TIR sürücüləri yolu niyə bağlamışdılar? - Əsl səbəb

Gündəm 23 Fevral 2022 | 11:52
OXUNUB: 1075

Otuz dörd manata aldığı "İcazə blank"larını baha qiymətə - 500-1000 ABŞ dollarına satırlar.

 Fevralın 17-də Bakıda TIR sürücülərinin etiraz edərək yolu bağlaması beynəlxalq yükdaşıma ilə məşğul olanlara icazə vərəqələrinin hansı şərtlərlə verilməsini, eləcə də icazə vərəqələrinin bölüşdürülməsində ədalət prinsipinin qorunması məsələsini gündəmə gətirib.

Sputnik Azərbaycan Heydər Əliyev prospektində yolu bağlayaraq yükdaşıma üçün icazə ala bilmədiklərinə görə etiraz edən TIR sürücülərinin timsalında yaranmış problemi araşdırıb.

İcazə blanklarını hansı qurum verir?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Sputnik Azərbaycan-a bildirildi ki, beynəlxalq yükdaşımalara icazə vərəqələri Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nəzdində fəaliyyət göstərən Bölgü Komissiyası tərəfindən bölünür. Komissiya RİİN və ABADA arasında memorandumla yaradılıb. Daha sonra icazələr RİİN-in tabeliyində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən verilir.
ABADA-nın mətbuat xidmətinin rəhbəri Ruslan Eldaroğlu sorğumuza cavabda təsdiq etdi ki, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan icazə blanklarının daşıyıcılar arasında bölüşdürülməsi onlar tərəfindən həyata keçirilir. Bununla bağlı RİNN və ABADA arasında razılaşma əldə edilib: "Məqsəd avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması, həmçinin beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasıdır. Razılaşmaya əsasən, icazə blanklarının daşıyıcılar arasında bölgüsünün müəyyən meyarlar əsasında tam şəffaf həyata keçirilməsi məqsədilə ABADA tərəfindən təmin edilməsi qərara alınıb".

İcazə blankları necə bölüşdürülür?

R.Eldaroğlu qeyd edib ki, icazə blanklarının Assosiasiya tərəfindən bölünməsi, icra mexanizminin təkmilləşdirilməsi məqsədilə yük daşıyıcılarının təmsil olunduqları ictimai birlik vasitəsilə bölgü prosesi aparılır: "Məhz icazə blanklarının yeni qaydalar, meyarlar və yeni tərkibdə bölgüsü tam şəffaf mühitin yaradılması üçündür. Yük daşıyıcıları və sahibkarlar arasında bölgü prosesinin icrası zamanı buna dövlət qurumunun nəzarəti ilə yanaşı, onların özünün və müstəqil ekspertin də nəzarət və müdaxilə səlahiyyəti olur".

Qurum nümayəndəsi deyir ki, icazə blanklarının şəffaflıq və ədalət prinsipi ilə bölüşdürülməsi üçün xüsusi komissiya təsis edilib. Bu komissiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, ekspertlər, daşıyıcıların nümayəndəsi olmaqla formalaşdırılıb: "Sui-istifadə hallarının qarşısının alınması, rahat və çevik ödənişlərin həyata keçirilməsi üçün elektron ödəniş sisteminə keçid edilib. ABADA-nın dünyada qəbul edilən, beynəlxalq standartlara cavab verən konsepsiyası hazırlanıb. ABADA-ya üzv olan daşıyıcıların sayı 125-ə çatıb. Bu daşıyıcıların balansında olan nəqliyyat vasitələrinin tam siyahısı hazırlanıb və bu siyahı əsasında beynəlxalq yükdaşımalara cəlb edilən yük nəqliyyat vasitələrinin vahid bazası formalaşdırılır.

Daşıyıcılara məlumatların çatdırılması üçün sosial şəbəkə hesabları açılıb, SMS xidməti yaradılıb. Defisit icazə blankları hesab olunan III ölkə blankları ilə bağlı inhisarçılığın qarşısının alınması məqsədilə bazara nəzarət mexanizmi qanunvericilikdən və reqlamentdən irəli gələn qaydalara uyğun formalaşdırılır".

TIR sürücüləri nə istəyirdilər?

O ki qaldı icazə blanklarının bölüşdürülməsi ilə bağlı narazılıqlara, qurum sözçüsü bildirdi ki, şikayət edən sahibkarların bir qismi belə deyil: "Şikayət edən daşıyıcılar bu sahədə icazə blanklarını əldə edərək, istifadəsinə təyinat, lüzum olmadığı halda beynəlxalq nəqliyyat xidmətləri bazarında milli daşıyıcılarımızı azad rəqabət mühitindən çıxararaq inhisarçılığa yol verirdilər.

İcazə blankları məhdud mübadilə sənədləri kateqoriyasına daxildir. Bu o deməkdir ki, kvotaya uyğun mübadilə olunduğu üçün limit mövcuddur. Təbii ki, bu limit çərçivəsində həmin blanklardan yararlanmaq istəyən, həm də buna daşımada təqdim etdiyi xidmətə uyğun haqqı olan sahibkarlar icazə blankları əldə edə bilmirdilər.

Təəssüf ki, qanunvericilikdə daşıma izni ilə bağlı konkret meyarlar hələ ki mövcud deyil. Məhz ABADA bu meyarları ümumi qəbul edilən dünya təcrübəsinə uyğun standartlar şəklində təqdim edərək bölgünü təşkil edir. Bu imkandan hər kəs yararlana biləcək. Beynəlxalq yükdaşımaları ilə məşğul olan yük daşıyıcıları arasında narazılıq edənlər daha çox fərdi tələblər şəklində ifadə edilir.

Memorandum imzalanana qədər heç bir araşdırma, təhlil aparılmadan bazarda tələbatın kortəbii müəyyənləşdirilməsi əsasında icazə blankları bölüşdürülürdü. Bu zaman bəzi sahibkarlar əllərində istifadə edilməmiş qalan defisit blanklarını balansında bir avtonəqliyyat vasitəsi olan daşıyıcıya rüsumdan qat-qat baha qiymətə satırdılar. Beləliklə mühitdə "dozvol alveri" ifadəsi yaranırdı".

R.Eldaroğlu bildirir ki, çox zaman məsələ mahiyyətdən uzaqlaşdırılır və satışın məhz dövlət qurumunun əməkdaşları tərəfindən icra edilməsinə dair əsassız iddialar ortaya atılırdı: "Bölgünün şəffaf aparılması, reqlamentdən irəli gələn qaydalar məhz bu fonda narahatlıq yaradırdı. Artıq icazə blankı əldə etmək üçün real tələbat ilə bağlı müvafiq sübutları təqdim edən istənilən daşıyıcı reqlamentdə nəzərdə tutulan kriteriyalara cavab verirsə, daşımalarda iştirak hüququ qazanır.

Nəticədə, icazə blankını artıq qiymətə deyil, hər hansı sahibkardan deyil, məhz öz müraciəti əsasında rəsmi qaydada əldə edə bilir. Bu proses, həm də beynəlxalq yükdaşımaları bazarı ilə bağlı müfəssəl bazanın toplanmasına birbaşa təkan verir".

Həmsöhbətimiz deyir ki, icazə blankı rəsmi sənəd hesab edildiyindən bu blankların mübadiləsini dövlətlərarası qarışıq komissiya müəyyən edir. Hər bir ölkə üzrə kvota hesablanır və imzalanan rəsmi sənədlə icazə blanklarının mübadiləsi həyata keçirilir: "İcazə blankları isə illik verilir.

Bundan əlavə, ABADA beynəlxalq yükdaşımalar sahəsində ən vacib sənədlərdən olan "Carnet TIR" təminatının da Azərbaycan üzrə rəsmi təminatçısıdır. Bu sənəd dünyanın 65-dən çox ölkəsi tərəfindən qəbul edilir. Ancaq məhdud-defisit icazə blanklarının ölkə daşıyıcılarının tələbinə uyğun artırılmasına dair işlərin icrası məhz RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təmsil olunduğu Beynəlxalq Qarışıq Komissiyaların iclasında təmin edilir".

Ucuz alıb, baha satırmışlar

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icazə vərəqələrinin verilməsi ilə bağlı problem yoxdur. E.Muradlı deyir ki, bəzi yükdaşıma ilə məşğul olanların icazə blanklarının verilməsinə etiraz etməsinin kökündə tamamilə başqa amil dayanır.

Ekspert bildirir ki, bəzi şəxslər icazə vərəqələri biznesi ilə məşğul olurlar. Onlar icazə vərəqələrini alaraq başqalarına baha qiymətə satırlar: "Burada konkret alver gedir. Bəzi şəxslər TIR sürücüləri ilə sövdələşərək onun nümayəndəsi kimi gedib icazə vərəqələri alırlar. 34 manata aldığı icazə blanklarını baha qiymətə, 500-1000 ABŞ dollarına satırlar. TIR sürücülərinin vaxtı olmadığından icazə blankı almağa zamanı olmur. Bu işi başqasına həvalə edirlər. Nəticədə bu alverlə məşğul olanlar qazanırlar".

Dava "defisit" blanklar üstündədir

E.Muradlı deyir ki, icazə blankları fərqlidir: "Eləsi var ki, Azərbaycanın yükünü istənilən ölkəyə daşımaq üçündür. Bu, icazə blanklarından çoxdur. Hətta il ərzində artıq qaldığından aparıb qaytarırlar. Bir də var, Rusiyaya mal daşınması üçün icazə blankları. Bəzi şəxslər tələb edirlər ki, bu sənədi alıb İran və Türkiyədən Rusiyaya mal daşısınlar. Rusiya isə həmin icazə blanklarını məhdud sayda verir. Bu problemi yaradan isə Azərbaycan deyil.

Biz Rusiyaya İrandan və Türkiyədən yük daşınması üçün icazə ala bilirik. Elə dava da bu icazə blankları üstündədir. Bunun ədalətli bölünməsi daşıyıcıların iştirakı ilə baş tutur. Bəzi şirkətlər, yükdaşıma ilə məşğul olanlar bu sənədi əldə etmək üçün müxtəlif yollara əl atırlar.

Bir neçə gün öncə yolu bağlayan TIR sürücüləri də özlərinə haqq qazandırmağa çalışsalar da, əslində onlar Azərbaycan daşıyıcıları haqqında pis imic formalaşdırırdılar. Həmin TIR sürücülərini Azərbaycan daşıyıcıları üzvlükdən uzaqlaşdırıblar. Çünki onlar gedib xarici ölkədə problem yaradırlar. Yükü vaxtında çatdırmırlar, yaxud da başqa ölkələrə gedib çıxırlar".

İcazə blanklarının alınmasında problemlərin olub-olmadığını araşdırmaq üçün bir neçə beynəlxalq yükdaşıma şirkəti ilə əlaqə saxladıq. Çoxu bu mövzuda danışmaqdan imtina etdi.

"Total Express" daşıma şirkətindən isə bildirdilər ki, onlar beynəlxalq yükdaşıma üçün icazə vərəqəsi almaqda indiyədək problemlə üzləşməyiblər.

Yolu bağlayanlara cinayət işi açıldı

Qeyd edək ki, Bakıda yolu bağlayan TIR sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov 30 sutka həbs olunublar. Bu, Nərimanov Rayon Məhkəməsində elan edilib. Bundan başqa, sürücü Bəxtiyar Məmmədov səhhəti ilə əlaqədar olaraq məhkəməyə çıxarılmayıb. Rəmiş Cəfərovun barəsində isə cinayət işi olduğu üçün onunla bağlı təqdimata ayrıca baxılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb.

Həmçinin yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb. Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tərəfindən məsələdə əli olanların dairəsi müəyyənləşdirilir.

Bu maddəyə görə günahı sübuta yetirilənlər: 5 min manatdan 8 min manatadək cərimə ödəyir; yaxud iki il müddətində islah işlərinə cəlb olunur; yaxud üç il müddətinə azadlığı məhdudlaşdırılır; yaxud da üç il müddətinə azadlıqdan məhrum edilirlər.

"Heç bir məhdudiyyət yoxdur"

RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bir qrup yük avtomobili sürücüsünün etiraz olaraq yolun bağlanmasına münasibətində bildirib ki, 2021-ci il ilin iyun ayından etibarən DANX tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesi yeni və şəffaf mexanizmin tətbiqi ilə həyata keçirilir. İcazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirakı təmin edilib.

Bölgü nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc edilərək ictimailəşdirilir. Əvvəllər mövcud olan neqativ hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını DANX-dan tam maneəsiz əldə edirlər.

Yolu bağlayan daşıyıcıya qarşı ittiham

Bu istiqamətdə nazirlik tərəfindən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilir və daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir. Yalnız bir daşıyıcı – Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.

Bundan əlavə, Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda "İcazə" blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol verib, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozub", - DANX-dan bildirilib.

Həmçinin qeyd olunub ki, sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində Rəmiş Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət olunaraq polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülüb və Rəmiş Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb.

Xatırladaq ki, fevralın 17-də Nərimanov rayon ərazisində “R-GROUP” şirkətinin sürücüləri 4 yük avtomobili ilə yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriblər. Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər.

Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların həmçinin üzr videosu da yayılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man