"Evdə Xudayar, çöldə Mirzə Səfər obrazına girən riyakar və özündən müştəbehin etdiklərinə səssiz qalmaq..."
AXCP sədrinin eks müavini Fuad Qəhrəmanlı ilə boşanma ərəfəsində olan yazar Zümrüd Yağmur sosial şəbəkədə daha bir qalmaqallı statusla çıxış edib.
Z.Yağmur ölkədə sayı gün-gündən artan qadın cinayətləri mövzusuna toxunub və bu problemlər üzərinə birinci yazısı olduğunu qeyd edib.
"Bizi niyə öldürürlər? Amma ölüm təkçə fiziki deyil!" başlıqlı yazı-statusda xanım yazar qadın olmağın çətinliklərindən bəhs edib. Amma yazdığı fikirlərin bir çoxunun ünvanlı olması və sətiraltı boşanmaqda olan əri F.Qəhrəmanlını nəzərdə tutması açıq-aşkar hiss olunur.
Sfera.az yazını təqdim edir: "Qadın olmaq… Nədir? Qadın olmaq başına açılan min oyuna dözmək, bütün hüquqların, duyğuların, arzu və istəklərinin əlindən alınıb sənə "ağıllı qadındı, əri başına min oyun açdı, amma dözdü, ailəni dağıtmadı” deyən "qatillər sürüsünün” içində o "ailə” deyilən həbsxanada gecələri sabah etməkdir bəlkə? "Ağıllı qadın” elan olunursan, uşaq başını iki ucuz konfetlə aldatdıqları kimi, səni də iki ucuz, içi boş kəlmə ilə ovudurlar. Amma nədirsə, sənə "ağıllı” kəlməsini tac edənlər o ağıldan özləri heç faydalanmaq istəmir və istədiyini edib "mən kişiyəm” hikkəsi ilə sənin ömrünə terror əsdirir.
Ətrafındakı hər kəsin, hətta qadınların belə "başqasının hinində banlayan xoruzları”nı "kişi” sayması eybəcərliyinə şahid ola-ola içində gözəl nəsə saxlamağa can atıb sonda əsəbləri pozulmuş, tükənib bitmiş birinə çevrilməkdi Azərbaycanda qadın olmaq.
O "xoruz”a sayğı duymaq, onu ətrafda da sayğıdəyər göstərmək üçün az qala hamıya bir yalan söyləməyə məcbur buraxılmaqdır. Ətrafında olan dürüstlük və yenə dürüstlük iddiasında olanların da səndən min cür oyun oynayıb daha yaxşı yalançı olmanı gözlədiklərini hiss edib dişlərini sıxıb "səbr” deyib əslində, daha inamını belə itirdiyin "ilahi ədalət” deyə pıçıldamaqdı qadın olmaq!
"Xoruz” bildiyini övladlarına ata kimi, mötəbər biri kimi tanıda bilmək üçün dəridən- qabıqdan çıxmaqdır. Övladının gözünün qabağında min hoqqadan çıxan, evdə Xudayar, çöldə Mirzə Səfər obrazına girən riyakar və özündən müştəbehin bütün etdiklərinə səssiz qalmaqdır.
"Qadın iffəti, namusu, əxlaqı” deyib gözü hədəqədən çıxanların kənar əyləncələrdən dönüb "az, mənə çay ver, özümü yaxşı hiss etmirəm” kəlməsinin qarşısında əsəbləri dözməyib dava salanda da xəstə, həyasız elan olunmaqdı bu ölkədə qadın olmaq...
Sənə "bacı, dost” deyənlərin üzündəkli qançırları görüb "döz, balaların var” deməsidir. O bala dediklərinin əslində, ürəyində o qancırlardan yaraların oluşduğunu hayqıranda, "uşaqdı, ötüb gedəcək, çox şişirtmə, biz də bunları yaşamışıq, nə olub ki, ölmüşük?” deyənlə "elə olan budur ki, sən belə xəstə yanaşmaya sahibsən, normal düşünə bilmirsən, özünü mədəni adam sayıb şiddətə haqq qazandırırsan” deyə bilməməkdi.
Azərbaycanda qadın olmaq "ədalət” deyənlərin sənin haqqını ən ucuz şəkildə yeməsidir.
Qadın olmaq hər şeyə rəğmən kirpiyi ilə od götürüb əzab çəkmək, övlad böyütmək, amma içində qadınlıq duyğularını saxlayanda "boyun bərabəri övladın var, ayıbdı” deyib ən yaxşı halda arsiz elan olunmaqdı.
Hələ yaşın bəlli bir yaşa gəldisə, diri-diri məzara gömülməkdi qadın olmaq!
Təkliyi sənə dünyanın cənnəti kimi sırıyanların bir gün belə tək qalmaq istəməməsini görmək, "o kişidir də, tək qala bilməz” iddiasını az qala hər gün dinləməkdi.
Ömrünü qadın olmağın sərhədləri içində şəkilləndirən qadınların mahiyyətdə gözdən düşüb "arvad”a çevrilməsi, başqa qadının əlçatmazlığında əzilən namus anlayışının əslində, bomboş olduğuna şahidlik edə- edə içinə yığılan şübhələrin yaratdığı boşluqlarda vargəl etməsi, azadlığını əldə edə bilməyənlərin ərəb turistlərinin oyuncağına çevrilməsi və nəticədə lənətlənib yenə aşağılanmaqıdır bu ölkədə qadın olmaq…
Siyasi eybəcərliyin, tamahkarlığın və oğurluğun nəticəsində gücsüz düşüb maddi çəhətdən "xoruz”un verdiyi qəpik- quruşa möhtac qalmaq, "ilahi nə edim, övladlarıma nə yedirim, hara gedim?” carəsizliyinin hər gün öldürdüyü qüruruna santım- santım, iynə ilə gor qazmaqdı…
İstəmədən ərə verilmək, oxumaq istədiyin halda "otur oturduğun yerdə” deyilib arzularının içinə yük edilməsidir. Bir az bərkdən gülən "abırsız” yeniyetməyə ərgən kimi reaksiya verən "yaşlı- başlı” kişinin əməlinə qarşılıq "hər şey qadından asılıdır” deyənlərin əhatəsində səbrini basıb yaşaya bilmək üçün dişini sıxmaqdır qadın olmaq.
Bu ölkədə qadın olmaq diriykən ölməkdir, ölüykən "anam, bacım olsun” kimi saxtakarcasına anılmaqdan başqa bir şey deyil.
***
Sənin cinsiyyətin var, şəxsiyyətin yoxdur.
Əgər şəxsiyyətinlə öndə olmaq istəsən, "buna bax, ərini saymır” deyib qınayacaqlar.
Geyinib özünə baxsan, "bütün günü özüylə oynayır, əxlaqsızın biridi yəqin, kimə bəzənir bu?” deyəcəklər.
Baxımsızsansa, "pintinin biridir, əri yazıq bunu aldatmasın nə etsin” deyəcəklər!
Sussan, "əşi özü günahkardı, vaxtında boşanaydı” deyəcəklər.
Danışsan ”arsızdı, nə vacibdi, biz dözmüşük, ata -babandan belə olub da” deyəcəklər!
***
Qısa özətlədim. Bu qaranlıq ölkədə qadınlığın zülmətində qadın ola bilməkdən yazdım.
Əslində, zehniyyətimizdəki qaranlıqdan yazdım. Çünki bütün bu yazdıqlarım qadın olmaq deyil əslində, mahiyyətdə öz qatilinə aşiq olan qurbanın psixolojik durumudur. Bütöv bir xalq da öz zülmətinə aşiqmiş kimi qaranlığa sürünür. Əylənir, yaşayır, amma əylənmir, yaşamır, bütün bunlar zənndir…
Düşünür, şərh edir, amma yenə də düşünmək deyil, zənn etmək də deyil, zənni-gümanı öz həqiqitənə çevirib əhkam kəsir, əslində, aydınlanmaya dirəniş göstərir. Adət, ənənə deyir, amma keçən əsrdə də o "adət” deyənlərin vaxtı ilə öldürmək istədiyi Üzeyir Hacıbəyovu bü gün dəyərə çevirib. Səhnəyə üzü açıq çıxan müğənni Şövkət Məmmədovanı öldürmək istəyən qoçuların düşüncəsindən xilas ola bilməyib, amma bu gün "şərqdə ilk üzü açıq səhnəyə çıxan qadın müğənni bizdə olmuş" deyib hava atır. Ərəblinskini qadın paltarı geyinib Leyli rolunu oynadığına görə öldürənləri qınayır, amma bu gün özü o tətiyi çəkənlərdən heç də fərqli düşünmür.
Demokrat, liberal deyib cəmiyyətə dəyişiklik, hər kəsin azad yaşaya biləcəyini vəd edənlərin özü fərqli düşüncəni qəbul etmir və hətta irəli gedib fərqli düşünənləri linç edib onlar haqqında "mənim belə övladım olsaydı, imtina edərdim” deyəcək qədər özünə haqq tanıyır.
***
Bu ölkədə xoşbəxt qadın yoxdu.
Bu ölkədə heç xoşbəxt kişi də yoxdu.
Çünki bu ölkənin kişilərində böyük qadınları daşıyacaq güc yoxdu. Həyatı şəhvət oyunlarının şahmat taxtası zənn edən, "mən kişiyəm, mənə olar” təkəbbürünün zibilliyində eşələnib ona dəyər verənlərin gözündən düşən, amma bir şəkildə "adət” hikkəsindən əl çəkməyib tiranlıq iddiasında olanların mahiyyətdə həm özünü, həm də digərini qaranlığa sürükləyən zehniyyət və düşüncə bataqlığı qurumadığı sürədə hər kəs bir şəkildə qurbandı.
P,S. Yazını kimsə şəxsi alqılamayacaq yəqin… Ümid edirəm, əhkam kəsən olmaycaq. Olacaqsa da bunu da Azərbaycanda qadın yazar olmağın bəlası kimi dəyərləndirəcəm.
P.S.S. "Qadınlar çoxmu böyük düşünür, elə hər şeydə kişilər günahkardı, kişiləri də böyüdən qadınlardı” düşüncəsi olacaq yəqin. Doğru sual və sualın olacağını təxmin etdiyimdən bu mövzuyla bağlı ikinci yazını da bunun üzərinə yazmağı düşünürəm.
Maraqlıdırsa, gözləyin!"