Azərbaycanda keçiriləcək möhtəşəm tədbirə -COP29-a artıq sayılı günlər qalır. Dövlət qurumları hazırlıq işlərini yekunlaşdırmaq üzrə olduqlarını bəyan ediblər. Tədbir günlərində bir çox dövlət qurumlarında iş onlayn rejimə keçəcək.
Bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib. Tədbirin əhəmiyyətini, iştirakçıların sayını və yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dövlət orqanlarında (qurumlarında) işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi tapşırılıb. Dövlət orqanlarında (qurumlarında) əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsi də tapşırıqlar siyahısındadır.
COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb və bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir.
Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Noyabrın 9-10-nu və 23-24-ü şənbə və bazar günlərinə təsadüf edir. Həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq. Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün - 25 noyabra qədər davam edəcək. Noyabrın 25-i dərs günü olacaq. Noyabrda həftəsonlarını da hesablasaq, cəmi 10 gün dərs olacaq.
Beləliklə, COP 29 günlərində paytaxt sakinlərinin bölgələrə səfər etməsi və rayonlarda istirahət etməsi üçün əlverişli şərait yaranıb.
Tədbir zamanı paytaxtda bir sıra yollar bağlı olacaq.
COP29 Əməliyyat Şirkətindən verilən məlumata görə, COP29 konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.
DSX Sərhəd Nəzarət Komandanlığının hərbi qulluqçusu Nicat Cahidzadə deyib ki, COP29 zamanı sərhəddə hər hansı fövqəladə hallar baş verdiyi halda sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər görülüb. O, bildirib ki, tədbirə gələcək qonaqlar COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən qarşılanacaq, xüsusi nəzərdə tutulmuş keçid zolaqları ilə sərhəd nəzarət kabinələrinə yönəldiləcəklər:
“Sərhəd Nəzarət Komandanlığının hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş qaydada və sürətli bir zamanda sənədlərin yoxlanışını həyata keçirəcək. COP29 vizası ilə gələn əcnəbi vətəndaşlar 45 saniyə, Azərbaycan vətəndaşları isə 30 saniyə müddətində rəsmiləşdirilərək dövlət sərhədindən buraxılacaq.
Hazırda bütün iş yerlərində və sistemlərdə gücləndirilmiş iş rejiminə keçilib. Tədbirdən öncə və tədbir zamanı əməliyyat şəraitləri ciddi nəzarətdə saxlanılacaq. Eləcə də şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən qanunvericilik çərçivəsində, eləcə də gecikmələrə yol verilmədən keçidinin təmin olunmasına nəzarət ediləcək.
O, bildirib ki, COP29 zamanı sıxlığın qarşısının alınması ilə bağlı şəxsi heyətin sayı çoxaldılıb. Xüsusi və müasir texniki vasitələrdən istifadə edilməklə sərnişinlərin daha sürətli rəsmiləşdirilməsi, məlumatların elektron qaydada bazaya ötürülməsi və dövlət sərhəd xidmətindən buraxılması nəzərdə tutulub.
Tədbir günlərində Azərbaycanın bölgələrinə də səfərlər olacaq. Paytaxta gələn xarici qonaqlar Bakını görməklə kifayətlənməyib, bölgələrə də üz tutacaqlar. Bu da ölkəmizdə turizmin inkişafına şərait yaradacaq.
Paytaxtın yerli sakinlərinin bu günlərdə istirahətə getməsi üçün də fürsət yaradılıb. Sıxlığı, qonaq çoxluğunu nəzərə alaraq səs- küylü şəhərdən rayonlara axın başlayacaq.
COP29 vaxtı kiminsə harasa getməsi könüllüdür. Pandemiya dövründə olduğu kimi kiminsə evdən çıxması, müəyyən saatlarda hərəkətinin dayandırılması kimi qaydalar olmayacaq.
Qeyd edək ki, noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 konfransı start götürəcək.
Dünyanın diqqət mərkəzində olan konfransa xaricdən 80 minə yaxın qonağın gəlməsi gözlənilir. Onların böyük hissəsi isə əsas rəsmi tədbirlərin keçiriləcəyi Bakıya üz tutacaqlar.(Musavat.com)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man