"İranın XİN rəhbərinin Azərbaycana səfəri ilə prezidentlərin görüşünə də hazırlıq nəzərdə tutulur. İki ölkə arasında müqavilələr imzalana bilər”.
Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə XİN rəsmisinin Azərbaycana səfəri barədə danışarkən bildirib. Siyasi ekspert İranın Həsən Ruhani dövründəki siyasətə qayıda biləcəyini diqtə edib:
"Bu səfərin əsas məqsədi İran Azərbaycan əlaqələrinə impuls verməkdir. Çünki Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı qeyri-konstruktiv siyasəti nəticəsində əlaqələr böhrana yuvarlanmışdı. Bu böhranın başında birbaşa Ə.H. Abdullahianın özü dururdu. Artıq rəsmi Tehran Azərbaycanın yaratdığı geosiyasi reallıqları qəbul edib, H. Ruhani dövründəki siyasətə qayıtmaq planına malikdir. Bu səfərdə müştərək iqtisadi layihələri davam etdirmək, Zəngəzur dəhlizindən istifadə və Qarabağda tikinti layihələrində yer almaq, 3+3 formatında yer alaraq öz iqtisadi imkanlarını bu platforma çərçivəsində davam etdirmək müzakirə ediləcək. İran-Azərbaycan əlaqələri məhz Tehran tərəfindən pozulmuşdu və Ankara, Moskvanın basqıları, rəsmi Bakının obyektiv və geri çəkilməmək siyasəti Tehranı geri addım atmağa sövq etdi. Həmçinin İrana qarşı sanksiyalar və nüvə sazişinin həll edilməməsi, bu sanksiyaları inkişaf etdirmək də əsas səbəblərdən biridir”.
Politoloq Azərbaycanın İran qarşısında bir neçə tələb qoymalı olduğunu deyib. Ekspert İranın ölkəmizdəki məzhəb siyasətini sonlandırmalı olduğunu vurğulayıb:
"İran məhz region ölkələri ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişafına töhfə verə bilər. Bu da Azərbaycanla normal münasibətlərdən keçir. Qeyd edim ki, Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Türkmənistan qazının Avropaya ixracını nəzərdə tutan üçtərəfli müqavilə Tehran -Bakı əlaqələrində yeni bir mərhələyə keçid oldu.
Lakin İranda hakimiyyətdəki şəxslər mühafizəkarlardır və siyasətlərində dönüş edə bilərlər. Azərbaycan da buna hər an hazır olmalıdır. Bu səfərdə rəsmi Bakının İrandan bir neçə tələbi olmalıdır. Belə ki, Azərbaycan İrandan dövlət sərhəddində narkotik kuryerlerinə qarşı sərt addım atmasını tələb etməli, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanı ratifikasiya etməsini istəməli və Azərbaycanda məzhəb siyasətinə son qoymalıdır. Nüvə sazişi ilə bağlı Qərblə İran arasında artan konfontrasiya və İsrailin İrana hücum təhdidləri Tehranın Rusiya, Türkiyə, Azərbaycan platformasına yaxınlaşmaşına səbəb olub”.
Əzizə Zeynal
Sfera.az