Son zamanlar paytaxt yollarında dilənçilərin artması müşahidə edilir. Xüsusilə azyaşlı uşaqların işıqforlarda dayanan avtomobillərə yaxınlaşaraq pul istəməsi, bir anda özlərini avtomobillərin qarşısına atması ciddi təhlükə yaradır. Bu kimi hallar sürücülərin diqqətini yayındırır və qəza təhlükəsi yaradır.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı paytaxt polisi tərəfindən sistemli tədbirlər görülüb:
"Paytaxtda dilənçilik, tüfeyli həyat tərzi keçirən şəxslərin, azyaşlıların profilaktikasına qarşı mübarizə tədbirləri tərəfimizdən davam etdirilir. Paytaxt polisi bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq, dilənçiləri inzibati məsuliyyətə cəlb etməklə qeydiyyatda olduqları rayonlara göndərilməsini təmin edir, azyaşlılar isə valideynləri, yaxud qəyyumları müəyyən olunaraq onlara təhvil verilir.
Təhlillər göstərir ki, azyaşlıların dilənçiliyə sövq edilməsində əsas məqsəd cəmiyyətin onlara daha həssas yanaşması və humanistliyidir. Onlar bilirlər ki, cəmiyyət azyaşlının məsumluğuna etinasız yanaşmır”.
Onun sözlərinə görə, həmin şəxslərə sədəqə verənlərin sayı çoxdur:
"Sədəqə verənlərin sayının çox olması dilənçiliyi həyat tərzinə çevirir. İnsanlar sədəqə verməklə dilənçiliyi stimullaşdırır. Bunun qarşısı alınmalıdır ki, dilənçiliyi həyat tərzi seçənlər bu yolla yaşamağa üstünlük verməsinlər. Bu istiqamətdə profilaktikada tək polis yox, həm də cəmiyyətin hər bir üzvü fəallıq nümayiş etdirməlidir.
Əsasən, əhalinin sıx olduğu yerlərdə dilənən azyaşlıların kənardan idarə olunduğu polisə məlumdur. Tərəfimizdən aşkarlanan hər bir fakta, inzibati xəta tərkibi yaradan hala görə qanunvericiliyə uyğun tədbirlər görülür”.
Elşad Hacıyev dilənçiliklə cinayətkarlıq arasında əlaqə olduğunu deyir:
"Bununla bağlı son aylarda rast gəlinən örnəklər var. Üç azyaşlının oğurlanması, narkotiklərin qanunsuz dövriyyəsi və talama cinayətlərin dilənçilər tərəfindən törədilməsi sübuta yetirilib. Bu, cəmiyyət üçün ibrət olmalıdır ki, dilənçiyə münasibətdə ehtiyatsızlıq etməsinlər, onlara güvənməsinlər.
Onların ictimai təhlükəli əməlləri sırasına, əsasən, oğurluq, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Bu əlaqə dilənçiliyin yoxsulluq mahiyyətindən ayrılaraq cinayətkarlığın əlamətinə çevirir.
Bunu nəzərə alaraq, Avropa ölkələrində dilənçiliyə qarşı daha radikal mübarizə aparılır. Tək dilənən məsuliyyətə cəlb olunmur, eyni zamanda, dilənçiyə sədəqə verənlər qanunla cəzalandırılır”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyir ki, küçələrdə dilənçilik edən uşaqların əksəriyyəti bölgələrdən paytaxta qaçıb gələn azyaşlılardır:
"Təəssüf ki, bu gün dilənçilik və avaraçılıqla məşğul olan uşaqların yarısı valideyn-övlad münasibətlərinin qaydasında olmaması səbəbindən evdən qaçanlardır. Onların valideynlərinə qaytarılması məsələsi isə bir qədər çətin olur. Biz müraciətlərlə bağlı ailələrin sosial durumunu araşdırırıq.
Aidiyyəti qurumlara müraciət edərək, onların müəyyən sosial yardımlara cəlb edilməsinə çalışırıq. İlk növbədə danışıqlarla münasibətləri qaydasına qoya biliriksə, həmin uşaqları ailələrinə qaytarırıq. Ailələrinə qaytarılması mümkün olmayan uşaqlar isə müvəqqəti olaraq müxtəlif sığınacaqlara yerləşdirilsə də, bir müddət sonra yenidən küçə həyatına qayıdırlar”.
Azyaşlı uşaqların dilənçilik və avaraçılığa cəlb olunması ilə bağlı il ərzində komitəyə 400-500 müraciət daxil olduğunu deyən P.Əliyev onu da qeyd edib ki, həmin uşaqları yenidən cəmiyyətə qazandırmaq üçün sığınacaq, reablitasiya mərkəzlərinin yaradılması vacibdir:
"İl ərzində bu müraciətlər stabil olaraq 400-500 arasında dəyişir. Onların içərisində hər yaş kateqoriyasında olan uşaqlar var. Məktəb yaşlarında olan uşaqlar üstünlük təşkil edir. Konkret yaş həddi deyə bilməsək də, bu məsələ dinamikdir. Uşaqların əksəriyyəti oğlanlar və heç vaxt məktəbə getməyən uşaqlardır.
Bizə daxil olan müraciətlərə maksimum dərəcədə operativ reaksiya verməyə, məsələnin həll olunmasına çalışırıq. Lakin o uşaqların yerləşdirilməsi üçün reablitasiya mərkəzləri olmadığından, eyni zamanda, ailələrinin yanına da qayıtmaq istəmədikləri üçün yenidən küçələrə üz tuturlar.
Təəssüf ki, bu halda da heç bir nəticələr əldə edə bilmirik. Sənədləri yerində olan uşaqların təhsilə cəlb edilməsi üçün Təhsil Nazirliyə müraciət ünvanlayırıq. Bəzən elə uşaqlar olur ki, 10-12 yaşları olsa da, heç vaxt məktəbə getməyiblər.
Bəziləri isə daha kiçik yaşlarda olur, çalışırıq, onların təhsilə cəlb edilməsini təmin edək. Bununla bağlı təklif irəli sürmüşük. Lakin məsələ ilə bağlı hər hansı tədbirin görülməsi digər qurumların səlahiyyətində olan məsələdir”.
P.Əliyev uşaqların evdən qaçması ilə bağlı bir sıra səbəbləri də sadalayıb:
"Uşaqlar ən çox qeyri-normal valideyn-övlad münasibətləri səbəbindən evdən qaçırlar. Bundan başqa, onlar arasında ailəsi tərəfindən zorakılığa məruz qalanlar da olur. Yəni burda ailənin sosial durumunun qaydasında olmamasını misal göstərmək olmur.
Ona görə ki, bəzən imkanlı ailənin uşağı belə evdən qaçıb bizim komitəyə müraciət edir. Araşdırma zamanı bəlli olur ki, valideyn öz uşağı ilə düzgün münasibət qura bilmir. Yaxşı olar ki, valideynlər uşaqları ilə təmkili davranıb, onlarla həmsöhbət olsunlar”. (oxu.az)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man