168.am (Ermənistan), 04.03.2019
–İndi siyasi gündəlikdəki ən mühüm məsələlərdən biri Qarabağ tənzimlənməsi prosesi olaraq qalır. İndiki anda danışıqların gedib-getmədiyi qətiyyən aydın deyil. Eyni zamanda, belə deyək, hər halda, Qarabağ üzrə cəmiyyətdən gizlicə hansısa sazişin hazırlandığı haqda xeyli narahatlıq və şübhə var. Robert Sedrakoviç, fikrinizcə, nə baş verir? Ən yaxın gələcəkdə Qarabağ tənzimlənməsi planında nə gözləmək olar?
–Şübhəsiz, Paşinyan hansı izahatlarla maskalanır-maskalansın, danışıqlar gedir. Hətta danışıqlar faktının özü deyil, baş nazirin yaxasını qırağa çəkmək səyi şübhə doğurur. Hakimiyyətin Qarabağ tənzimlənməsi üzrə mövqeyi cəmiyyətə bəlli deyil, çünki indiyədək səsləndirilməyib və məhz bu, narahatlıq doğurur. Formulə edilmiş mövqe olmadan danışıqları uğurla necə aparmaq olar? Danışıqlar əyləncə məclisi deyil, əldə edilmiş uğurların möhkəmləndirilməsi alətidir. Hakimiyyətin danışıqlara başlamamışdan qabaq dəqiq yanaşmaya malik olmalı olduğu Qarabağ tənzimlənməsində bir sıra prinsipial müddəalar var.
Yəqin ki, Əliyev Paşinyanı asanlıqla udub. Düşənbədəki lift söhbətləri təmas xəttində inamın möhkəmləndirilməsi üzrə bizim üçün əlverişli Vyana və Sankt-Peterburq uzlaşmalarını faktiki dəfn edib. Axı bu uzlaşmalar 100-dən çox adam itirdiyimiz aprel savaşını başlamağa görə Azərbayacanın ödədiyi qiymət idi. Baş nazirin belə hərəkətinə nəyin – səriştəsizliyin, yoxsa şüurlu seçimin – səbəb olduğu önəmli deyil. Bu, hər iki halda böyük səhvdir. Ermənistan tərəfi güzəştlərə hazır olmaq planında həm Azərbaycanda, həm də vasitəçilərdə yüksək gözləntilər doğurub. Və buna görə də düşünürəm ki, Minsk Qrupunun növbəti təklifləri xoşagəlməz olacaq.
–Mövzu üzrə daha bir sual. Sizin həbsinizin Qarabağ üzrə hazırlanmaqda olan hansısa sazişlə bu və ya başqa şəkildə bağlılığı haqda sosial şəbəkələrdə və mediada çox danışırlar. Guya nə qədər ki Siz həbsxanadasınız, hakimiyyət bu məsələ üzrə sövdələşməni tez apara bilər. Yəqin ki, əgər ümumiyyətlə varsa, mətbuatdan "Bolton planı” deyilən məsələdən də xəbərdarsınız. Sizcə, bu nədir – "sui-qəsd nəzəriyyəsi”, ya nəsə gerçək bir şey?
-Bu hakimiyyətin dönəmində heç nəyi istisna etmək olmaz. Harada olduğumdan asılı olmayaraq Qarabağın "verilməsi”ndə istənilən cəhdə belə, ya elə mane olacağam. Əminəm ki, Qarabağ kimlər üçünsə erməni eyniyyətinin bir hissəsinə çevrilibsə, hamısı belə hərəkət edəcək. Yeri gəlmişkən, baş nazirdə və komandasının böyük çoxluğunda məhz bu yoxdur. Onların Qarabağın müstəqilliyinə və hərbi uğurlarına ən azacıq dəxli də yoxdur və bu qələbə uğrunda çarpışanların hamısına nifrət edirlər. Buna görə də cəmiyyət Qarabağ məsələsində onların hər bir addımına göz qoymalıdır. Baş nazirin ziddiyyətli bəyanatlarına heç cür inanmaq olmaz.
–Rusiya qazının qiyməti üzrə məsələ uzun müddət açıq qalıb. Baş nazir ötən ilin lap sonunda bildirib ki, məsələ prinsipcə həll olunub – qaz istehlakçılar üçün bahalaşmayacaq. Amma sonradan aydınlaşdığı kimi, danışıqlar hələ də sürür. Necə düşünürsünüz, əslində, bu məsələ üzrə nə baş verir? Bu danışıqların nə qədər uzun çəkdiyinə görə Ermənistan-Rusiya münasibətlərinin səviyyəsi haqda fikir yürütmək olarmı və bu nəylə başa çatacaq?
-Məsələ, doğrudan da, prinsipcə həll olunub – qaz bahalaşıb. Fərq etməz, hakimiyyət durumu özgə cür təqdim etməkdə nə qədər mahirləşsə də, bu bahalaşmanı Ermənistan istehlakçıları birbaşa və ya dolayısıyla ödəyirlər. Amma mən dövlətlərarası münasibətlərin bütün kompleksini ancaq bu durumla səciyyləndirməzdim. Hökumət Rusiya ilə yaxşı münasibətlərə can atacaq, amma əqidəyə görə deyil, özü üçün daha məqbul seçim olmadığı üzündən. Bu, qeyri-ardıcıllığa, yayğınlığa və xarici siyasət vəzifələrinin gerçəkləşdirilməsində eklektikaya gətirəcək. Belə bir durum artıq bu gün gözə dəyir. Məsələ burasındadır ki, Ermənistanın yeni komandasının və Rusiya elitasının dünya qavramı daban-dabana ziddir və bu, ikitərəfli münasibətlərdə həmişə olacaq. Biz Sorosun, təəssüf ki, Rusiyanı və mədəniyyətini pis bilən və pis anlayan şagirlərilə üz-üzəyik.
-Hökumətin proqramıyla tanıs olubsunuzmu? Onu necə dəyərləndirirsiniz?
-Bəli, tanış olmuşam. Bu, proqramsızlıq haqda proqramdır və iqtisadiyyatın 5 % artımıyla onun inqilabiliyindən danışmaq, sadəcə, gülməlidir. Ölkənin sıçrayışlı inkişafı və vətəndaşlarımızın yaşayış keyfiyyətinin yaxşılaşdırılması üçün hakim partiyanın təkəbbürlü, konkret vəzifələri öz üzərinə götürməyə tam bacarıqsızlığını və hazır olmadığını sərgiləyən şüar və arzular yığınıdır. İqtisadiyyatdan, heç olmasa, nəsə anlayanların hamısı bunu qeyd edir. Hakimiyyət belə də başa düşməyib ki, "inqilab” – ölkənin yatırım cazibədarlığı üçün mümkün bütün brendlərin ən pisidir. Yoxsulluğun səbəbi isə adamların qafasında deyil, başçıların düşüncə əlilliyindədir. Yeri gəlmişkən, təəssüf ki, istənilən tənqidin baş nazir tərəfindən ağrılı qəbul edilməsi səbəbindən parlamentdə konstruktiv müzakirə baş tutmadı. Belə ki, yeni gerçəkliyə xoş gəlmisiniz.
-Cəmiyyətdəki əhvali-ruhiyyədə dəyişiklik duyursunuzmu? Fikrinizcə, bu planda bundan sonra nə baş verəcək?
–İnqilabi həzzin doğurduğu kütlə ehtirası doğrulmayan gözləntilərə görə artıq bütün aşkarlığı ilə məyusluqla əvəz olunur. Sosial psixologiyadan məlum olduğu kimi, eyforiya bu hallarda bir qayda olaraq qəzəbə və yaxud laqeydliyə keçir. Aldanış duyumu üzə çıxır və adamlar təbii şəkildə günahkarları axtarmağa başlayırlar. Adətən, yüksək gözlənti və ümidlərin bağlandığı adamlar buna çevrilir. 1991-ci il prezident seçkilərindən sonra belə olub və eyforiya o zaman EÜH-ə (Erməni Ümummilli Hərəkatı-red.) qarşı qəzəbə transformasiya olunub. Prosesin indi necə inkişaf edəcəyini zaman göstərər. Çox ehtimal ki, payıza doğru hakimiyyətin populyarlığı o qədər düşəcək ki, onun legitimliyi mövzusu aktuallaşacaq. Sona nə olacaq? Bu durumun xarakterizə olunduğu bütün duyumlarla xumarlıq.
–Sizin işinizdə Silva Ambartsumyann ifadələrilə bağlı yeni ittihamlar meydana çıxıb. Bu ittihamın ortalığa çıxdığını nəyə bağlayırsınız və bunu necə şərh edirsiniz? Axı bunun əsas ittihama heç bir dəxli yoxdur?
-Yeni ittiham XİX-də (Xüsusi İstintaq Xidməti-red.) harada aş, orada baş, adı ləkəli xanımın baş qəhrəman olduğu ucuz qrotesk komediyası üçün yazılmış ssenariyə bənzəyir. Bu xanımın varlığı, eynilə onun işləri haqda ən cüzi təsəvvürüm də olmayıb. Həm də bu "işdə” adı keçənlərdən heç biri onun nağıl ifadələrini heç cür təsdiqləmirlər. Düşünürəm ki, bu ittihamı hökumət uydurub və 1 mart işinə qoşub ki, mənim siyasi təqibim haqda cəmiyyətdə möhkəmlənən fikrə birtəhər təsir etsin.
Guya "konstituisya quruluşunun devrilməsi” ittihamları haqda təkrar edirəm ki, bu, tam cəfəngiyyatdır. İttihamın 76 cildindən 90%-nin, yeri gəlmişkən, 2008-ci ilin martında mövcud olmayan və deməli, tətbiqi mümkün olmayan CM-nin 300.1 maddəsinə heç bir dəxli yoxdur. Özü də mənim toxunulmazlığım haqda məsələ var, çünki mənim hərəkətlərim yalnız prezident səlahiyyətlərindən qaynaqlanıb. İttiham materiallarıyla tanış olmağa macal tapdım və heç olmasa, məni, Mikael Arutyunyanı, Seyran Ohanyanı, ya da Yuri Xaçaturovu birtəhər müqəssir saymağın mümkün olduğu nəsə görmədim. Bu "cinayət işi”ni sifariş edən və qondaran adamlar ağır cinayət edir və şübhəsiz, cəzalandırılacaqlar. Baş verənlərin heç birindən ədalətin heç qoxusu da gəlmir. Bu, klassik siyasi vendettadır.
-Böyük oğlunuz Sedrakın işini və ona qarşı irəli sürülən ittihamları necə dəyərləndirirsiniz?
–Tam uydurma ittihamdır. Hakimiyyət əxlaqsızdır və hər cür manipulyasiya və bicliyə əl atır ki, məni hansısa korrupsiya işlərinə bağlasın. Buna görə də ailəmi hədəf ediblər, bütün bunlar isə mənim siyasi təqib edilməyim kontekstində aparılır. Onların niyyəti hələ yayda qalmaqallı telefon söhbətlərinin dərc edilməsilə bütün aşkarlığıyla üzə çıxdı. Ölkədə belə hüquqi əndazəsizlik yalnız 90-cı illərin başlanğıcında EÜH-in dönəmində siyasi opponentlərn fiziki məhvinədək nazıyla oynamayanda, onların qohumlarının təqibi isə adi məsələ olarkən var idi.
–Levon Ter-Petrosyanın Paşinyanın "xaç atası” və onunla sıx əməkdaşlıqda olmadığı haqda bəyanatları ilə tanışsınızmı? Onu necə dəyərləndirirsiniz?
-Onlar öz dünyagörüşləri, iş üsulları, xarakterləri və həyasızlıq dərəcəsiylə çox oxşardırlar. Bu oxşarlıq əlüstü gözə dəyir və sıx əməkdaşlıqları mövzusunda böyük sayda dərclə izah olunur. Və onların nə qədər tez-tez ünsiyyətdə olduqları o qədər də mühüm deyil. "Vətəndaş müqaviləsi” öz lideriylə EÜH-nin primitiv inkarnasiyası kimi qavranılır.
–1 mart yürüşü və baş nazirin həmin günki çıxışları haqda dəyərləndirməniz.
–Təəssüf ki, baş nazirin insanların səmimi hissləriylə oynamaqda növbəti cəhdini görürük. Kinayə isə bundadır ki, 1 mart faciəsinin baş müqəssirləri həmin hadisələrin emosional nəticələrinin istismarçısı olublar. Ehtimal ki, edilmişlərə görə günah duyğusu onların şüuraltına rahatlıq və – hətta 11 il keçəndən sonra – tövbə etməyə, barışıq səhifəsini açmağa imkan vermir. Hər şey Freyddəki kimidir. Doğmaların və əzizlərin itirilməsi, on qurbanın kədəri onlar üçün siyasi hədəfə yetmək üsulu kimi qalır.
Görünür, cəmiyyətin qütbləşməsi, daimi daxili gərginlik və qarşıdurma ocaqlarının yaradılması Ermənistan hökumətinin işinin məğzinə çevrilib. Bu, yaxşı heç nəyə aparmayacaq.
–Hələ ötən ilin iyulunda bildirmişdiniz ki, böyük siyasətə qayıdıbsınız və bütün siyasi proseslərə fəal qatılmaq niyyətindəsiniz. Planlarınız qüvvədədir?
–Bəli, əlbəttə. Plan və niyyətlərimdən asanlıqla imtina etmirəm – özəlliklə də basqı altında.
–Bu günlərdə nə ilə məşğul olursunuz?
-Çox mütaliə edirəm və əlbəttə, formanı itirməmək üçün məşq edirəm. Kitabın davamını yazmağa başlamışam.
Tərcümə Strateq.az-ındır.