Son günlər paytaxt ərazisində elektroskuter sürənlərin sayı artıb. Skuterlər şəhəri cənginə alıb desək, yanılmarıq. Sürətlə parkda, yollarda hərəkət edən bu nəqliyyat vasitəsi insanlar və onu idarə edənlər üçün təhlükə yaradır. Türk Ortopediya və Travmatologiya Mütəxəssisi Hakan Turan Çift ciddi ortopedik zədələrin qarşısını almaq üçün qoruyucu vasitələrdən istifadənin vacib olduğunu bildirib. Xüsusilə son illərdə bütün dünyada olduğu kimi ölkəmizdə də artan elektrik skuterlərindən istifadə bəzi riskləri də özü ilə gətirir. Araşdırmalar göstərir ki, elektrikli skuter qəzalarının təxminən yüzdə 50-si ortopedik xəsarətlərlə nəticələnir.
Mütəxəssis qeyd edib ki, elektrikli skuterlər (elektron skuterlər) 2017-ci ildə istifadəyə verildikdən sonra şəhər sakinləri üçün mühüm nəqliyyat vasitəsinə çevrilib. Üstəlik, sıx məskunlaşan şəhərlərdə, xüsusən də qısa məsafələr üçün ictimai nəqliyyata alternativ yaradır və onlar elektriklə işlədiyi üçün havanın çirklənməsinin qarşısını alır. Xüsusilə böyük şəhərlərdə istifadə nisbətinin artması ilə yaralanma nisbətlərində artım olduğuna diqqət çəkən Hakan Turan Çift, “Elektrikli skuter qəzalarında ciddi artımlar müşahidə olunur. Bu yaralanmalara daha çox 18-44 yaş arası olan kişilərdə rast gəlinir. Bundan əlavə, istifadə üçün qanunla müəyyən edilmiş minimum yaş həddinin olmaması da qəza baxımından risk yaradır.
Qoruyucu avadanlıq tələb olunur.
Biz görürük ki, skuter qəzası ilə bağlı xəsarətlər çox vaxt çiyin, dirsək və əllər kimi yuxarı ətraflarda, diz oynağının ön çarpaz bağlarında, baş və ya üz nahiyəsində olur. Bununla belə, aşağı ətraflarda omba sınıqları müşahidə olunur. Ən çox qırılan sümük biləkdəki Radius sümüyüdür və gips ilə müalicə oluna bilən bir problemdir. Yaralıların təxminən 80-90 faizi təcili yardımdan evə göndərilir, 10-20 faizi isə əməliyyat üçün xidmət və ya reanimasiya şöbəsinə yerləşdirilir. Ayaq kimi aşağı, qol və əl kimi yuxarı ətrafın sınıqlarından 2 dəfə çox xəstəxanaya yerləşdirilir” deyib.
Qaydalar lazımdır
Qoruyucu vasitələrdən istifadəyə mütləq təşviq edilməli, bəzi avadanlıqların (dəbilqə, bilək, dirsək və diz qoruyucuları və s.) istifadəsi məcburi olmalıdır. Sürücülərə həm öz təhlükəsizliyi, həm də ekoloji təhlükəsizlik baxımından bəzi hüquqi sanksiyalar tətbiq edilməlidir. Spirtli içki qəbul etdikdən sonra istifadə edilməməlidir, sərnişinlərin sayı yalnız 1 nəfər olmalıdır.
Bəs, təhlükə yaradan skuterlərlə bağlı nə etmək lazımdır? SİA məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənərək araşdırma edib.
Nəqliyyat eksperti Elməddin Muradlı: “Elektroskuterlərin fəaliyyəti ilə bağlı narahatlıq doğuran hallar var. Son vaxtlar vətəndaşların daha çox maraq göstərdiyi ekoloji təmiz nəqliyyat növlərindən biri olsa da, çox təəssüf ki, insanlar onu düzgün istifadə etmək əvəzinə sanki bir təhlükə mənbəyinə çeviriblər.
Bu baxımdan düşünürəm ki, hər bir nəqliyyat vasitəsi öz təyinatına uyğun istifadə olunmalıdır. Skuterlərin də təyinatı sadəcə insanları rahat şəkildə bir nöqtədən digərinə çatdrımaq üçün nəzərdə tutulub. Bizdə isə təəssüflər olsun ki, bəziləri şou göstərmək üçün istifadə edir. Məsələn, Milli Parkın ərazisində, Tarqovuda, mərkəzi küçələrdə hərəkət etmək olmur. Bir də baxırsınız ki, gəzdiyiniz yerdə bir qrup gənc skuterlə doluşur insanların arasına.
Ona görə də bu istiqamətdə ciddi təbliğat işlərinə ehtiyyac var. Təbliğat böyük bir təsir vasitəsidir. İnsanlar dərk etməlidir ki, bu nəqliyyat növü nə üçündür və harada istifadə olunmalıdır. Belə olan halda irəliləyiş əldə edə bilərik.
Mən skuterlərin artımına qarşı deyiləm. Lakin düzgün istifadə etməmələri narahatlıq doğurur. Sanki ölümə gedərcəsinə avtomobillərin arasına girirlər. Onların əksəriyyəti də gənclərdir və adrenalin çıxarmağa çalışırlar.
Bu istiqamətdə ciddi işlər görülməli və onların da normal hərəkəti üçün şərait yaradılmalıdır. Məsələn, velosiped yolları üçün xüsusi yollar ayrılır və gələcəkdə onları yönləndirməliyik ki, bu yollardan istifadə edə bilsinlər. Rahat və təhlükəsiz imkanlar yaratmaq olar”.
Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin, o cümlədən də elektrik skuterlərin son zamanlarda sayının çoxalmasının şahidi oluruq. Bu normal bir haldır. Çünki bütün dünyada olduğu kimi paytaxt Bakıda da ətraf-mühitin qorunmasına xüsusi önəm verilir. Ona görə də bu tipli nəqliyyat vasitələrindən istifadə etmək arzuolunandır və alqışlanmalıdır.
Amma təəssüflər olsun ki, Azərbaycanda hər dəfə olduğu kimi qabaqcıl texnika və təcrübələrdən mənfi istiqamətdə istifadə etmə halları ilə rastlaşırıq. Xüsusən də paytaxt ərazisində elektroskuterlərin onlara qoyulan normalardan aşan sürətlə hərəkət edilməsi, onların təhlükəli şəkildə idarə edilməsi, yaşından asılı olmayaraq istənilən şəxsin bu vasitədən istifadə etməsinə qadağa qoyulmaması halları ilə rastlaşırıq.
Paytaxt küçələri çox dardır və nəqliyyat vasitələrinin sayı həddindən artıq çoxdur. Bizdə iri tutumlu və hündür avtomobillərdən daha çox istifadə olunur. Buna görə də bu kiçik və çevik nəqliyyat vasitəsindən istifadə halları müəyyən problemlər yaradır. Bu baxımdan da motosiklet və skuterlərlə kuryerlik edən şəxslərin təhlükəli idarə etməsi ilə rastlaşırıq. Onlar çox təhlükəli manevrlər edirlər. Bu səbəbdən də tez-tez qəzalar baş verir.
Bakıda dünyada aktual olan velosiped yolları salınır. Düşünürəm ki, bu yolu bir qədər genişləndirib skuterlər üçün də yararlı etmək olar. Az enerji sərf etməklə, insanları istədiyi yerə aparacaq bu cür yeni texnikadan mütləq istifadə etmək lazımdır. Lakin bunlar üçün yol sturukturu yaradılmalıdır.
Yol qanunvericiliyində bu tip nəqliyyat vasitələri ilə bağlı müəyyən aktlar dəqiqləşdirilməlidir. Cəza mexanizmi olmalıdır. Bunların qarşısını almaq çox vacibdir. Çünki əgər almasaq, yaxın gələcəkdə ekologiyanı qorumaq adı ilə insanlarımızın həyatının təhlükə altına alınması ilə üzləşə bilərik”.
Şəhər sakinləri isə skuterlərlə bağlı olan fikirlərini bu cür ifadə edib.
Şəhər sakini Arzu Rövşən: “Əyləncə məqsədi ilə sürülsə də təhlükə yaradır. Çünki həm nəqliyyat vasitələrində çaxnaşmaya, həm də insanların sağlamlığı barəsində mənfi nəticələrə səbəb ola bilər.
Düşünürəm ki, elektroskuter sürənlər üçün çaxnaşma yaradacaq məkanlara cərimə tətbiq olunsun, yaxud ayrıca sahə ayrılsın. Bu insanların təhlükəsizliyi üçün vacib amillərdən biridir”.
Şəhər sakini Bənövşə Feyziyeva: “Onlar təhlükə yaratmır. Məncə onların sürülməsi üçün şərait yaradılsa daha yaxşı olar. Belə də havaya çirkli qaz buraxılmaz və təmiz olar”.
Şəhər sakini Paşa Məmmədov: “Düşünürəm ki, skuterlərin hərəkəti çox narahatlıq yaradır. Çıxırıq dəniz kənarına biraz hava alaq beynimiz dincəlsin. Lakin adamın sanki üstünə çıxırlar. Düşünürəm ki, bu barədə ciddi cəza tədbirləri tətbiq olunmalıdır. Çünki insanlar körpə uşaqları ilə də rahat gəzinti edə bilmir”.
Şəhər sakini Aliyə Qarayeva: “Mən bu nəqliyyat vasitələrindən çox qorxuram və övladıma da icazə vermərəm”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man