1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Başlıbel kəndində törətdiyi qətliamdan 26 il ötür.
Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində 76 nəfər evlərini tərk edə bilməmiş, Ermənistan ordusunun mühasirəsində qalmışdı. Həmin sakinlərdən 14 nəfəri aprelin 2-də mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər isə Başlıbel kəndin ərazisindəki kahalara sığınaraq mühasirə həyatını davam edib. Lakin erməni hərbçiləri aprelin 18-də kəndə qarətə gələrkən "Portda" adlanan ərazidəki kahalara sığınan dinc sakinlərin yerini müəyyənləşdirərək onların üzərinə silahlı hücum etmiş, köməksiz vəziyyətdə qalan insanlara divan tutmuşdu. Düşmənin amansız hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib.
Tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Elxan Salahovun bu ilin əvvəlində çapdan çıxmış "Qanlı kaha” kitabında ermənilərin Başlıbel kəndində törətdiyi faciədən ətraflı bəhs olunur. Sənədli-publisistik povestdə Kəlbəcər rayonunun işğalı zamanı 113 gün ərzində Başlıbel kəndində mühasirədə qalmış və aprelin 18-də ermənilərin "Portda" kahasında törətdiyi faciələri gözləri ilə görmüş şahidlərin xatirələri əsasında qələmə alınıb. "Qanlı kaha” kitabında əksini tapmış bu dəhşətli hadisəni - ""Portda”da döyüş" adlanan 18 aprel faciəsi barədə bölümü oxucularaq təqdim edirik:
"Portda”da döyüş
Başı qarətə qarışmış ermənilər Başlıbeldə mühasirədə qalan 62 nəfərin kəndin kənarındakı kahalara çəkilib dağlara sığındığını ağıllarına da gətirmirdilər. Təkcə aprelin 18-də kiçik bir təsadüf olmasaydı...
Aprelin 18-də günorta saatlarında kahalara sığınan camaat nahara hazırlaşırdı. Sərmayə və Nərgiz kahalardan birinin qarşısında sacda xamralı çörəyi bişirirdi. Qızlardan bir neçəsi isə günorta yeməyi üçün borş hazırlamışdılar. Bir azdan kahadakılar hamısı nahar süfrəsi başında oturub yemək yeyəndən sonra hər kəs öz işinin arxasınca gedəcəkdi – kimi postda dayanan yoldaşlarını əvəz edəcək, kimi odun-ocaq toplayacaq, kimi çöllərə səpələnmiş heyvanlardan birini tutub kəsmək üçün fürsət axtaracaq, bir neçə nəfər ərzaq gətirmək üçün kəndə gedəcək, bir başqası isə...
Qədim dayı həmişəki kimi, "Kahanın başı”na getməyə hazırlaşırdı. O, qızların bişirdiyi borşdan Mayaxanım nənəyə pay aparacaqdı. Amma bir qədər gözləmək lazım idi, Sərmayəgilin sacda bişirdiyi çörək hələ hazır deyildi. Kişilərin bir qismi nahar edəcəkləri kahaya toplaşıb söhbət edirlər. Ötən gecə ərzaq gətirmək üçün kəndə gedən İsmət, Mahir və Səlim yandırılmış və qarət olunmuş evlərdə gördüklərini mühasirə yoldaşlarına izah edir, ermənilərin törətdiyi vəhşiliklərdən danışırdılar. Geri qayıdarkən onların başlarına gələn hadisə hamını qorxutmuşdu.
Aprelin 17-dən 18-ə keçən gecə "Portda”dan kəndə gedən gənclər ciddi maneələrlə üzləşmədən bir neçə evi gəzərək tapa bildikləri ərzaqları torbalara doldurub geri qayıdacaqları yolun kənarında qoyurlar. Onlar kənddə ermənilərin olduğundan xəbərdar idilər. Ona görə də ehtiyatla hərəkət edir, ermənilərin gecələyə biləcəyi evlərdən uzaq olmağa çalışırdılar. Dəstə üzvləri xeyli axtarışlardan sonra topladıqları ərzağı götürüb geri qayıtmağa qərar verirlər. Gənclər kəndin "Şırran dərəsi” məhəlləsində – mərhum Məhəmməd Sadıqovun
evinin yanından kahalara tərəf qalxarkən ermənilər onların arxasınca güllə atırlar. Kahaya ərzaq gətirən gənclər arxadan gələn erməni quldurlarının onları hara qədər izlədiklərini müşahidə edə bilməyiblər. Hadisəni kahadakılara danışan Mahir Cəfərov mühasirə yoldaşlarını əmin edir ki, artıq ermənilər onların gizləndiyi yeri müəyyənləşdirib.
Əhvalatı yoldaşlarına danışandan sonra mühasirədə qalanların bir hissəsi oturduqları kahada nahar süfrəsi açıblar. Sərmayəgil hələ sacda çörək bişirirdilər. Dəstə üzvlərinin bir qismi nahar süfrəsində
oturan vaxt kəndin yuxarı hissəsində bir ədəd NİVA maşını görünür. Kahadakılardan bəziləri gizləndikləri sığınacaqdan çıxıb qaçmaq istəyərkən Laçından gələn əsgərlərdən biri "Qorxmayın, kənddəki mal-qoyunu yığıb aparmağa gəlirlər” deyərək onlara heç yerə çıxmamağı tövsiyə edir. Təşvişə düşən camaat nahar süfrəsini yarımçıq yığışdırıb kahanın içərisindən ermənilərə məxsus NİVA-nın getdiyi istiqaməti müşahidə etməyə və onların hərəkətini izləməyə başlayırlar...
Axşamüstü "Yuxarı oba”nın qoyun sürüsü "Novruzun yurdu”ndan otlaya-otlaya kəndə doğru gəlirdi. Ermənilərin NİVA-sı gəlib "Taxta yurdun düzü”nə çıxdı, amma qarşıdakı dərədə yol qalın qar təbəqəsi ilə örtülü olduğundan maşın maneəni keçə bilmədi. NİVA bir qədər geri qayıdandan sonra dayandı, maşının içərisindən düşən iki silahlı erməni "Taxta yurd”un qaşında – "Portda bulağı”nın üstündə oturub ətrafı müşahidə etməyə başladı. Deyəsən, Çiçək xalanın sığındığı kahanın qarşısına çəkilmiş boz rəngli çadırı (Hümmət dayı yataq xəstəsi olan Çiçək xalaya soyuq olmasın deyə, kahanın qarşısını çadırla örtmüşdü) və Telman əminin "Portda”dan "Şırran kahaları”na gedən yolda – Şırran çayının qırağında dayanan UAZ-ını görmüşdülər. Yeddi nəfərdən ibarət ailəsi ilə burada sığınacaq tapmış Məhəmməd kişigilin iti hürür, uzunqulaq isə bir neçə metr aralıda otlayırdı. Həmin mənzərəni görən silahlı erməni quldurları mühasirədə qalmış dinc sakinlərin sığındığı kahalara hücum edirlər.
Aprelin ilk günlərindən Laçında düşmən ordusunun mühasirəsini yararaq Başlıbelə pənah gətirən və kənddə qalan dinc sakinlərləbirgə dağlara çəkilən əsgərlərdən biri - Səlim Mehtiyev erməni quldurlarının kahalara hücumunun başlamasını xatırlayır: "Sığınacaq yerimizi "Qalaça”dan "Portda”ya dəyişəndən sonra kahalardan bir qədər aralıda – "Qayabaşı”da post qurmuşduq. Hər gün gecəli-gündüzlü növbə ilə iki əsgər postda keşik çəkirdi. Aprelin 18-də günorta saatlarında Mahirlə Cəlləd postda idilər. Saat 15 radələrində Habil qaça-qaça kahaya gələrək dedi ki, postda dayanan əsgərlərin yanında olanda "Kahanın başı”ndan yuxarıdakı daş karxanası tərəfdə erməninin "Portda”ya baxdığını görüb. Kəndin və kahanın ətrafına gediş-gəliş yollarının aydın şəkildə görünə biləcəyi yerdə – qayanın dibində qurduğumuz postda əsgərlər keşik çəkirdi. Onlar Habili kahadakılara xəbər vermək üçün göndərmişdilər. Durbinlə ərazini müşahidə edəndə gördük ki, həqiqətən də, karyerdəki kombaynın üstündə bir erməni oturaraq turbinlə bizi izləyir. Əsgərlər durbinlə baxaraq Habilin dediklərini təsdiqlədilər. Bundan təxminən bir saat sonra ağ rəngli NİVA maşını "Kahanın başı”ndan gəlib "Taxta yurdun düzü” istiqamətinə getdi. NİVA gəlib kahaların qənşərindən keçəndə gördük ki, maşının içərisində sürücüdən başqa iki erməni var. İçəridə oturan ermənilərin ikisi də maşının şüşələrini endirib bizə tərəf baxırdı. Əvvəlcədən ermənilərin maşınını görəndə hamıya demişdik ki, hərə öz kahasında gizlənsin, heç kəs bayıra çıxmasın. Dəstəmizdəki silahlı əsgərlər isə camaatın olduğu kahalara bölünmüşdü ki, ermənilər hücum etsələr, cavab atəşi ilə onları qoruya bilək. Həmin vaxt şair Ələkbər də mənim olduğum kahada idi. Maşın bizim kahanın qənşərinə çatanda silahı qaldırdım ki, erməniləri vuram. Ermənilərin NİVA-sı ilə bizim gizləndiyimiz kaha arasında hava məsafəsi təxminən 50-60 metr olardı, əmin idim ki, quldurları vura biləcəyəm. Amma Ələkbər atəş açmağa razı olmadı və dedi: "Amanın günüdü, mənim bütün külfətim kahadadı, atəş açsan, hamımızıburada qıracaqlar”. Ona görə atəş açmadım, NİVA isə kahanın qənşərindən keçib düz dərənin boğazına qədər getdi. Təxminən yarım saatdan sonra gördük ki, ermənilər "Taxta yurd” tərəfdə çöllərə səpələnmiş mal-qoyunun hamısını qabaqlarına qatıb kənd istiqamətində aparırlar. NİVA-nı isə dərənin boğazında saxlamışdılar. Heyvanı kəndə tərəf aparan iki ermənidən biri düz gəlib bizim kaha ilə üzbəüz düzənlikdə – "Portda”dakı bulağın üstündə dayanıb diqqətlə ətrafa baxdı. Deyəsən, bu dəfə bizi görmüşdülər, kahaya tərəf güllə atdılar. İlk güllə Məhəmməd kişinin kahanın qabağında otlayan uzunqulağına dəydi. İkinci güllə qonşu kahada olan Elşad Əzizovun sol çiynini yaraladı. Növbəti güllə atılanda Tacirə qışqıraraq ona da güllə dəydiyini söylədi. Ancaq yaxınlıqdakı əsgərlər baxıb gördülər ki, Tacirəyə güllə yox, erməni gülləsinin qayadan qopardığı daş dəyib...”
Mühasirədə qalan dəstənin gənc üzvlərinə komandirlik edən İsmət Əzizov iki erməni yaraqlısının kahaları aramsız atəşə tutduğunu görərək əli tətikdə olan Səlim Mehtiyevə "Atəş!” əmri verir. Hələ 19 yaşı tamam olmamış Səlimin ilk cavab atəşi ilə bulağın yanından kahaları güllə yağışına tutan ermənilərdən biri yerə sərilir. Bundan sonra ikinci erməni iti addımlarla Telman əminin çayın qırağında dayanan UAZ-ına doğru yaxınlaşır. Həmin erməni də maşına çathaçatda Cəlləd Abbasovun sərrast atəşi ilə məhv edilir. Bayaqdan dərənin boğazında dayanmış NİVA sürətlə kəndə tərəf geri qayıdır. Əsgərlər bu dəfə ermənilərin NİVA-sını nişan alsalar da, məsafə uzaq olduğu və maşın sürətlə getdiyi üçün onu vurmaq mümkün olmur.
NİVA-nın kəndə tərəf sürət götürməsi o demək idi ki, erməni quldurları tezliklə daha böyük qüvvə ilə kahalarda sığınacaq tapanların üzərinə hücum edəcək. Maşın bir qədər uzaqlaşan kimi kahadakılar pərən-pərən düşür, hamı təşviş içərisində qaçmağa çalışır. Silahlı erməni quldurlarının qəfil hücumu düşmənin hədəfindən yayınmağa hazırlıqsız adamlar arasında çaşqınlıq yaradır. Qorxuya düşən qadın və uşaqların qulaq batıran çığırtısı vəziyyətdən çıxış üçün yol göstərən böyüklərin səsinə qarışmışdı. İsmət və əsgərlərdən 5 nəfər kahadan çıxaraq yüksəklikdə mövqe tutdular. Çox çəkmədi ki, içərisi silahlı ermənilərlə dolu olan QAZ-66 kahalara yaxınlaşdı. Düşmən ordusunun canlı qüvvəsini hadisə yerinə çatdıran ikinci ZİL-131 maşını isə yuxarıdan hərlənərək "Portda” kahalarının arxasında, üst tərəfdə mövqe tutdu. İçərisində 30-35 nəfər hərbçi olan maşın kahalara tərəf sürətlə irəliləyir, dinc sakinlərin sığındığı kahaları aşağıdan və yuxarıdan mühasirəyə alırdı. Aşağıdan atəş açaraq kahalara doğru yaxınlaşan ermənilər Azərbaycan dilində söyüşlər söyərək həyasızcasına "Buralar bizimdir, siz burada nə gəzirsiniz?!” deyib irəli atılırdılar. Ermənilərin Azərbaycan dilində sərbəst danışmağı adamları çaşdırmışdı, hətta yoldaşlardan bəziləri onların köməyə gələn Milli Ordu əsgərləri olduğunu güman edirdilər. Ancaq qudurmuş köpək kimi azğınlaşmış peşəkar erməni hərbçiləri qadın və uşaqların, xəstə qocaların sığındığı kahaları güllə yağışına tutmağa başlayanda onlar yanıldıqlarını başa düşürlər.
"Yaqub dayımı kürəyindən vurdular"
İsmət Əzizov ağır hərbi texnikalarla silahlanmış ermənilərin bu hücumunu mühasirə dövrünün ən ağır günü kimi xatırlayır: "Həmin gün postda dayanan yoldaşlarımız ermənilərin kəndi qarət etdiyini görürdü. Onların bütün hərəkətlərini turbinlə diqqətlə izləyirdik. Bilirdik ki, kənddə erməni çoxdur, adətən, axşam günəş batan vaxtlarda kəndi tərk edib gedirdilər və sabah yenidən qayıdırdılar. Bilirdik ki, onlar bizim kahalarda gizləndiyimizdən xəbərsizdirlər, ona görə də arxayın şəkildə talan-qarətlə məşğul olurlar. Onların bir qismi bəzən axşamlar da kəndi tərk etmir, yandırılmamış evlərdə gecələyirdilər. Həmin gün NİVA maşını ilə "Taxta yurdun düzü”nə gələn ermənilər bizi görmürdü. Onların məqsədi örüş sahələrinə yayılmış qoyun sürüsünü qarət edib aparmaq idi. Amma NİVA geri qayıdanda quldurlar Hümmət kişinin yataq xəstəsi olan həyat yoldaşını soyuqdan qorumaq məqsədilə kahanın girəcəyinə vurduğu çadırı gördülər. Həmin vaxt Sərmayə çörək bişirirdi, camaat nahara hazırlaşırdı. NİVA kəndə qayıdıb bizi gördüklərini xəbər verəndən sonra QAZ-66 və ZİL-131 maşınlarında quldurlara köməyə gələn ermənilər kahalara hücuma başladılar. Əksəriyyəti saqqallı "boevik” və rütbəli zabitlər idi. ZİL-131 maşınından düşənlərdən 6 nəfər kahaların yaxınlığına gəlib Azərbaycan dilində müraciət edərək bizi təslim olmağa çağırdılar. Yarı Azərbaycan, yarı türk ləhcəsində deyirdilər ki, təslim olanlarla işimiz yoxdur, hamınızı Qarabağa aparacağıq, oradan Bakıdakı erməni əsirlərinə dəyişəcəyik. Yaşlı adamlardan, xüsusən də qadınlardan bir neçəsi ermənilərin yalanlarına inanaraq kahalardan çıxdılar. Həmin adamların əksəriyyətini girov apardılar, bir neçə nəfəri yerindəcə güllələdilər. Ermənilər Yaqub dayımın üstünə qışqıraraq onu məcbur edirdilər ki, girib kahadakıları çıxarsın. Amma o, yaxşı bilirdi ki, kahadan kim çıxsa, ya öldürəcək, ya da girov aparacaqlar. Ona görə də Yaqub dayım bunu etmədi, bir neçə dəfə kahalara girib-çıxandan sonra içəridəkilərin hamısının öldüyünü deyəndə erməni onu kürəyindən vurdu. Bu zaman quldurlar kahanın qabağına çıxmış Əhliman kişini, Çiçək və Gülgəz xalanı, Büsat arvadla qızı Zövqiyyəni
güllələdilər...”
Axşama doğru atışma şiddətlənmişdi. Ermənilərdən bir neçəsi kahadakı əsgərlərin sərrast atəşi ilə məhv edilmiş iki quldurun o tayda – "Portda bulağı”nın yaxınlığında qalan meyitini götürüb öz maşınlarının yanına qoyandan sonra əsil döyüş başladı. Ermənilərin özləri ilə gətirdiyi tank və BMP "Portda bulağı”nın üstündə dayanıb kahaları vururdu, əliyalın camaatın sığındığı kahalar mərmilərin təsirindən parçalanıb dağılırdı. Zil-131-dən düşən hərbçilər isə "Taxta yurdun düzü”ndə maşından düşüb kahaları mühasirəyə almışdılar.
Artıq hava qaralmışdı. Bu, artilleriya zərbələri ilə dağıdılmış kahaların dərinliklərinə çəkilərək düşmənin aramsız güllələrindən yayına bilən adamların qaçıb uzaqlaşması üçün fürsət idi. Kahaların ətrafındakı iri daşların arxasında mövqe tutmuş əsgərlər bu fürsətdən maksimum dərəcədə yararlanmaq üçün imkan axtarırdı. Onlar düşmənə cavab atəşi açmaqla erməni quldurlarının başını qatmağa çalışırdılar ki, köməksiz vəziyyətdə qalan dinc sakinlər uçub-dağılan kahalardan qaça bilsinlər. Bu zaman zərdablı Vüqar xüsusi qəhrəmanlıq göstərir. Cəmi 22 yaşı olan Vüqar Abdullayev qorxmadan irəli atılaraq aramsız atəşlərlə ermənilərin başını qatır, onların kahadan qaçanların arxasınca düşməsinin qarşısını alır. O, kahada qəlpə yarası almış yoldaşları Məzahir, Elşad, Ədalət və Tacirənin sığındığı kahanı qoruyarkən Məzahir Elşadın yarasını sarıyırdı. Qonşu kahada qolundan ağır yaralanan 36 yaşlı Sərmayə Ələsgərova ağrılara dözə bilmirdi, çoxlu qan itirmişdi. Bir yandan da 8 yaşlı qızı Tacirə ondan ayrı düşmüşdü, döyüş başlayanda sacda çörək bişirirdi, balaca qızını özü ilə birgə kahaya atmağa macal tapmamışdı. İndicə kahadakılardan bir neçəsinin girov aparıldığını öz gözləri ilə görən Sərmayə için-için ağlayaraq hələ döyüşməkdə davam edən Səlimə "Məni öldür!” deyə yalvarırdı.
Çingiz seçim anında: sonuncu güllə ilə özünü vurmalı, ya girov aparılan bacısını?
Saat 17 radələrindən başlayan atışma gecənin yarısına qədər davam etdi. Artıq hamının gülləsi qurtarırdı. Ümidi hər yerdən üzülən əliyalın adamlar kahadan çıxıb qaçmaq üçün fürsət axtarırdılar. Buna cəhd edərkən onların bir hissəsi düşmənin əlinə keçdi. Girov götürülənlər arasında qadınlar və uşaqlar daha çox idi. Bütün ailə üzvləri ilə birlikdə kahalara sığınan 60 yaşlı Məhəmməd kişinin həyat yoldaşı Zibeydə xala, 19 yaşlı qızı Aygün, iki gəlini və üç nəvəsi də girov götürülənlər arasında idi. Məhəmməd kişi və 29 yaşlı oğlu Surxay kahanın qarşısında qətlə yetirilmişdi. Ailənin kiçik oğlu, 22 yaşlı Çingiz Əmralıyev döyüşçü idi, silahı ilə kahaya sığınmış ailəsini qoruyurdu. Amma artıq onun da gülləsi qurtarmışdı, tətikdə bircə güllə qalırdı. Həmin gülləni isə son məqama saxlamışdı.
Mühasirədə qalan camaat hələ dağlara çəkilib kahalara sığınanda dəstədəki əsgərlər öz aralarında qərar qəbul etmişdilər ki, onlar əsir düşməməlidir. Ermənilərin hərbi əsirlərlə qəddar davranışları hamıya bəlli idi. Ona görə də kahalara sığınmış dəstədə silahı olan hər kəs sonuncu gülləni özü üçün saxlamalı və son məqamda əsir düşməmək üçün özünü güllələməlidir. Çingiz üçün həmin məqam yetişmişdi. Ancaq çətin seçim qarşısında idi, gözü görə-görə anası, bacısı, gəlinləri, qardaşı Xasayın iki azyaşlı uşağı girov aparılırdı. Sonuncu güllə ilə kimi xilas etsin? Birçəyi ağarmış 56 yaşlı anasını, orta məktəbi yenicə bitirmiş bacısı Aygünü, 2 yaşlı körpəsini belinə şəlləmiş qardaşı arvadı Arzunu? Yox! Ağdabanda döyüş təcrübəsi qazanmış Çingiz yaxşı bilirdi ki, silahındakı sonuncu güllə ilə ailəsini girov aparan erməni hərbçilərinin hamısını öldürə bilməyəcək. O, ancaq bir nəfəri girovluq əzabından xilas edə bilərdi. Bayaqdan erməninin əlində çırpınan bacısını seçdi. Sonuncu gülləsi ilə Aygünün sinəsini nişan aldı. Zibeydə xala özünü al-qan içərisində yerə sərilmiş qızının üzərinə atıb nalə çəkdi.
Çingiz bacısının girovluqdan xilas olduğuna əmin oldu. Qayalarda əks-səda verərək dağları-daşları lərzəyə gətirən çığırtı səsi erməniləri də vahiməyə salmışdı, onlar türk övladının cəsarəti qarşısında özlərini itirmişdilər. Quldurlar onları vəlvələyə salan güllənin hansı istiqamətdən gəldiyini görmüşdülər. Amma Çingiz erməni hərbçilərinin ona yaxınlaşmasına aman vermədi, cibində saxladığı sonuncu gülləni də çıxarıb silahı hazır vəziyyətə gətirdi. Bu dəfə sonuncu gülləni öz sinəsinə sıxdı. Döyüşçü yoldaşları ilə danışdığı kimi!..
Artıq kahalardan atəş səsləri kəsilmişdi. Ermənilər Çingizin onlara atəş açdığı kahaya yaxınlaşıb axtarışa başladılar. Qadın və uşaqları girov aparan ermənilər bir anlığa onları unutmuşdular. Bu, nəzarətsiz qalan girovların qaçıb gizlənməsi üçün ələdüşməz fürsət idi. Sönməz Ələkbərin həyat yoldaşı Sərmayə ilə Nərgiz yaranmış fürsətdən istifadə edərək uşaqlarının əlindən tutub qaranlıqda gözdən itdilər. Onlar girovluqdan xilas olmaq üçün bir qədər aralıdakı uçurumdan özlərini dərənin dibinə atdılar. Zibeydə xala isə nakam taleli Aygündən ayrılmaq istəmir, ah-nalə çəkərək buza dönmüş qızının xəfif küləyin oynatdığı saçlarına sığal çəkirdi...
Gülgəz nənənin fəryadı
Ermənilər girov götürdüyü adamların bir hissəsini Portda çayı istiqamətində aparanda Hümmət dayı ilə Çiçək xalanın gizləndiyi kahanın qarşısından keçdilər. Qaranlıq olsa da, Hümmət dayı girov aparılanların hamısını tanıdı. Qardaşı Binnət Əhmədov da onların arasında idi. O, bir an özünü saxlaya bilməyib girovları düşmənin əsarətindən qurtarmaq üçün irəli atılmaq istədi. Lakin artıq gec idi...
Çox həyəcanlı idi, dizi üstə kahanın ortasında çöməlib sakitləşməyə, özünü ələ almağa çalışdı. Amma yenə rahatlıq tapa bilmədi, sürünə-sürünə kahadan çıxıb sığınacağın bir neçə metrliyindəki iri boz daşın dibinə qısılaraq girovların arxasınca boylandı. Artıq xeyli uzaqlamışdılar, gecənin qaranlığında onlardan bir neçəsini güclə sezə bildi – qardaşı Binnət, 13 yaşlı qızı Şəqriyyə və 15 yaşlı oğlu Niyyətlə birlikdə lap arxada gedirdi. Əli avtomatlı üç erməni hərbçisi silahın lüləsini girovların başı üzərindən yuxarı qaldıraraq onları cəld yeriməyə
tələsdirirdi. Bir qədər qabaqda 93 yaşlı Kübra nənə, Şamama xala, Mərmər bibi, Leyli xala və Zeynəb...
Hümmət dayı həmin epizodu xatırladıqca gözləri dolur: "Ermənilərin girov apardıqları adamların hamısı mənə doğma idi. Əksəriyyəti qadın və uşaqlar idi, onlara kömək edə bilmədiyimə görə çox üzülürdüm. Xüsusilə də qardaşım Binnətin iki azyaşlı uşağı ilə girov aparıldığını görəndə ürəyim parçalanırdı. Bu, mənim həyatımın ən ağır və üzücü səhnəsi idi...”
Ermənilər onları dilə tutaraq kahalardan çıxarmışdılar. "Qorxmayın, bizim dinc əhali ilə işimiz yoxdur. Sizi aparıb öz yaxınlarınıza təhvil verəcəyik”, – deyə kahaya sığınanları hiyləgərcəsinə aldatmışdılar.
Kahadan hamıdan əvvəl Gülgəz nənə çıxmışdı. Başında qara kəlağayı, belində gümüş kəmər, ağzı yaşmaqlı 88 yaşlı ağbirçək nənə gördüklərindən dəhşətə gəlmişdi. Ermənilər əliyalın camaatın sığındığı kahaların qarşısındakı qayaların arxasında gizlənib avtomatın lülələrini içəri tuşlamışdılar. Gülgəz nənə azğınlaşmış düşmənin hiyləsini dərhal anladı: "Yalan deyirlər, heç kəs kahadan çıxmasın, bunlar hamımızı qıracaqlar”, – deyə fəryad qopardı. İti addımlarla erməni əsgərlərinin üstünə yeridi, gücü yalnız onlara qarğış eləməyə çatdı: "Allah bəlanızı versin, bu camaatı niyə qırırsınız?!..”
Sözü ağzında qaldı, əllərini Tanrıya uzadaraq "Sizi o Allaha tapşırıram” deyəndə düşmən əsgəri avtomat silahın tətiyini sıxdı. Açılan atəş Gülgəz nənəni sığınacağın bir neçə metrliyində yerə sərdi. Güllələrdən biri onun sinəsini dəlib keçmiş, digəri isə qarın boşluğundan – gümüş kəmərin altından dəymişdi...
Tale Gülgəz Əhməd qızı Məmmədovanın qismətinə məşəqqətli, əzab dolu bir ömür yazmışdı. 1915-1918-ci il erməni-müsəlman davası Gülgəz nənənin uşaqlıq, İkinci Dünya müharibəsi gənclik illərinə təsadüf etmişdi. Müharibə illərinin qan-qadasını, ehtiyacın, aclıq və səfalətin bütün çətinliklərinin acısını yaşamışdı. Amma nə amansız müharibələrin dəhşətli ağrı-acıları, nə yoxsulluq, nə də 22 il əvvəl dünyadan köçmüş ömür-gün yoldaşının yoxluğu onun həyat eşqini söndürə bilməmişdi. Təkcə cavan yaşında dünyasını dəyişmiş Məhəmmədəlinin itkisi ilə heç cür barışa bilmirdi.
Böyük oğlu Məhəmmədəli ağır xəstəlik nəticəsində erkən dünyasını dəyişmişdi – 34 yaşında. Bu itkidən sonra Gülgəz nənə həyatdan çox küskün idi. Elə buna görə də Kəlbəcərin işğalı zamanı doğma yurdunu, cavan ikən dünyasını dəyişmiş sevimli oğlunun məzarını tərk edib getmək istəməmişdi.
Ən böyük nigarançılığı da Məhəmmədəlinın atasız böyümüş 1 oğul və 5 qız övladından idi. Amma hələ sovet ordusunda əsgəri xidmətdə ikən atasını itirən İnqilab vətənə qayıtdıqdan sonra bacılarına da atalıq qayğısı göstərərək onları gəlin köçürmüş, ev-eşik sahibi etmişdi. Artıq Gülgəz nənə üçün əzablı və qayğılı günlər keçmişdə qalmışdı…
İztirablı, əzab-əziyyət dolu amansız bir həyat yaşasa da, qədd-qaməti əyilməmişdi. Yayda yaylaq, qışda qışlaq həyatı onu sağlam və gümrah saxlamışdı. Yaşına uyğun olmayan tərzdə cəld və qıvraq idi. Cavan qız-gəlinlər daşlı-kəsəkli dağ yollarında onunla ayaqlaşa bilmirdilər.
Kəlbəcərin işğalı zamanı ömrünün səkkizinci onilliyini tamamlamaqda olan bu ağbirçək nənənin böyüdüb boya-başa çatdırdığı 3 oğlu və 3 qızından 34 nəvəsi, 11 nəticəsi vardı. Onun doğma kənddə düşmən mühasirəsində qalacağını heç kəs ağlına gətirməzdi. Hamı bilirdi ki, Gülgəz nənə heç kəsin köməyinə ehtiyac olmadan Murovun sərt aşırım və dolaylarını aşıb mühasirədən qurtula biləcək...
Gülgəz nənə son ana qədər ermənilərin Kəlbəcəri işğal edə biləcəyinə inanmırdı. Gündə bir neçə dəfə "Kahanın başı” məhəlləsindəki evlərindən çıxıb kəndin dörd bir yanını gəzir, gah "Şırran dərəsi”, gah "Barıtlı dərəsi”, gah "Ortalıq”, gah da "Mirilərin dərəsi” məhəllələrinə gedərək övladlarına, nəvə-nəticələrinə baş çəkir, onları ermənilərin Kəlbəcəri işğal edə bilməyəcəyinə inandırmağa çalışırdı. "Birdən şayiələrə inanıb qaçarsınız ha, bax, ev-eşiyinizi tərk etməyin”, – deyirdi.
Martın 30-da qonşu Xallanlı kəndinin camaatı gəlib Başlıbelin mərkəzindən keçməklə Ağcaqıza, oradan isə Kəlbəcər şəhərinə doğru yol alanda Gülgəz nənənin narahatlığı xeyli artmışdı. Ertəsi gün günortaya yaxın "Şırran dərəsi” məhəlləsinə enərək oğlu Qüdrətgilə baş çəkmək istəyəndə gözlərinə inanmamışdı. Qüdrət müəllim ailə-uşağını da götürüb kəndi tərk etmişdi. Birdən onun dünən axşam dediyi sözləri xatırladı: "Ələsgər şofer Əli ilə danışıb, səni onun maşını ilə yola salacaq...”
Artıq onun üçün hər şey aydın idi, vəziyyətin ciddiliyini ancaq indi başa düşməyə başlayırdı. Qapısı bağlı evin pilləkənləri üzərində oturub xəyala daldı: "Yox, Qüdrət düşünülməmiş topdağıtmaz ev-eşiyi,var-dövləti qoyub getməz. Ona görə dünən mənə "niyə evdə oturmursan?” deyirmiş... Bəs Məhəmmədəlinin balaları? Bəs Tavat, Gülzar, Elmira və onların uşaqları...”
Tövlə tərəfdə buzovların mələşməsi Gülgəz nənəni xəyaldan ayırdı. Ayağa qalxıb iti addımlarla tövləyə yaxınlaşdı. Tövlənin qapısı taybatay açıq, içərisi bom-boş idi. Evin arxasındakı bostana tərəf irəlilədi, yiyəsiz qalan qoyun-quzunun, körpə buzovların ot tayasının ətrafına yığışdığını görəndə hönkürüb ağlamaqdan özünü saxlaya bilmədi...
Bostanın dördbir tərəfinə səpələnmiş mal-qaranı tayanın ətrafına toplayandan sonra bir qədər həyət-bacanı gəzib-dolaşdı. Ürəyində "Mal-heyvanı yiyəsiz qoymaq olmaz, qoy gedib Elmiragildən də xəbət tutum, sonra qayıdaram” deyə fikirləşib Şırran çayı boyunca yuxarı – qızı Elmiranın yaşadığı evə tərəf yollandı...
Onların evinə çatmamış kürəkəni Əlinin yolun kənarında dayandığını görüb ürəkləndi. "Nə yaxşı ki, bunlar getməyib”, – deyə öz-özünə fikirləşdi. Həyətə çatar-çatmaz kürəkəni qaynanasını sorğu-suala tutdu: "Əşi, nə qəzirsən? İndi Ələsgər səni axtaracaq, çıx get evə... Camaat kəndi tərk etməyə hazırlaşır, Qüdrətgil bir az bundan əvvəl getdi, biz də hazırlaşırıq ki, sabah çıxaq...”
Kürəkəninin söylədikləri Gülgəz nənənin qəlbindəki son ümidləri də qırmışdı. Amma yenə də ermənilərin Kəlbəcəri işğal edə biləcəyinə inanmır, camaat arasında dolaşan xəbərlərin şa yiə olduğunu güman edirdi. Hətta evlərini tərk etməyə hazırlaşan qızını, 25-30 yaşlı nəvələrini danlamağa başladı: "Ev-eşiyinizi, var-dövlətinizi qoyub hara gedirsiniz? Vallah yalan deyirlər, erməni buralara gəlib çıxa bilməz! Şayiələrə, dedi-qodulara uymayın, dövlət imkan verməz ki, bu qədər camaat ev-eşiyindən didərgin düşüb aranın düzündə çöllərə dağılsın...”
Gülgəz nənənin bu yalvarışları onları fikrindən daşındıra bilmədi. Könüllü döyüşçülər sırasına qoşulmuş nəvəsi Şahin ön cəbhədən təzə qayıtmışdı. O, Ermənistan ordusunun Kəlbəcəri üzük qaşı kimi mühasirəyə aldığını, Ağdaban və ətraf kəndləri işğal etdiyini, düşmən artilleriyasının "Tunel yolu”nun ətrafını gülləbaran etdiyini gözləri ilə görmüşdü.
Gülgəz nənə geri qayıdanda yaşı 50-ni haqlamış qızı Elmira da anasını yola salmaq üçün onun arxasınca çıxdı. "İstəyirsən, heç evə getmə, uşaqları göndərim Ələsgərə desin, razı olsa, bu axşam bizdə qal, sabah tezdən birlikdə çıxarıq”, – deyə nigarançılıqla anasına söylədi.
"Mən heç yerə gedən deyiləm. Adam da öz ev-eşiyini, illər uzunu min bir əzab-əziyyətlə yığdığı var-dövləti, qapı-bacanı yiyəsiz qoyub gedər?!... Gedirsiniz gedin, beş-on gündən sonra qayıdanda görəcəksiniz ki, bu boyda mal-mülkdən biri də qalmayıb, hamısı dağılıb gedib...”, – deyə Gülgəz nənə qızına acıqlı cavab verdi.
Ana-bala söhbət edə-edə evdən xeyli uzaqlaşmışdılar. Qızı qarşı tərəfdə – çayın qırağındakı yolla Ağcaqıza doğru gedən atlı karvanını anasına göstərərək yalvarmağa başladı: "Görürsən, aşağı kəndlərin adamları köçüb gedir. Oranın camaatı təhlükəni bizdən yaxşı görür, heç kim kefindən yurd-yuvasını, ev-eşiyini tərk eləməz... Vallah sən buralarda qalsan, ermənilər səni girov aparacaq, işgəncə verəcəklər. Gəl bizimlə gedək, yorulsan uşaqlar səni belində aparacaq...”
Gülgəz nənə qızının yalvarışlarına məhəl qoymadı: "Mənə nə olub ki, əl-ayağım yerində, ağlım da başımda! Siz öz qeydinizə qalın, mən səndən də qıvraq yeriyirəm...”
O, bu sözləri qızını arxayın salmaq üçün demişdi. Əslində isə doğma yurdu tərk etməyəcəyi barədə qəti qərar vermişdi. Ona görə də hamını arxayın salmışdı. Böyük oğlu Qüdrət arxayın idi ki, qardaşı Ələsgər onu bacısı Gülzarın qaynı Əlinin QAZ-53 maşınında yola salacaq. Amma Gülgəz nənə kiçik oğlu Ələsgərə Gülzargillə, Gülzara isə Elmiragillə gedəcəyini söyləyərək onları aldatmışdı.
Böyük övladı Tavata və hamıdan çox sevdiyi nəvəsi İnqilaba isə Gülgəz nənənin şofer Əlinin maşını ilə yola salınacağını demişdilər. Övladları, nəvələri onun Başlıbeldə düşmən mühasirəsində qaldığından bir neçə gün sonra xəbər tutmuşdular. Onda artıq rayon bütünlüklə Ermənistan hərbi birləşmələrinin tam nəzarətinə keçmişdi. Artıq Gülgəz nənəyə kömək etmək, onu düşmən ordusunun mühasirəsindən çıxarmaq imkanları qalmamışdı...
Qismətinə 88 illik məşəqqətli ömür payı yazılmış Gülgəz nənə həyatının sonuncu 18 gününü azğın düşmənin mühasirəsində yaşadı. O, ermənilərin Kəlbəcəri işğal etdiyinə yalnız aprelin 3-dən sonra – Başlıbeldə mühasirədə qalan sakinlər evləri tərk edib kahalara sığınanda inanmışdı. Mühasirədə qalanların bir hissəsi həmin gün Gülgəz nənəgilin qonşuluğuna – "Kahanın başı”məhəlləsindəki evlərə sığınanda Mahir ona hər şeyi açıq söyləmişdi: "Bundan sonra kənddə qalmaq çox təhlükəlidir, bu gecə hamımız "Qalaça”dakı kahalarda qalacağıq...”
Gülgəz nənə həmin gün "Qalaça”dakı kahalara çıxmaqdan da imtina etmişdi. O, öz evlərində gecələməyi yaxınlıqda yerləşən "Qalaça” kahalarına sığınmaqdan üstün tuturdu. "Həm ev-eşik yiyəsiz qalmasın, həm də mal-heyvana göz-qulaq olaram” deyirdi...
Mühasirənin ilk günlərində dəfələrlə kəndə enərək övladlarının evlərinə baş çəkmiş, qapısı bağlı olan tövlələrin qıfıllarını sındıraraq içəridəki mal-qoyunu çölə buraxmışdı. Kənddə mühasirədə qalanlar sığınacaq yerini "Qalaça”dan "Portda”ya dəyişəndən sonra Gülgəz nənə də onlara qoşularaq kahalarda yaşamağa başlamışdı. Aprelin 18-də erməni hərbçiləri kahalara sığınmış dinc sakinlərin üzərinə hücum edərkən qətlə yetirdikləri ilk qurban da elə Gülgəz nənə olmuşdu...(koordinat.az)