"Parkovşikləri" polis reydlərindən himayə edənlər kimdir? - Ekspert AÇIQLADI

Gündəm 27 Yanvar 2022 | 22:30
OXUNUB: 1045

Bakının böyük problemlərindən biri qanunsuz parklanma ilə bağlıdır desək yanılmarıq. Paytaxda az qala hər ərazidə qanunsuz parklanma işi ilə məşğul olanlar var, amma buradan yığılan pulların hara, kimin cibinə getdiyi məlum deyil.

Məlumatlara görə, BNA-nın apardığı araşdırmalara əsasən, pullu fəaliyyət göstərən 600-ə yaxın parklanma nöqtəsi var. Avtoekspert Elməddin Muradlı bildirib ki, bunlardan da gündəlik 10-30 manat hər bir “parkovşik”dən pul yığılır, bu o deməkdir ki, aylıq 300 min manat kimlərinsə cibinə gedir və heç bir vergisi də verilmir. “Bu 600 nəfəri görün bir nəfər necə idarə edir. Həmin gizli əl, mafiya kimdirsə, 600 nəfərə gecə ilə zəng edərək sabah heç kimin əraziyə çıxmaması barədə göstəriş verib”.

Bu adamlar işləyirlərsə, pul qazanırlarsa dövlətə də vergi ödəməlidirlər, amma onlar bunun əvəzinə qanunsuz işlə məşğul olurlar.

Qanunsuz parklanma ilə məşğul olan o adamlar niyə himayə olunmalıdır? Bu adamlar kimdir və onları himayə edənlər kimlər ola bilər? Sizcə, onları polis reydlərindən yayındıran, himayə edən, “işə çıxmayın sabah reyd var” deyənlər kimlər ola bilər?

  • “Qanunsuz parklanmalarla bağlı aparılan araşdırmalar bir çox məsələləri üzə çıxardı”

Avtoekspert Elməddin Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, bu kimi halların baş verməsi anormal vəziyyət yaradır. “Qanunsuz parklanmalarla bağlı aparılan araşdırmalar bir çox məsələləri üzə çıxardı. Çox təəssüflər olsun ki, yol polisinin və polisin digər orqanlarının keçirdiyi tədbirlər hələlik nəticəsiz qalıb. Çünki bu işin arxasında duranları aşkarlamaq mümkün olmayıb, onlara qarşı bir tədbir görülməyib.  Sadəcə olaraq ərazilərdəki “parkovşikləri” hədəf seçdilər və bu hədəf də normal effekt vermədi. Bu gün artıq bir neçə yerdən məlumat gəlir ki, həmin “parkovşiklər” yenə də ərazilərdədir, yenə də vətəndaşlardan  pul yığırlar, yenə də öz “işlərinin” başındadırlar. Bax, belə biabırçı mənzərə hökm sürməkdədir. Ona görə də düşünürəm ki, polis bu dəfə bu məsələyə daha ciddi və dərindən yanaşmalıdır. Belə olan halda bu məsələ öz həllini tapacaq. Baxın, görün, bu mafiya, bu şəbəkə nə qədər güclüdür ki, polisin tapşırığını iki-üç gün icra edir, iki-üç sonra yenə ərazidə camaatdan pul yığırlar. Bu o deməkdir ki, onlara qarşı daha ciddi tədbirlər görülməlidir. Bu məbləğ elə-belə məbləğ deyil. İnanın elə parklama yerləri var ki, ordan hətta gündəlik 50-100 manat haqq alırlar. Bu özbaşnalığa son qoyulmalıdır, bu məsələlər öz həllini tapmalıdır. Sürücü niyə marketə girib 60 qəpiyə çörək alıb 1 manat da “parkovşikə” pul verməlidir? Bu hansı qanunda yazılıb? Belə olmaz. Bu baxımdan hesab edirəm ki, nəzarət mexanizmi sərtləşdirilməlidir. Nazirlər Kabineti parklanma ilə  bağlı qərarı təsdiqləməlidir, qiymətlər müəyyənləşdirilməlidir. Eyni zamanda da Bakı Nəqliyyat Agentliyi Dövlət Yol Polisi ilə birlikdə tam siyahısını müəyyənləşdirməlidir”.

E.Muradlı əlavə etdi ki, qiymətlər müəyyənləşəndən sonra artıq parkinq fəaliyyəti başlayacaq və vətəndaşlar da pulu kimə verdiklərini və o pulun hara getdiyini biləcəklər. Bu gün isə bilinmir ki, verilən pullar hara gedir, kimin cibinə gedir bilinmir. Ortada da kifayət qədər böyük məbləğ var. Siz ona 50 qəpik, 1 manat kimi baxmayın. Axşam cibə gedən o pula ümumi yanaşın. 600-dən çox parklanma yeri var və hamısı da zəbt olunub. “Çinar parkinq” deyilən bir şirkət ortalığa girib və onun da sahibi də keçmiş polis rəisi Nizami Qocayevdir. Bu adam bu işləri görür. Ərazidə də əlillər, qazilər var bir qrupu da bunların əlindədir. Araşdırsan bəziləri heç nə əlildir, nə də qazidir. Hansı bir qeyri-hökumət təşkilatının verdiyi vəsiqəni götürüb “biz qaziyik, biz əlilik, bizə dəyib dolaşmaq olmaz ” deyib ortaya düşüblər. Bax, belə biabırçı mənzərə hökm sürür. Buna birdəfəlik son qoymaq lazımdır. Əgər bu iş  polisin keçirdiyi tədbirlərdən 3 gün sonra yenə dədavam edirsə bu əslində, polisin imicinə ziyan vurur. Bu tədbirlər davamlı olmalıdır”-deyə E.Muradlı qeyd etdi.    

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man