Dünən Ankaraya rəsmi səfər edən Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və birgə mətbuat konfransı keçiriblər.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Ərdoğan Zelenskini rəsmi qarşılanma mərasimi ilə qəbul edərkən Ukrayna heyətində Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu da yer alıb.
Daha sonra keçirilən mətbuat konfransı zamanı Ərdoğan Türkiyənin heç vaxt Ukraynadan zorla qoparılmış Krımı rəsmi olaraq tanımayacağını bildirib:
"Soydaşlarımızın tarixi vətənləri olan Krımdakı mövcudluğunun davamı, milli kimliklərinin və mədəniyyətlərinin qorunması, azadlıqlarının tam bərpa edilməsi bizim üçün vacib olaraq qalacaqdır".
Zelenski isə çıxışı zamanı bildirib ki, Krım Ukrayna deməkdir:
"Mən sizə söz verirəm ki, Ukrayna heç vaxt vətənindən didərgin düşən Krım tatarlarını yarı yolda qoymayacaq. Krım məsələsi ilə bağlı Rusiya ilə ortaq məxrəcə gələcəyimizə əminəm".
Krım Türklərinin Mədəniyyət və Yardımlaşma Dərnəyinin Ankaradakı inzibati binasının açılışında da iştirak edən Ukrayna prezidenti "Yaşasın Krım" ifadələrini işlədib. O həmçinin, Ukraynanı öz vətəndaşlarının geri qayıtmaq istəyəcəyi bir diyara çevirəcəklərini bildirib.