Aprelin 19-da saat 10 radələrində Qəbələ rayonu ərazisində Yusifov Nəsir Yusif oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qəbələ rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, aparılan araşdırmalarla Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Qəbələ yarımstansiyasının ustası Nəsir Yusifovun iş yerində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.