Oxuculardan biri Avtosfer.az-a müraciət edərək yaşadığı problemi bölüşüb. Belə ki, son bir il ərzində texniki baxışdan keçmədiyi üçün ona hər 20 gündən bir 50 manat cərimə tətbiq olunub. Nəticədə ümumi məbləğ 700 manatı ötüb. Vətəndaş deyir ki, bu hadisədən yaxın iki gün ərzində xəbər tutub. AsanPay-də elektron qeydiyyatı olmağı üçün sürücü hər hansı bildiriş də əldə edə bilməyib.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu halda sürücü məsuliyyətsizliyi önə çıxır. "Yol polisi dəfələrlə xəbərdarlıq edir. Amma sürücülər buna məhəl qoymurlar. Hazırda müasir tələblərə uyğun texnologiya var. Yəni, bunu öyrənmək o qədər də çətin bir proses deyil. AsanPay-da qeydiyyatdan keçməklə bunu pulsuz şəkildə öyrənmək mümkündür."
Ekspert sürücülərə diqqətli olmağı da tövsiyə edib. "Əgər kimsə müasir texnologiyalardan yararlana bilmirsə ən azından yol polisindən bunu soruşa bilər. Yəni, diqqəti olmayanda bu cür ağır vəziyyətdə düşürsən."
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, sürücülərə istər texniki baxışla bağlı, istərsə də digər cərimələrlə əlaqədar SMS bildirişlər göndərilir. "Ona görə tövsiyə edirik ki, gələn mesajları diqqətlə oxusunlar. Sürücülər diqqətli olmalıdır ki, ailə büdcəsinə bu cür ziyan vurmasınlar. Əgər xəbərdarlıq olunubsa həmin şəxs cəriməni ödəməyə məcburdur."
Şöbə rəisi bildirib ki, cərimə yalnız bir halda ləğv oluna bilər. "Əgər sürücü bununla bağlı hər hansı bildiriş əldə etməyibsə o halda rəsmi şəkildə yol polisinə müraciət edə bilər. Nəzərə almaq lazımdır ki, müasir dövrdə bütün elektron sistem dəqiqə və saniyəsinə kimi qeyd olunur. Yəni, SMS-i silməklə "mənə mesaj gəlməyib" iddiası irəli sürmək də mümkün deyil."
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man