"Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan, Rusiya və İranın birlikdə müzakirə apararaq sabitlik mühitini yaratmasını gözləyirik".
Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.
Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran nazir vurğulayıb ki, dünyada münaqişələrin olduğu, çətinliklərin yaşandığı müxtəlif bölgələr var: "Belə bölgələrdə məsələləri siyasi danışıqlarla həll edənlər daha təhlükəsiz, etibarlı məxrəcə gəliblər. Bunu görmək lazımdır. Ermənistanın bunları anlaması və bu mənada proseslərə sahib çıxması vacibdir. Əgər bunları anlayar, lazım olan addımları atarlarsa həm təhlükəsizlik, həm də rifah baxımından çox ciddi irəliləyişə nail olmaq mümkündür.
Təbii ki, Azərbaycanın da buna ehtiyacı var. Məsələ nədir? Zəngəzur dəhlizi. Bu dəhlizin heç kimə zərəri yoxdur. Burada görüləcək iş iki cəmiyyətin bir-biri ilə əlaqə saxlamasıdır. Bunları dəstəkləmək lazımdır. Bunlara mane olmaq olmaz. Bu cür inkişaf rifah yaradar. Bu sadəcə Azərbaycanda qalmaz bütün ətraf ölkələrə də faydalanmaq imkanı yaradar”.