Azərbaycanın Qarabağ bölgəsində - Rusiya sülhməramlılarının müvəqqəti xidmət apardıqları ərazilərdə yaşayan ermənilər növbəti dəfə özbaşınalığa cəhd edirlər.
Sosial şəbəkənin Ermənistan seqmentində yayılmış elanda Xankəndidə festival hazırlığından xəbər verilir. “Sunrise Festival” təşkilatçılarının Livan və Rusiyadan Qarabağa köçmüş ermənilər Şuşan Keşişyan və Lilit Akopyan olduqları bildirilir. Onlar iyunun 24-dən iyulun 3-nə qədər Xankəndidə sərgi, konsertlər, film nümayişləri və s. təşkil etmək fikrinə düşüblər. Üstəlik, burada erməni diasporunun nümayəndələrinin iştirak edəcəkləri də qeyd olunur.
Ermənilərin özbaşınalığını hələlik bir kənara qoyaq, keçək bunu doğuran səbəblərə...
İlk növbədə burada Rusiya sülhməramlılarının fəaliyyətindəki nöqsanları vurğulamaq lazımdır. Hər halda onlar hansı dövlətin ərazisində xidmət apardıqlarını yaxşı bilirlər. Onu da bilirlər ki, Azərbaycan ərazisində dövlətimizin icazəsi olmadan hər-hansı bir tədbirin keçirilməsi heç bir prinsipə sığmır. Belə olan halda isə sülhməramlıların bu cür laqeyd davranışı növbəti dəfə onların qeyri-peşəkarlığı və yarıtmaz fəaliyyəti ilə birbaşa əlaqələndirilə bilər.
Xidmətlərində analoji qaydada onlarla qalmaqalla yadda qalan Rusiya sülhməramlıları missiyaları kimi özlərinin də bu ərazilərdə müvəqqəti olduqlarını unutmamalıdırlar. Çünki vəzifəsi, əslində, sülhə töhfə vermək olan bu kontingent öz yarıtmaz fəaliyyəti ilə hələ də təxribatlarından əl çəkməyən ermənilərin dəyirmanına su tökür. Ermənilər isə bu vəziyyətdən hər zaman istifadə etməyə çalışırlar... Odur ki, buradan daha bir səbəbi ortaya çıxarmış oluruq.
Bu, ermənilərin arasında dinc həyatı deyil, təxribat və xaosu istəyən separatçı qüvvələrin destruktiv fəaliyyətidir. Ermənilər bu cür təxribatlara yol verməklə Azərbaycan tərəfinin sinir ucları ilə oynamağa cəhd edirlər. Ümumiyyətlə, bu cür qüvvələrin fəaliyyəti birmənalı olaraq regionda süni gərginlik yaranmasına hesablanıb.
Regionun əsas hərbi-siyasi gücü olan Azərbaycan isə istənilən prosesləri diqqətlə izləyir və adekvat tədbirlər görür. Yaxın keçmişdə Laçın dəhlizindən geri qaytarılan erməni maşınları kimi nümunələri xatırlamaq kifayətdir.
44 günlük müharibədə döyüş meydanında tarixi Zəfər çalan Azərbaycan dövləti postmünaqişə dövründə sülh üçün səylərini əsirgəmir. Azərbaycan şərtləri diktə edən tərəf olsa da, dövlətimiz beynəlxalq hüququn prinsiplərinə daim hörmətlə yanaşır, müəyyən məsələlərdə humanizm mövqeyindən çıxış edir. Bu həm də Azərbaycanın qlobal arenadakı etibarlı tərəfdaş imicini möhkəmləndirir. Təbii ki, hər bir proses özünəməxsus çərçivələr daxilində icra olunur.
Bu o deməkdir ki, Qarabağda yaşayan ermənilərin birbaşa və ya kimlərinsə əli ilə təxribata əl atmaq cəhdləri, özbaşınalıq fikrinə düşmələri Bakının diqqətindən kənar qalmır. Azərbaycan istənilən məqamda ermənilərə daha bir qulaqburması verməyə qadirdir. Üstəlik, bu zaman öz yarıtmaz fəaliyyətləri ilə ermənilərə “yaşıl işıq” yandıran sülhməramlılar özləri erməni maşınlarını gəldikləri istiqamətdə geri göndərməli olacaqlar. Necə deyərlər, Bakı heç öz əlini bu işə bulamadan təxribatçıları növbəti dəfə cəzalandıra bilər.
Əgər ermənilər israrla harada olduqlarını, söz sahibinin kim olduğunu anlamaq istəmirlərsə, bunu izah etmək, növbəti dəfə xatırlatmaq Azərbaycan üçün olduqca sadə bir prosesdir.
Bir halda ki erməni diasporunun hansısa nümayəndələri İrəvandan avtobusa minib Qarabağa gəlmək, Qarabağdakı ermənilər də həmin “qonaqlar” üçün icazəsiz “festival” təşkil etmək fikrinə düşürlər, o zaman məsələyə adekvat cavabın veriləcəyini gözləmək olar. O zaman Xankəndidə günün doğuşunu izləmək istəyən diaspor ermənisi bu arzusunu yenə də reallaşdıra bilər. Ancaq dəhlizin girişində, əlinə teleskop alıb baxmaqla... Əgər separatçı və təxribatçı ünsürlər özbaşına olduqlarını düşünürlərsə, onlara öz yerlərini göstərəcək qüdrət hər zaman Azərbaycan dövlətində var. Həmin qüdrət Azərbaycan torpaqlarında heç kimin Bakının iradəsinə zidd davranmasına imkan verməyəcək!
oxu.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man