Məlum olduğu kimi, 2010-cu ilin 8 iyun tarixində Milli Məclisin (MM) qərarı ilə təsdiqlənən Hərbi doktrina elə həmin ayın 17 iyun tarixində imzalanaraq, hüquqi qüvvəsinə minib.
Sənədə əsasən, Hərbi doktrina Azərbaycan xalqının və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.
Həmçinin, Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycanın mövqeyini əks etdirir.
Qeyd edək ki, Hərbi doktrinanın qəbulundan artıq 10 ilə yaxın vaxt keçir və ötən müddət də həmin sənədə müəyyən korrektələrin edilməsi təkliflər irəl sürülüb.
Konkret olaraq, bir sıra siyasilər, millət vəkilləri Azərbaycanın işğalçı Ermənistanla yanaşı, şimaldan, cənubdan və qərbdən tez-rez təhdidlər və təzyiqlərlə üzləşdiyini bildirərək, bu sənədə bəzi dəyişikliklərin olunmasını, onun daha da sərtləşdirilməsini məqsədəuyğun hesab etdiklərini dilə gətiriblər.
Belə olan halda, adıçəkilən sənədə yaxın zamanlarda korrektələr edilməsi mümkündürmü və gözləniləndirmi?
Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə hesab edir ki, Hərbi Doktrinanın qəbulundan 10 ilə yaxın vaxt keçsə də, onun dəyişdirilməsinə, korrektəyə məruz qalmasına ehtiya yoxdur.
Onun sözlərinə görə, çünki həmin sənəd müasir dövrün reallıqlarına və çağırışlarına tam cavab verir.
Millət vəkili eyni zamanda deyib ki, artıq təzyiqlər, tədidlər dövrü geridə qalıb, Azərbaycan ötən illər ərzində hər bir cəhətdən güclənib və indi onunla təhdid, təzyiq dilində danışılması mümkün deyil:
"Bu baxımdan, Hərbi doktrinanın indiki reallıqda dəyişdirilməsinə və ya ona korrektlər edilməsinə elə bir zəruri ehtiyac görümürəm. Bu sənəd bütün məqamları özündə ehtiva edib, Azərbaycanın mövqeyini, baxışını ortaya qoyub. Odur ki, hələlik hansısa dəyişiklik ehtiyacı da ortada yoxdur”.
MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov öz növbəsində bildirib ki, Azərbaycan bütün dünyaya öz siyasətini açıqlayıb, bəyan edib.
"Mənim fikrimcə, burada hansısa qeyri-müəyyənlik yoxdur.
Birincisi, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində davranış nümayiş etdirir.
İkincisi, hər zaman öz siyasətimizlə regionda sülhün, tərəqqinin inkişafına tərəfdar çıxmışıq.
Üçüncüsü və ən əsası, bizim apardığımız siyasət nəinki dünyada qəbul olunmağa başlayıb, hətta, əsas kimi götürülməyə zəmin yaradır.
Bu nöqteyi-nəzərdən Azərbaycanın mövqeyi şəffaf və tam açıqdır.
Qeyri-müəyyən, açıq olmayan, başadüşülməyən və hiyləgər siyasət nümayiş etdirən isə təəssüflər olsun ki, Ermənistandır”-deyə, S. Seyidov sözlərinə əlavə edib.Etikxeber.az