Bakı-Gəncə qatarında qiymət artımına narazılıq: \"Nə dəyişib ki, qiymət iki dəfə artıb?\"

Gündəm 01 Aprel 2022 | 09:30
OXUNUB: 1394

Əvvəllər Gəncə-Bakı və Bakı-Gəncə qatarından mütəmadi istifadə edən Gəncə sakini Elnur İsmayıl qiymət artımının əsassız olduğunu hesab edir.

2020-ci ilin martında koronavirus pandemiyasına görə hərəkəti dayandırılan Bakı-Gəncə qatarının 19 martdan etibarən hərəkəti bərpa olunub.

Gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün 25 manatdan 33 manata çatdırılıb.

Gəncə sakini Elnur İsmayıl kimi qiymət artımından narazı sərnişinlərin sayı az deyil. Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi "Feysbuk" hesabında da müşahidə etmək mümkündür.

Elnur İsmayıl işlərinə və qatardan başqa nəqliyyat növlərinə fobiyası olan anasını Bakıya həkimə gətirməyə görə iki ildir marşrutun bərpasını səbirsizliklə gözləyirdi.

Amma indi Elnur İsmayıl qiymətlər ikiqat artdığına və əlverişsiz saat cədvəlinə görə qatardan istifadə etməyəcəyini söyləyir: "İki ilə yaxındır rayon qatarlarında reyslərin bərpa olunmasını gözləyirik. İndi də belə. Qatarda nələr dəyişib ki, qiymət iki dəfə artsın? 20 manat sərf etmir.  Həmçinin vaxt da uyğun deyil. Mən Bakıda sənəd işlərimi hazırlamaq üçün gedirəmsə, qatar gecə çatır deyə bir gün oteldə gecələməliyəm. Səhər saat 8-də də işlərimi bitirə bilmədiyim üçün daha bir gecə də oteldə qalmalıyam. Otellərin qiyməti artmışdı, indi qatarın da qiyməti artıb. Heç cür sərf etmir. Bu qatar sadəcə Bakıdan Gəncəyə istirahətə gələnlərə sərf edə bilər".

İsmail Hacihasanov adlı şəxs ADY-nin "Feysbuk" hesabında Gəncədən Bakıya ailəvi getməyin xərcini hesablayıb. Onun hesablamalarına görə, taksiylə getmək daha əlverişlidir:

"Gəncədə Dəmir yol vağzalı mərkəzdən uzaq yerləşdiyi üçün taksi ilə vağzala getmək 5-7 manat edir. Kimsə gətirsə belə benzin xərci çoxdur. Uşaqlar üçün bilet 10 manat olduğundan 2 böyük 1 uşaq üçün bilet 50 manat edəcək. “28 may”da düşüb taksi ilə evə getmək 5-10 manatdır. Ailəvi getmək üçün minimal xərc 60 manat, evi vağzaldan uzaq olanlara isə 70-80 manata başa gələcək. Bu variantda nəqliyyatdan 2 dəfə düşüb minmək lazımdır. Ancaq ailəvi getmək üçün komfortlu taksiyə 80 AZN verirsən, səndən başqa heç kimi götürmür. Taksi gəlib evdən götürür və getdiyin yerin qapısına kimi sürür. Bir dəfə oturursan, bir dəfə düşürsən. Qatarda millətin içində getməkdənsə, elə taksi ilə gedərəm".

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, QSC qiyməti artıra bilərdi, ancaq ikiqat artıma ehtiyac yox idi.

"Aidiyyəti qurum qiymət artımını xərclərin çoxluğu ilə izah edir, “qiymət artımı qaçılmazdır” deyir. Ancaq mən düşünürəm ki, indiki dövrdə belə qiymət artımına gərək yox idi. İkiqat artım cəmiyyətdə normal qarşılana bilməz. Düzdür 5 il əvvəl alınan qatarla indi alınan qatarın qiymətində çox böyük fərq var. Dünyada enerji daşıyıcılarının qiyməti artdıqca bahalaşma qaçılmaz olur. Amma birdən-birə qiyməti ikiqat artırmaq düzgün deyil".

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Toplum TV”-nin sorğusuna cavab olaraq bildirir ki, qurum sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınmasından əldə etdiyi gəlirlər hesabına qarşılayır, ona gərə də qiymət artımı qaçılmazdır.

“Beynəlxalq məsləhətçi şirkətlərin “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş haqları dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man