Rusiya "Bayraktar TB2" zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya satılması ilə bağlı Türkiyəyə narahatlığını bildirib.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan Türkiyə rəsmisinə istinadən məlumat yayıb.
O bildirib ki, Rusiya rəsmiləri görüşlərdə PUA-ların satılmasından şikayətlənir və əsəbləşirlər.
"Amma biz onlara cavab veririk ki, bunlar özəl şirkətlər tərəfindən satılır və bu dron alışları müharibədən əvvəl də həyata keçirilib", - deyə rəsmi qeyd edib.
Türkiyə Rusiya ilə enerji, müdafiə və ticarət sahələrində sıx əməkdaşlıq edir. Buna baxmayaraq, Ankara və Moskva Liviya və Suriya münaqişə bölgələrində əks tərəfləri dəstəkləyir. Türkiyə Rusiyanın Ukraynaya hücumunu pisləyir, ancaq Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalara qoşulmur.
Qeyd edək ki, Ukrayna Rusiyanın hücumundan əvvəl Türkiyənin "Baykar" şirkətindən PUA-lar alıb. Eyni zamanda PUA-ların birgə istehsalı ilə bağlı tərəflər arasında müqavilə imzalanıb.