Ukrayna-Rusiya danışıqları üçün hər şey hazırdır, bu barədə Belarus XİN məlumat yayıb.
Bu danışıqlar Pripyat çayı sahilindən keçən Belarus-Ukrayna sərhədində dünən keçirilməli idi. Amma qəfil onların baş tutmaması xəbəri gəldi. Tərəflər səbəbini açıqlamadılar.
Ukrayna prezidenti Vladimir Zelenski danışıqların bu başdan uöurlu olmayacağına əminliyini bildirib.
"Aleksandr Lukaşenko məndən xahiş etdi ki, Ukrayna və Rusiya nümayəndə heyətləri Pripyat çayı sahilində görüşsünlər. Mən vurğulayıram: heç bir şərt olmadan. Açığını deyəcəyəm. Həmişəki kimi, bu görüşün müsbət nəticə verəcəyinə inanmıram, amma icazə verirəm. Cəhd edin. Hər bir Ukrayna vətəndaşı bilsin ki, mən bir prezident kimi müharibəni dayandırmaq üçün ən kiçik imkandan belə istifadə etmişəm. Bizim əsgərlər orada olanda prezident buradadır, idarə rəisi buradadır, baş nazir buradadır, ordu buradadır. Baş komandan buradadır. Biz hamımız dövlətimizi, sərhədlərimizi qoruyacağıq”, - o deyib.
Danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.
Rusiya nümayəndə heyətinə isə prezidentin köməkçisi və sabiq mədəniyyət naziri Vladimir Medinski rəhbərlik edəcək.
(anews)