Pərviz Heydərov yazır...
Dünyanın hər yerində olduğu kimi ölkəmizdə də turizm tədricən bərpa olunur. 2020-ci ildə pandemiya ən çox turizm sektoruna zərbə vurdu. Azərbaycanda da həmin ilədək turizm çox sürətlə inkişaf edirdi. Xüsusən, 2018-ci ildə ölkəmizə gələnlərin sayı rekord həddə idi. 2 milyon 800 mindən çox qonaq gəlmiş və 2 milyard ABŞ dollarından yuxarı vəsait xərcləmişdilər. 2019-cu ildə bu rəqəm endi, sonrakı il ərzində isə hər şeyə “balta çalındı”.
Ümumiyyətlə, turizm qeyri-neft-qaz sektorunun ən çox gəlir gətirən sahəsi olduğu üçün ölkəmizdə sözügedən sahənin inkişafı və genişlənməsi üçün vaxtilə çoxlu investisiyalar yatırılıb, müvafiq infrastruktur qurulub, eyni zamanda bir sıra mühüm tədbirlər həyata keçirilib.
Tədbirlərdən söz düşmüşkən, təsadüfi deyil, ölkəmizdə indiyədək baş tutan xüsusən, beynəlxalq idman yarışlarının keçirilməsində əsas məqsəd özümüzü və məmləkətimizi dünyaya tanıtmaq olsa da, bütün bunlardan həm də iqtisadiyyatın inkişafı üçün çox böyük töhfələr əldə olunub. Həmin tədbirlər fonunda həyata keçirilən işlərdən həm siyasi, həm də iqtisadi fayda götürülüb.
Ancaq nədənsə buna həmişə həm daxildə, həm də xaricdə “ağızəyənlərimiz” çox olub və indi də var. Məsələn, Bakıda hər dəfə “Formula-1” Azərbaycan Qran-pri yarışları keçirilən ərəfədə buna rast gəlinir. Halbuki, təkcə “Formula-1”-in iqtisadiyyatımız və o cümlədən, onun turizm sektoru üçün nələr verdiyini izah etməyə ehtiyac yoxdur.
“Formula-1” (ingiliscə: Formula One World Championship) – açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. “Formula-1” üzrə dünya çempionatı hər il keçirilir və Qran-pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.
İlk dünya çempionatının birinci yarışı 1950-ci il may ayının 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışır, sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.
Təkcə bir faktı qeyd edim ki, 2016-cı ildə keçirilmiş birinci “Formula-1” yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artmışdı. Bu baxımdan, ölkəmizdə müxtəlif tipli beynəlxalq yarışların keçirilməsinə istehza ilə yanaşanlar bəlkə də bilərəkdən nəzərə almırlar ki, turizmin inkişafı üçün müvafiq infrastrukturun yaradılması məsələnin birinci tərəfidir. İkinci tərəf isə ondan ibarətdir ki, ölkəyə turistlər cəlb edilsin. Belə ki, ölkəmizi dünyaya təqdim etmək, mövcud potensialımızı əyani göstərmək və s. bizim üçün çox vacib olan elementdir.
“Formula-1” Azərbaycan Qran-prisinin keçirilməsinə dair müqavilə 2024-cü ilədək müddəti əhatə edir. Və bu yarış Azərbaycanda artıq neçə illərdir keçirilən müxtəlif mötəbər beynəlxalq idman tədbirlərindən biri sayılır.
Burada məqsəd ölkəmizin dünyada tanıtmaq, xarici turistləri cəlb etmək və beləliklə də, iqtisadiyyatımıza əlavə vəsait qoyuluşuna nail olmaqla gəlirlərimizi artırmaqdan ibarətdir.
“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı araşdırmaya görə, ötən ilk 4 yarış nəticəsində ölkəmiz ümumən 506 milyon 300 min ABŞ dolları məbləğində vəsait qazanıb.
Söhbət, turizm, mehmanxana və nəqliyyat sektorundan gedir. Bu sıraya həmçinin, digər xidmət sahələri, o cümlədən restoran, poçt və telekommunikasiya, hətta tikinti sektoru da daxildir.
Təsadüfi deyil, builki “Formula-1” Azərbaycan Qran-prisi yarışları ərəfəsində Bakının mərkəzində yerləşən bütün hotellərdə tələbin yüksəlməsiylə əlaqədar qiymətlər xeyli qalxıb. Adi taksi xidmətində ciddi hərəkətlilik yaranıb ki, sürücülərin gündəlik qazancları çoxalıb. Həmçinin, bank xidmətlərinə tələb genişlənib və sair.
Yeri gəlmişkən, cari “Formula-1” yarışması üçün biletlərin qiymətləri yerli azarkeşlər üçün 90-970 manata kimi, xaricilər üçün isə bundan 20-25 faiz yüksək təklif olunurdu.
Bütün bunlar əlavə pul, xarici valyuta və sözügedən sahələrin inkişaf etməsi üçün stimul deməkdir. Dövriyyənin sürətlənməsi, iqtisadi artıma təkan, sonda dövlət büdcəsinə əlavə gəlir gəlməsi deməkdir. Həmçinin, valyuta bazarında müsbət tənzimlənməyə dolayı yol açılmasıdır.
Bu yerdə, 2015-2016-cı illərdə neftin dünya bazar qiymətlərinin enməsi nəticəsində valyuta bazarımızda yaranan gərginliyi yada salmaq kifayətdir. 2016-2018-ci illərdə ölkəyə turist axının birdən-birə genişlənməsi xeyli köməyə çatdı.
Bəli, turizm həm də çox güclü rəqabət sahəsidir. Belə ki, bu sahədə qonşu ölkələrdəki vəziyyəti də diqqət mərkəzində saxlamalıyıq. Xarici turistlərin cəlbində qonşu Gürcüstan və Türkiyə ilə müqayisədə mövqeyimizi əldən verməməli, ölkəmizə gələn turistlərin daha çox olmasına və vəsait xərcləmələrinə nail olmalıyıq.
Doğrudur, ölkəmiz pandemiyanın yaratdığı durğunluqdan çoxdan xilas olub. Lakin, “Formula-1” Azərbaycan Qran-prisinin ölkəmizə real qlobal iqtisadi fonda bu il daxil olmaqla, gələn illər üçün də faydası böyük olacaq.
Ümumiyyətlə, builki yarışma əvvəlki illərdən daha çox əhəmiyyətlidir, ən azı o baxımdan ki, son iki illik fasilədən sonra turizmdə sürətli inkişaf bərpa olunacaq.
Dövlət başçımız İlham Əliyev vaxtilə çıxışlarının birində qeyd edib ki, turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz, əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələrimiz var.
Təbiətimizin gözəlliyi isə bir başqa mövzudur.
“Formula-1” yarışması 44 günlük Vətən müharibəsindən, torpaqlarımız işğaldan azad olunmasından sonra keçirilən ilk “Formula-1” yarışmasıdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man