"Telekanallarda gedən serialların heç birinə baxmıram, çünki baxanda əsəbləşirəm”
"Bu kino çəkənlərin nazıynan çox oynayırsan haa, Kərbəlayi...” - mərhum Məlik Dadaşov sağ olsaydı "Qəmlo”nun dili ilə Azərbaycan kino sənətinə belə qiymət verərdi.
Ya da son söz demək imkanı yaradılsaydı son nəfəsində Siyavuş Aslan "8 min pul alıblar məndən, oynamaqlarına bax” deyib gileylənərdi.
Yaşar Nuri film sahəsindəki qeyri-peşəkarlıqları, duzsuz-istiotsuz, təlxək, mütrüb, kəndirbaz, düşündürə, güldürə və ağlada bilməyən indiki aktyor-aktrisa heyətini görsə hirsindən "sənin əyri ayaqlarından ”raqatka" düzəltməsəm, atamın oğlu deyiləm" deyibən şikayətlənərdi.
Səhnəmizin ilk və tək qayınanası Nəsibə xanım Zeynalova da çox güman ki, kinomuzu bu günə qoyanlara "əlün qurusun, əlüün” deməkdən çəkinməzdi.
Azərbaycan kino sənəti ötən əsrin ortaları və sonunda böyük bir məktəb qoymuşdu: neçə-neçə dahi rejissorlar, istedadlı aktyorlar, yaddaşlardan silinməyən obrazlar, filmlərimizdə personajların səsləndirdiyi sözlərin bu gün də dillərdə əzbər olması, peşəkar operatorlar, yüksək sənət nümunəsi və s.
Lakin 90-ların sonunda və ən əsası son 15 il ərzində kinomuz deformasiyaya uğramağa başladı. Bəlkə də barmaqla göstərilə bilən yeni filmlər çəkilib.
Sanki Azərbaycan kino sənəti ağ-qara ekrandan, boz bir mənzərədən ibarətdir. Axır illərdə isə yeni çıxan aktyorlar komediya filmləri, seriallar çəkməyə başlayıblar, amma onların da çoxu şit, bayağı alınır.
"Bizim bu günə düşməyimizin səbəbi elə tamaşaçının arxasınca getməkdir”
Bu mövzuda səhnəmizin sonuncu mogikanlarından biri, xalq artisti Rasim Balayevlə söhbətləşmişik. Onun "Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Rasim müəllim, son illərdə bizdə dram janrında filmlər çəkilmir?
- Səbəblər çoxdur. İlk növbədə bugünkü şit kinolarla camaatın zövqü korlanır. Çoxu hır-hırı, boş-boş, düşündürməyən gülüşü sevir. Mən bu sözü hamıya aid edə bilmərəm. Ancaq reallıqdır, əksəriyyəti mənasız komediyaya baxır.
Bir tərəfdən də bu gün sənət kommersiya olub, gəlir mənbəyi kimi baxılır. Bizim vaxtımızda sənət kommersiya deyildi. İndi ucuz, şit komediyanı çəkirlər ki, reytinq qazansınlar. Kütlə də görürlər ki, ona baxır. Təəssüf ki, belədir.
- Biz istəsək ciddi film ortaya qoya bilmərik?
- Niyə qoya bilmirik ki? Əslində istəsək çox yaxşı fimlər araya-ərsəyə çıxarmaq olar. Özü də ciddi sənətə aclığı olan, onu tələb edən zümrə nəzərə alınmalıdır. Onlar bu gün çəkilən həmin ucuz komediyalara baxmırlar.
Mən həmişə demişəm ki, tamaşaçının dalınca getmək lazım deyil. Azərbaycan kino sənətində ağıllı, peşəkar adamlar var, onlar ortalığa düşsələr, ciddi əsərlər meydana çıxar, tarixi filmlər, dramlar çəkilər.
Buna potensialımız çatır. Bizim bu günə düşməyimizin səbəbi elə tamaşaçının arxasınca getməkdir. Rejissor, aktyor, bütövlükdə kino adamları kütlənin zövqünü formalaşdırmalıdır.
Ona görə də bu işi səlahiyyəti olan adamlar etməlidirlər. Rasim Balayevin bir səlahiyyəti, əlində imkanı yoxdur ki, nəsə iş görsün, olsaydı edərdim.
- Son vaxtlar Emil Quliyev adlı rejissorun "İkinci Pərdə” filmi çox müzakirə olunur. Efirə verilməyib, çünki 18+ filmdir, mən baxmışam, orada söyüş səhnələri çoxdur. Sizcə, filmdə söyüş, vülqar sözlər sənət azadlığıdırmı?
- Qətiyyən belə deyil və mən bunun tamamilə əleyhinəyəm. Azadlıq o deyil ki, sən küçə sözünü efirə, mədəniyyətə gətirəsən. Bizi bu günə salan belə işlərdir. Söyüş rüsvayçılıqdır, onu incəsənətə necə gətirmək olar?
Belə açıq-saçıqlıq, filmə söyüş gətirilməsi gəncliyimizi pozur, onun həyata baxışlarına təsir edir. Bax belə axmaq işlərlə zövqü korlayırlar.
Bu yolla da bir qisim insanları ələ ala bilirlər, yolverilməzdir. Sənətin işi ibrət verməkdir. Elə kinolar çəkmək lazımdır ki, oradan dərs alasan.
"Filmə söyüş gətirilməsi gəncliyimizi pozur, onun həyata baxışlarına təsir edir”
Biz vaxtilə senzuranın ləğvini tələb edirdik, indi o vəziyyət yaranıb ki, bərpasını arzulayırıq, istəyirik ki, bu ucuz, insanlara verilən hır-hır kinolara nəzarət olunsun.
Komediya düşündürücü olmalıdır, tamaşaçıya mesaj verməlidir, oradan nəsə götürməlisən, boş-boş gülmək bizə nə verəcək? Mən bilmirəm biz bununla hara gedirik?
- Rasim müəllim, prezident bu yaxınlarda kino sənəti üçün 5 milyon manat ayırdı, bu vəsaitlə yaxşı filmlər çəkmək mümkündürmü?
- Bu suala birmənalı cavab vermək çətindir. Gərək kitabı oxuyub qurtarasan, sonra fikrini söyləyəsən.
Ona görə iş prosesində bilmək mümkündür ki, həmin maliyyə ilə ortaya hansı səviyyədə sənət çıxarmaq olar.
Əsas odur ki, iş görülsün, biri pis olar, ikisi pis olar, nəhayət, ortaya normal film çıxar. Bu gün qarşımızda dayanan əsas məsələ yeni nəsil yetişməsidir.
Çünki bir zəncir qırılıb, onu birləşdirmək mütləqdir. Biz yeni nəsil yetişdirə bilməsək, o zənciri bərpa eləməsək çətin olacaq.
İndi köhnə aktyorların, rejissorların əksəriyyəti yaşlıdır, xəstədir, kimisi rəhmətə gedib, film çəkə bilmirlər.
Yeni nəslin üzərinə vəzifə düşür ki, yaxşı əsər ortaya qoysunlar. Bura həm rejissor, həm aktyor, həm operator işi daxildir.
- Siz yeni nəsil yetişməlidir söylədiniz. Yaxşı rejissor, pis aktyor olur, yoxsa aktyorun pisi olmur, rejissor pis iş ortaya qoyur?
- Aktyorun pisi olmur. Rejissor hökmən yaxşı olmalıdır. Aktyoru rejissor yetişdirir, onu kəşf edir, hansı obrazı yaxşı yaradacağını bilir. Rejissor ssenari müəllifidir, onun təqdim etdiyi materialı aktyor işləyir.
- Bu gün efirdə gedən "Niyə” adlı komediya serialını tərifləyirlər. Deyirlər ki, orada yer alan istedadlı aktyorlardır. Baxırsınızmı?
- Telekanallarda gedən serialların heç birinə baxmıram. Çünki baxanda əsəbləşirəm, məni baxmağa qoymurlar. Aktyor istedadlı ola bilər. Amma heç bir sənət əlaməti yoxdur.
Axı yaxşı material, gözəl rejissor işi olmalıdır. Rejissor tamaşaçıya bu filmlə nə demək istədiyini nümayiş etdirməlidir. Bax, bu çatışmır.
- Belə görürəm kino sənətimizin gələcəyi ilə bağlı ümidsizsiniz, ruhdan düşmüsünüz...
- Ruhdan düşmək deyəndə ki, nə etmək olar, reallıq bundan ibarətdir: ucuz yumor, hır-hır, mənasız, şit hərəkətlər...
Emil SALAMOĞLU,
"Yeni Müsavat”