O, SSRİ-də marşal rütbəsi
daşıyanlar arasında dəlisovluğu, çevikliyi, sözü açıq deməyi, siyasətə müdaxilə
etməməyi ilə fərqlənib. Stalinə birbaşa İosif deyə müraciət edən Semyon
Budyonnı həm də son dərəcə zarafatcıl, güclü yumor hissinə malik bir şəxs olub.
Sfera.az növbəti yazısında marşal
Semyon Budyonnının həyat hekayəsini təqdim edir.
Qeyd edək ki, SSRİ-də 1935-ci ildə
Sovet İttifaqı Marşalı rütbəsi təsis ediləndə Budyonnı bu ali hərbi rütbəni
alan ilk beş nəfərdən biri olub və o, bu rütbənin şərəfini ömrünün sonuna qədər
əsl hərbçi kimi qorumağı bacarıb.
Semyon Budyonnı 1883-cü ildə
Rostovda yoxsul kəndli ailəsində anadan
olub. Natamam orta təhsil alıb. 1903-cü ildə orduya çağrılıb. Uzaq Şərqdə xidmət
edən Budyonnı rus-yapon müharibəsinin iştirakçısı olub. O, orduda atçılıq
idmanının əsasını qoyub və bununla da atlı ordusunu yaratmağa nail olub.
Budyonnı vətəndaş müharibəsində birləşmiş kavaleriyaya rəhbərlik edib. Marşal yüksək
hərbi dairələrdə atçılıq qvardiyasının təşkili ilə bağlı daha çox iş görməyə
çağırışlar edib. Sonralar məlum olub ki, o, bu çağırışlarında haqlı olub. Belə
ki, sovet-alman müharibəsində Moskvanın müdafiəsində 45 dərəcə şaxtada texnika
sıradan çıxanda atlardan istifadə ordunu xilas edib.
Semyon Budyonnı Frunze adına Hərbi
Akademiyanı bitirdikdən sonra ehtiyat korpusun komadanı, Şimali Qafqaz
ordusunun komandiri, Silahlı Qüvvələrin süvari qoşunlarının komandanı və
1940-cı ildə müdafiə komissarının (müdafiə nazirinin) müavini kimi yüksək vəzifələrdə
xidmət edib. Onun başçılıq etdiyi hərbi əməliyyatlar həmişə uğurla nəticələnib.
Maraqlı faktlardan biri də odur ki, Budyonnı daşıdığı hərbi vəzifələrlə yanaşı
1947-1953-cü illərdə eyni zamanda SSRİ kənd təsərrüfatı nazirinin atçılıq təsərrüfatı
üzrə müavini vəzifəsində də işləyib.
Marşalın həyatı maraqlı hadisələrlə
zəngin olub. Siyasi və hərbi elitanın rəsmi və qeyri-rəsmi görüşlərində
Budyonnı heç vaxt siyasi məsələlərə müdaxilə etməyib. Amma sırf özünə aid olan
məsələlərdə haqsız söz eşidəndə fikrini sərt ifadə edib. Ümumiyyətlə, yüksəkçinlilər
Budyonnı ilə mübahisəyə girişməməyə çalışıblar. Stalinlə son dərəcə yaxınlığı,
hətta Stalinin iştirak etdiyi tədbirlərdə ötkəmli olmağı bir çox Kreml məmurlarını
qıcıqlandırıb. Xüsusilə Lavrenti Beriya marşalı sıradan çıxarmaq, Stalinin
gözündən salmaq üçün bütün mümkün variantlardan istifadə edib. Amma "NKVD”
başçısının bu cəhdləri boşa çıxıb. Bu cəhdlərin sonuncusunda isə Stalin
Budoynnı haqqında konkret fikrini bildirib. Belə ki, Budyonnı iclasların birində
Beriyanın repressiyya tədbirlərini sərt tənqid edəndə, Beriya qərara gəlib ki,
marşalı həbs etsin. Həmin günün gecəsi Budyonnının yaşadığı evin qarşısına bir
neçə qara rəngli maşın gəlib. Marşal çağrılmamış qonaqların kim olduğunu dərhal
anlayıb.
Budyonnı "qonaq”ları nə duz-çörəklə,
nə də tapança-tüfənglə yox, pəncərəyə qoyduğu pulemyotla qarşılayıb. Salam-kəlamsız,
"sizin ananızı” deyə silahı işə salmaq istəyəndə "qonaq”lar tez-tələsik gəldikləri
maşınlara doluşub dəlisov marşalın həyətini tərk ediblər. Səhərisi gün Beriya vəziyyəti
olduğu kimi Stalinə məruzə edib. Stalin Budyonnıya zəng vurmaq qərarına gəlib:
- Əhsən,
Semyon, əhsən sənə. Sən əsl marşal kimi hərəkət etmisən.
- İosif,
əks-inqilabın qarşısını yalnız belə almaq olardı.
Bu hadisədən sonra Stalin "NKVD” rəhbərliyinə
göstəriş verib: "Bu dəlisovdan heç kimə ziyan gəlməz, marşalı bir daha narahat
etməyin”.
Budyonnı əyləncələrə, məclislərə,
xüsusilə də qadınlara meylli bir şəxs olub. O, yaxşı tost deməyi, məclis idarə
etməyi bacarıb və asudə vaxtlarını məhz əyləncələrə sərf edib. Bu xüsusiyyəti
onun şəxsi həyatında da özünü göstərib.
Budyonnı birinci dəfə 1903-cü ildə
qonşu kənddən olan Nadejda İvanova ilə ailə həyatı qurub. Nadejda vətəndaş
müharibəsində tibb məntəqələrinin ləvazimatlarla təminat məsələsi ilə məşğul
olub. O, 1925-ci ildə silahdan ehtiyatsız davrandığı zaman aldığı güllə
yarasından ölüb. Amma bu hadisə ilə bağlı digər bir versiya da var. Bu
versiyaya görə Budyonnı sərxoş vəziyyətdə yaşadığı evə məşuqəsini dəvət edib.
Bu dəvətdən sonra marşalla həyat yoldaşı arasında mübahisə düşüb, qəzəblənən
Budyonnı Nadejdanı güllələyib.
Marşal şəxsi həyatını qurmaq məsələsini
çox da ləngitməyib. Nadejdanın vəfatından cəmisi iki gün sonra özündən 20 yaş
kiçik olan opera müğənnisi Olqa Mixaylova ilə ailə həyatı qurub. Bu xanım həmin
dövrdə əcnəbi vətəndaşlarla eşq macəraları yaşayan bir qadın kimi məşhur olub.
Araşdırmaçıların qənaətinə görə Olqa Mixaylova xarici ölkələrin kəşfiyyatına da
işləyib. "NKVD”-nin nəzarətində olan müğənni 1937-ci ildə həbs edilərək sürgünə
göndərilib.
Həyat yoldaşının həbsdən azad olunmasına görə Budyonnı Stalindən
heç nə xahiş etməyib və yaxın ətrafına zarafatla bildirib ki, şəxsi həyatında
yenilmənin vaxtı çatıb. Bu yenilənməni
isə onun üçün ikinci qayınanası təşkil edib. Onun təşəbbüsü ilə marşal həbs
olunan həyat yoldaşının xalası qızı ilə evlənib. Aralarında 30 yaş fərqi olsa
da üçüncü nikah uzunömürlü və çoxuşaqlı olub. Cütlüyün dünyaya üç övladı gəlib.
1956-cı ildə Budyonnı ikinci həyat yoldaşını həbsdən azad etdirib. Marşal onu da
öz evində saxlayıb. Xalaqızılar Budyonnıya sidq ürəkdən xidmət edərək ona heç
bir problem yaratmayıblar.
Uşaqlıq illərindəki yoxsulluq, ağır
müharibə illəri, gərgin iş rejimi Budyonnının səhhətinə mənfi təsir göstərə
bilməyib. Marşal ömrünün son illərinə qədər gümrah və sağlam görünüb. Hətta öz
sağlamlığı ilə ətrafındakıları təəccübləndirə də bilib. 48 yaşında paraşütdən
tullanan, 50 yaşında üçüncü dəfə ata olan, 84 yaşında jurnalistləri at belində
qarşılayan marşal 1973-cü ildə 91 yaşında vəfat edib.
İlham Cəmiloğlu
Sfera.az