"Müxalifətin funksiyası təkcə mitinq, yürüş keçirmək deyil. Seçkidə iştirak etməli, alternativ layihələr təqdim etməlidirlər. Ancaq korrupsiya və rüşvətxorluq sözlərini əzbərləyiblər, ortaya isə bir vərəq sənəd qoymayıblar”
Bunu YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müsahibəsində deyib.
Onun sözlərinə görə, radikal müxalifətin təşkil etdiyi mitinqə gələnlərin hamısı pulla tutulmuş adamlardır: "Çünki müxalifətin sosial bazası bəllidir, Yeni Azərbaycan Partiyasının kiçik rayon təşkilatı qədər elektoratları yoxdur. Onların əsas məqsədi qarşıdurma yaratmaq idi. İstəyirdilər ki, polisin səbri tükənsin. Polis işçilərini təhqir edir, söyürdülər. Sağ olsunlar hüquq-mühafizə orqanının əməkdaşları, böyük səbir nümayiş etdirdilər. Şəhidlər xiyabanına getmək istəyirsiniz, gedin də. Şəhidlər xiyabanına cənab Prezident də, I Vitse-prezident də, baş nazir də, parlament sədri də, nazirlər də, deputatlar da gedir, gül qoyur, ehtiramını göstərir. Burada şou düzəltməyin nə mənası var? Biz hansı dövrdə yaşayırıq.
Halbuki Şəhidlər xiyabanında uyuyanların şəhid olmasının səbəbkarı özləridir. İstər 20 Yanvarda törətdikləri provokasiyalar, istərsə də ərazilərimizin işğalı ilə əlaqədar hakimiyyətə gəlməkdən ötrü oynadıqları oyunlar nəticəsində sadə insanlar şəhid oldular və Şəhidlər xiyabanında yatırlar. Allah şəhidlərimizə rəhmət eləsin”.
Deputat Cümhuriyyət ilində dövlət tərəfindən görülən işləri xatırladıb: "Öən il Cümhuriyyət ili elan olundu, çoxlu sayda tədbirlər keçirildi, "Son iclas”, "Əbədi ezamiyyət” və sair adda filmlər çəkildi, indiyə qədər tarixi faktlarla belə filmlər olmamışdı, bütövlükdə demokratik cümhuriyyətin tarixi, həmin şəxsiyyətlərin taleyinin acı nəticələri açılıb ortaya qoyuldu. Azərbaycan xalqı bir daha faktları, həqiqətləri gördü, bildi. Bəlli oldu ki, demokratik cümhuriyyət Azərbaycan xalqınındır, bunlar nəyisə özəlləşdirmək istəyirlər. Məhəmmədəmin Rəsulzadə Cümhuriyyət dönəmində Milli Şuranın sədri olub, Əli Kərimlinin sədri olmayıb ki. Milli Şura da Azərbaycan xalqınındır. Gedib "Azadlıq” qışqırmaqla, mitinq keçirməklə nə olur?”.
S.Novruzov qeyd edib ki, müxalifətin funksiyası təkcə mitinq, yürüş keçirmək deyil: "Müxalifət başqa şeydi. Parlamentdə, parlamentdən kənar müxalifət var, xarici qüvvələrə xidmət edənlər var. Bizdə müxalifət yekcins deyil, müxtəlifdir. İkincisi, müxalifət elə ideyalar gətirməlidir ki, insanlar tərəfindən ona dəstək ala bilsinlər. Müxalifət dövlətlə xalq arasında elə bir qüvvəyə çevrilməlidir ki, hər hansı alternativ layihələrin dövlətə çatdırılması ilə məşğul olmalıdır. Müxalifətin funksiyası təkcə mitinq, yürüş keçirmək deyil. Seçkidə iştirak etməli, alternativ layihələr təqdim etməlidirlər. Ancaq korrupsiya və rüşvətxorluq sözlərini əzbərləyiblər, ortaya isə bir vərəq sənəd qoymayıblar. Hətta Qarabağla bağlı hər hansı bir sənəd, yaxud təklif hazırlayıb, ortaya qoymayıblar. Ona görə də insanlar bu adamların arxasınca getmirlər”.