqliyyat 17 Avqust 2020 | 16:14
OXUNUB: 3950

Son vaxtlar şəhidlərimizin fotoşəkillərini avtomobillərinin şüşələrinə vuraraq şəhər küçələrində şütüyən gənc sürücüləri biz də görürük. Bunu həmin sürücülərin şəhidlərimizə hörməti kimi qəbul edirik. Amma bəzən elə hallara da rast gəlinir ki, belə sürücülərin bəzilərinin şəhid adına hörmətsizlik nümayiş etdirdiyinin şahidi oluruq. Son vaxtlar şəhidlərimizin fotoları vurulan maşınlarla kobud qayda pozan, yol polisi tərəfindən saxlandıqda “görmürsən, maşınımda şəhidlərin şəklini gəzdirirəm, hörmət elə, cərimə yazma” kimi sözlər deyirlər. Bəzən isə şəkilləri maşının elə yerlərinə vururlar ki, cırılır və ya üstü pis vəziyyətə düşür.

Bununla bağlı Avtosfer.az-ın suallarını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirdi ki, onların bu hərəkətləri vətən uğrunda canından keçmiş qəhrəmanlarımızı hər zaman xatırlamaq məqsədini daşıyırsa bu, çox qürurverici haldır: “Amma gəlin onu da unutmayaq ki, şəhidlərimizin fotoşəkillərinin yeri gündən qorunmaq üçün pərdə əvəzi avtomobillərin arxa və ya yan şüşələrində deyil, daha mötəbər yerlərdə, o cümlədən kitablarda, jurnallarda, dərsliklərdə olmalıdır ki, bu da mövcuddur. Bu gün ölkəmizdə elə şəhər, elə rayon, elə bir kənd yoxdur ki, orada şəhidlərin xatirəsinə “Şəhidlər parkı”, “Şəhidlər bulağı” və ya “Şəhidlər güşəsi” olmasın. Şəhidlərin ruhuna hörmət milliyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Amma avtomobildə bu şəkillərin müxtəlif məqsədlərlə istifadə olunması düşünmürük ki, onların ruhuna hörmət əlamətini ifadə etsin. Məsələn, indi elə bir sürücüyə rast gələ bilmərik ki, o təsadüfən də olsa yol hərəkəti qaydasını pozmasın. Bir anlıq təsəvvür edin, siz hörmət əlaməti olaraq şəhidin şəklini avtomobilə vurmusunuz və bilmədən, yaxud istəmədən qaydaları pozmaq məcburiyyətində qalmısınız. O halda sizi görən digər insanlar nə düşünəcək?

Qeyd edim ki, belə avtomobil sürücülərinin törətdikləri qayda pozantuları ilə əlaqədar avtomatik rejimdə qeydə alınmış fotoşəkillər də mövcuddur. Onlarda yalnız bir fikir yaranacaq ki, şəhidin şəklindən məqsədli şəkildə sui-istifadə edir. Məhz belə halların baş verməməsi üçün qəhraman şəhidimiz Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da Baş DYP İdarəsinə etdiyi müraciətdə gənc sürücülərimizin şəhidlərimizə olan sayğılarını, sevgilərini yüksək qiymətləndirdiyini, lakin bəzi sürücülərin şəhid şəkilləri vurulmuş avtomobillərlə yol hərəkəti qaydalarının pozulmasının əleyhinə olduğunu və bunun yolverilməz olduğunu bildirib. Və onun müraciəti təkcə öz oğlu ilə bağlı deyildi. O, bütün şəhidlərimizin ruhuna ehtiramla, hörmətlə yanaşmağı xahiş edərək həmin şəkillərin avtomobilin gündə qorunan və ya tez-tez çirkab dəyən yerlərində deyil, salonunda yerləşdirilməsini daha uyğun hesab edib.

Odur ki, əziz gənclərimiz bilsinlər ki, şəhidlərə olan sevgilərinə biz polislərin də heç bir şübhəsi yoxdur, lakin bu sevgini, bu hörməti yol təhlükəsizliyinə təsir edə biləcək hər hansı vasitələrlə deyil, onların uğrunda şəhid olduqları dövlətin qanunlarına əməl etməklə, düşmənlərimizin ölkəmizə qarşı apardığı çirkin siyasətin, sosial şəbəkələrdəki erməni əkstəbliğatının qarşısının alınmasında aktivlik göstərməklə və hər zaman ordumuza dəstək verməklə ifadə etsələr həm şəhidlərimizin ruhu şad olar, həm də özlərini bu dövlətin, bu vətənin, bu xalqın müdafiəsində durmuş qəhraman bir əsgər kimi hiss edərlər.

Müraciətimizi anlaşıqlı şəkildə qəbul edən hər kəsə münnətdarlığımızı bildirir və ümid edirik ki, əqidəsindən, həyata baxışlarından asılı olmayaraq sözlərimizə heç bir siyasi rəng verilməyəcək”.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man