Paytaxt yollarının bitməyən tıxac dərdi: Problemi necə həll etməli?

Gündəm 09 İyun 2022 | 22:46
OXUNUB: 1091

Vətəndaşlara ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə edilir .

Formula 1 üzrə Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Bakı şəhərinin bir sıra küçə və prospektləri hərəkətə bağlanmış və paytaxtın mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilmişdir. Hazırda nəzərdə tutulan zolaqların daralması, parklama imkanlarının tam məhdudlaşması mərkəzi ərazidə, eləcə də paytaxtın cənub qapısı sayılan Bakı-Salyan yolu istiqamətində günün pik saatlarında ciddi yüklənmələrə səbəb olur. Bu da paytaxt yollarının onsuz da gərgin olan hərəkət dinamikasına təsirsiz ötüşmür. Nəticədə zəncirvari effektlə digər küçə və prospektlərdə də yüklənmələr və yollarda tıxac yaranır.

Yollardakı sıxlığı azaltmaq üçün nə etməli?

Ekspertlər  tövsiyə edirlər ki, vətəndaşlarımız cənub istoqamətindən mərkəzə doğru, yəni Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü km-liyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər. Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə  Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə mərkəzə doğru hərəkət etsinlər.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçirilən “Formula-1 2022 Azərbaycan Qran-Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, habelə ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, idmançı və texniki heyətin, eləcə də yerli azarkeşlərin və əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iyunun 6-dan 13-dək  Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini tövsiyə edir.  Paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, xüsusilə treykin keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını nəzərə alaraq şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə, yola çıxmamaları xahiş olunur. Eyni zamanda,  rayonlardan paytaxta ərzaq və kənd təsərrüfatı məhsulları daşıyan sürücülərin nəzərinə çatdırılır ki, həmin mallar şəhərə yalnız gecə saat  01:00-dan səhər saat 06:00-dək daşınmalı, yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir.   

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi  Formula 1-lə bağlı əhaliyə müraciətində vurğulayıb ki, Formula 1-in Azərbaycan Qran-Prisinin davam etdiyi günlərdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün zəruri tədbirlər görülür. Bu çərçivədə əvvəlcədən də məlumat verildiyi kimi, yarış həftəsi məhdudiyyətin tətbiq olunduğu müddətdə 20 müntəzəm marşrut xətti üzrə  1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli  avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi üzrə müəyyən olunan intervalla maneəsiz hərəkətini təmin etmək üçün ciddi zərurət yaranmadığı halda, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitəsilə səyahət etməmək tövsiyə olunur. Daha çox ictimai nəqliyyata üstünlük verilməsi yollarda hərəkətin maneəsiz təşkili, eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.

Az qalıb, səbrli olun...

Nəqliyyat eksperti Elməddin Muradlı sözügedən mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, Formula 1-lə əlaqədar hərəkətin təşkilində edilən dəyişikliklərlə yanaşı, aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq vətəndaşlara müraciətlər edilir. Məlumatlar verilir ki, hansı küçələrdə  yollar bağladır, alternativ yol kimi hansı küçələrdən istifadə etmək olar. Doğrudur,  bəzən alternativ yollarda da sıxlıq yaranır.

Həmsöhbətimiz qeyd etdi ki, artıq hərəkətin təşkili  ilə bağlı zəruri addımların atıldığını müşahidə edirik: “Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir. Nizamlayıcı qismində yol patrul xidmətinin əməkdaşlarının verdiyi bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, vətəndaşlarımız  daha çox ictimai nəqliyyata üstünlük verməlidirlər. Ayın 14-dən  bütün yollar açılacaq. Sürücülərimiz, sərnişinlərimiz mümkün qədər səbrli olmalıdır. İnşallah ki, növbəti illərdə daha da yaxşı və təkmil formada bu işin öhdəsindən gələ biləcəyik.”

Tıxaclardan bezən, gedəcəyi ünvana daha tez çatmaq istəyənlər xüsusilə bu dönəmlərdə metroya daha da çox üstünlük verirlər. Bu da metro istifadəçilərinin sayının artmasına, sıxlıq yaranmasına səbəb olur. Maraqlıdır, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tıxaclardan qaçan sərnişinlərin metroda da sıxlıqla üzləşməməsi üçün hansı tədbirlər görür?

Metro ehtiyat qatarlar ayırıb

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  “İki sahil”ə açıqlamasında bildirdi ki, pandemiya ilə əlaqədar olaraq Bakı Metropoliteni davamlı olaraq gücləndirilmiş iş rejimində çalışır: “Ümumiyyətlə, adi günlər metronun gücləndirilmiş iş rejimi əsasən sərnişin axını olan istiqamətlər ilə bağlı olur. Bu məsələlərə  xüsusi yanaşılaraq metropoliten infrastrukturu, o cümlədən qatarların hərəkəti ilə bağlı məsələlərə xüsusi baxılır. Formula 1 ilə əlaqədar olaraq metropolitenin infrastruktur hazırlığı baxımından da müvafiq tədbirlər görülüb. Ümumiyyətlə, metronun gücləndirilmiş iş rejiminin xüsusiyyətlərində bəzi dəyişikliklər gözlənilir. Bu gücləndirilmiş iş rejimi əlavə işçi qüvvəsinin ayrılması ilə nəzarətin gücləndirilməsidir. Xüsusilə yarışın keçiriləcəyi məkana yaxın olan stansiyalarda bu məsələlər xüsusi yanaşılacaq.”

Həmsöhbətimiz diqqətə çatdırdı ki, hazırda metropolitenin qatarları optimal hərəkət qrafiki ilə təmin olunub.  Bu isə o deməkdir ki, gur saatlarda metropoliten xətlərində qatarlar 2 dəqiqəlik intervalla hərəkət edirlər. Formula 1-lə əlaqədar mümkün dəyişikliklərdən biri də ehtiyat qatarların nəzərdə tutulması ilə bağlıdır.  Yarışın keçirildiyi müddətdə müvafiq dəyişikliklər olacaq. Ehtiyat qatarlar hazır, saz vəziyyətində saxlanılacaq. Onların xəttə çıxması üçün müvafiq planma artıq qüvvədədir. Bütün bunları nəzərə alaraq əmin ola bilərsiniz ki, bu vaxt qədər keçirilmiş kütləvi tədbirlərdə olduğu kimi, Formula 1 yarışları zamanı da Bakı Metropoliteni sərnişinlərinə nümunəvi  xidmət göstərəcək.”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man