Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Sfera.az məlumatına görə, mətndə deyilir:
"Möhtərəm cənab Prezident.
Qafqaz bölgəsi dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dövlətimizin rəhbərinə və dünyanın tanınmış siyasi xadiminə salamlarımı və təşəkkürlərimi ünvanlayıram. Bu təşəkkür borcum 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətə başlamağımın 40 illiyi münasibətilə Zati-aliləriniz tərəfindən verilən ali qərarınıza və Sərəncamınıza görədir. Mən bu Sərəncamınızı həm şəxsimə, həm də Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi kimi qəbul edirəm. Zati-alilərinizin sayəsində nail olduğumuz hər bir uğur dünya müsəlmanlarının, Azərbaycan ictimaiyyətinin və dini mühitimizin nəzərində əlamətdar və tarixi hadisəyə çevrilir. Çünki dünya Sizin simanızda öz ölkəsini hərtərəfli inkişaf mərtəbəsinə qaldıran, multikulturalizm ideyaları və dini-mədəni mühitin inkişafını təmin edən, sosial-iqtisadi islahatları ilə xalq-dövlət birliyini möhkəmləndirən dövlət rəhbərini görür. XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal ideyalarınız sayəsində Azərbaycanın adı tarixin səhifələrinə tərəqqi və intibah məkanı kimi yazılır.
Sizin milli və dini dəyərlərə verdiyiniz önəmi təkcə Azərbaycan xalqı deyil, dünya ictimaiyyəti və müxtəlif dinlərin liderləri də yüksək qiymətləndirmiş və "Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi münasibətilə mənə ünvanladıqları təbriklərdə Zati-alilərinizə minnətdarlıqlarını bəyan etməyi rica etmişlər. Azərbaycandakı din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq ənənələri, etiqad azadlığının təmin olunması müdrik siyasətin nümunəsi kimi təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bu sarsılmaz mənəvi bünövrənin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-alilərinizin səyləri ilə uğurla davam etdirilmişdir. Biz din xadimləri Azərbaycanda Sizin səylərinizlə təşəkkül tapan mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bəyənirik və gələcəkdə davam etdirmək niyyətindəyik. Zati-alilərinizin 2019-cu ili böyük İslam mütəfəkkiri, irfan filosofu və sufi şairi Nəsiminin şərəfinə "İmadəddin Nəsimi ili” elan etməsi də Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi töhfələrin parlaq nümunəsidir və dini mühitdə yüksək təqdirlə qarşılanır.
Zati-aliləri, 40 ildir ki, Şeyxülislam olaraq Qafqaz Müsəlmanları İdarəsini ulu öndər Heydər Əliyevin xeyir-duası ilə onun əmanəti kimi qorumuş, Sizin hüsn-rəğbətiniz və maddi-mənəvi dəstəyinizlə dünyanın tanınmış dini təşkilatı səviyyəsinə qaldırılmasına çalışmışam. Bu illər ərzində Zati-alilərinizin şəxsimə olan hörmət və diqqəti, özəl münasibəti, iftar məclislərində və tədbirlərdə fəaliyyətim barədə dəyərli sözləriniz mənim üçün ən qiymətli hədiyyə olubdur. Bu gün də hesab edirəm ki, harada dövlət və din birliyi varsa, orada dövlətin və xalqın siyasi, iqtisadi və mənəvi rifahı üçün təminat var. Mən Sizin siyasətinizi təqdir edərək hər zaman yanınızdayam. Zati-alilərinizin məni dost və qardaş adlandırmasını özüm üçün ən böyük mükafat hesab edirəm, ömrüm boyu Sizə və bütün ailənizə Allahdan xeyir-dualar diləyirəm.
Biz dindarlar əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, əzəli torpağımız olan Qarabağın azadlığı naminə haqqın qalibiyyəti daim Zati-alilərinizlə olacaqdır. Bu, bizim ümidimiz və Sizə ünvanlanan dualarımızdır.
Allah-təala hər zaman yardımçınız olsun! Amin".