Helikopter qəzasından sağ çıxan polkovnikin bacısından səs-küylü yazı - FOTO

Gündəm 07 Mart 2022 | 16:53
OXUNUB: 526

2021-ci ilin noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdı. Helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdı. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixində ən böyük aviasiya qəzasıdır.

Qəzadan sağ çıxan iki nəfərdən biri polkovnik-leytenant Emil Cəfərov idi. O, ağır bədən xəsarətləri alsa da, həyatda qalmışdı. Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir. Bunlardan İkinci Qarabağ müharibəsində də istifadə olunub. E.Cəfərov, həmçinin helikopterin pilotu barədə danışarkən onun birinci dərəcəli pilot olduğunu bildirib, "canlı əfsanə" adlandırmışdı.

DSX-nin rəhbəri Elçin Quliyev pilot Füzuli Cavadovun təcrübəli olduğunu vurğulamış, onun Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, helikopterin, demək olar, yeni olduğunu və qısa müddət əvvəl onda təmir işləri aparıldığını bildirmişdi. DSX-nin döyüş növbəsinə çıxan aviasiya vasitələri uçuşdan əvvəl texniki baxışdan keçirilir. Döyüşə hazır olması ilə bağlı raport qəbul edildikdən sonra helikopter tapşırığa göndərilir. Helikopterlər tapşırığı yerinə yetirdikdən sonra isə təkrar yoxlanışa qayıdır, yenidən döyüşə hazır vəziyyətə gətirilir.

Emil Cəfərovun hospitalda televiziyaya verdiyi müsahibədən sonra sosial şəbəkələrdə onunla bağlı əks-təbliğat aparıldı. Bir çoxları iddia edirdi ki, o, hadisə zamanı helikopterdə olmayıb. Bir başqa qrupun iddiasında deyilirdi ki, Emin Cəfərov müsahibə zamanı yalan danışıb. Guya helikopter raketlə vurularaq düşürülüb. Hüquq mühafizə orqanlarının ilkin rəyində hadisənin kənar müdaxilə olmadan baş verdiyi deyilirdi. Araşdırmaların sonrakı nəticələrində isə birmənalı olaraq vurğulandı ki, faciə pilotaj xətası ucbatından baş verib.

Faciəvi hadisə zamanı yaralanan Emil Cəfərovun bacısı Nigar Cəfər öz Facebook hesabında sözügedən qəzadan sonra yaşadıqları, qardaşına olan hücumlar və digər məqamlarla bağlı status paylaşıb.

Jurnalist N.Cəfər bildirib ki, uzun müddət sosial şəbəkələrdən uzaq qalıb və bir çox məsələ barədə fikirlərini açıqlaya bilməyib. Hadisə haqda indi fikirlərini açıqlamaq qərarına gələn N.Cəfər qəza baş verən gün ailəsinin çox sarsıntı keçirdiyini, qardaşının sağ qalmasına ümidlərinin olmadığını qeyd edib.

Jurnalist həmin məqamı bu cür təsvir edib:

"Həmin günü necə ağır idi, necə əzablı idi, onu ancaq bizim ailəmiz bilir və yaxınlarımız bilir. Həmin gün Emilin yanına çatana qədər hamımız müxtəlif dərəcələrdə ölmüşdük. Heç birimiz Emili sağ görəcəyimizi düşünmürdük, amma gördük. Emil sağ idi, amma cismən... Çünki yanında 14 yoldaşı şəhid olan adam ruhən heç vaxt normal ola bilməz. Mən Emili atamız öləndə görmədiyim qədər üzgün, çökmüş gördüm həmin gün".

N.Cəfər hadisənin səhəri günü qardaşının televiziyaya müsahibəsindən sonra hücuma məruz qaldığını bildirib. O, Facebook statusunda yazıb ki, əsl dəhşət müsahibənin efirə getməsindən sonra başlayıb:

"Rəylərdə biri bir qəpikdən söyən kim, Emillə Ramilə (qəzada sağ qalan ikinci şəxs-red.) ölüm arzulayan kim, Emilin orada olmadığını çox dəqiq şəkildə iddia edən kim... Səbəb nə idi? Emil müsahibədə gülürmüş. Birincisi, insanın üz quruluşu deyilən bir şey olduğunu bilirik, bəzi insanlar var ki onların üzündə qəribə təbəssüm olur, bax Emil də elədir. Adam dünyanın ən ciddi hadisəsi haqqında da danışsa, üzündə təbəssüm var. Sizcə, hadisədən 24 saat sonra o adama heç bir iynə, ağrıkəsici, sakitləşdirici vurulmadan verilib o müsahibə? İki dəfə antidepresant içib, özümüzü itiririk, düşünün, o adama nə qədər sakitləşdirici vurulub?! Ən əsas iddia Emilin üzündə heç bir xəsarət olmamasıdır. Müsahibədə də sadəcə qolunun qırıldığını deyib. Şəhid olan yoldaşları haqqında danışanda ağlamayıb".

N.Cəfər bildirib ki, hərbçi özünü döyə-döyə, ağlaya-ağlaya müsahibə verməli deyil. O, qardaşı haqqında səsləndirilən bir başqa ittihama da cavab verib:

"Deyirlər üzündə heç nə yoxdur. Bəs bədən? Bu adam müsahibə verəndə lüt uzanmalı idi ki, siz bədənindəki izləri, göyərmələri görüb, deyəsiniz, hə, orda olub?"

Nigar Cəfər qardaşına ölüm arzu edənlər haqda da yazıb:

"Ən əsas məsələ mənim üçün Emilə ölüm arzu edənlər idi. Bəzilərinin nömrəsini tapıb zəng etdim. Sualım isə çox sadə idi: "14 tabut 16 olsa idi sizin üçün nə dəyişəcəkdi?". Amma cavab yox idi. Bizim üçün çox şey dəyişəcəkdi. Mən təsəvvür edə bilmirəm ki, Emil olmasaydı, biz nə yerdə qalardıq, onun övladları nə yerdə qalardı, ümumən, yaşaya bilərdik onsuz? Mən çox istərdim o hadisədən hamı Emil kimi xəsarətlərlə xilas olsun, bir az daha ağır formada da olsa, xilas olsun, sağ qalsın, ailəsi ilə olsun. Amma mənim istəyimin bir əhəmiyyəti yox idi. Mənim istəyim nəyisə dəyişmirdi".

Jurnalist statusunun sonunda bunları yazıb:

"Ümid edirəm, hamı öz kinində, öz zibilində boğular. Öz iyrənc niyyətləri öz qarşılarına çıxar. Ən əsası, mən səni çox sevirəm, qardaş. Nə yaxşı ki varsan. Sən mənim bu dünyada tanıdığım ən vicdanlı adamsan".

Milli.Az musavat.com-a istinadən bildirir ki,helikopter qəzası ilə bağlı vaxtaşırı sosial şəbəkələrdə və internet televiziyalarında tənqidi çıxışlar edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs edilib. Polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə vermişdilər. Zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da "Osmanqızı TV" Youtube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Ə.Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Məhkəmə iddianı təmin edərək Əli Əliyev barəsində 6 ay müddətində azadlıqdan məhrumetmə qərarı çıxarmışdır. Məhkəmənin qərarı 2022-ci ilin yanvar ayının 13-dən qüvvəyə minib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man