Yağışdan sonrakı Bakı hansı dövlət qurumlarının "əsəri"dir? - AÇIQLAMA

Cəmiyyət 23 Oktyabr 2024 | 14:21
OXUNUB: 4635

Oktyabrın 21 və 22-si tarixlərində Bakıda yağan yağışlardan sonra şəhər yollarında hərəkətin iflic olması yol təsərrüfatında problemlərin olduğunu növbəti dəfə üzə çıxartdı. Müntəzəm yağan yağışlar bəzi yollarda, tunellərdə subasmaya səbəb oldu, nəticədə avtomobillərin hərəkəti tamamilə dayandı. Azərbaycanda ilk dəfə olaraq yağışdan sonra yaranan subasma halına görə sürücü və sərnişinin ölməsi faktı da qeydə alındı. Sabunçu rayonunda yerləşən tunellərin birində suyun səviyyəsinin tunel tavanına qədər yüksəlməsi iki nəfərin dünyasının dəyişməsinə səbəb olub. 


Sfera.az bildirir ki, yağışdan sonra avtomobil yollarında yaranan acınacaqlı vəziyyətə görə hansı dövlət qurumlarının cavabdehlik daşıdığına dair suallar yaranmağa başlayıb. İki gün ərzində yağan yağışların yaratdığı fəsadlara görə bir yox, hətta bir neçə dövlət qurumunun məsuliyyət daşıdığını bildirənlər də var. Bu iddialara görə, şəhər təsərrüfatına rəhbərlik edən Bakı Şəhər İcra Hakimiyyəti, yolları inşa edən, onların istismarını həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və fövqəladə hallarda yardım-xilasetmə tədbirlərini həyata keçirən Fövqəladə Hallar Nazirliyi də birbaşa məsuliyyət daşıyır. 


Qeyd edək ki, paytaxt Bakıya şəhər icra hakimiyyəti rəhbərlik etsə də, paytaxtın daxili yollarında yarana biləcək hadisələrə görə məsuliyyət bölgüsü fərqlidir. 
Paytaxtda prospektlər, digər əsas yollar, körpü, yol ötürücüsü və tunellər AAYDA-nın məsuliyyət dairəsinə aid edilir. Eləcə də piyada keçidləri, yolların işıqlandırılması AAYDA-nın səlahiyyətinə daxildir. 


Qəsəbə və kəndlərarası daxili yolların çəkilməsi, təmiri isə Bakı Şəhər İcra Hakimiyyətinin öhdəliyindədir. Yerli icra hakimiyyətləri də bu məsələlərə görə məsuldur. Paytaxtda məhəllədaxili yollar rayon icra hakimiyyətlərinin həll etdiyi məsələlərdəndir. Bakıda 12 rayon var və onların hər birinin icra hakimiyyətlərində mövcud olan aidiyyəti idarələr bu işlərlə məşğuldurlar. 


Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, yağışın yağmasından sonra yaranan vəziyyətə görə, yol təsərrüfatına cavabdeh olan qurumlar daha çox məsuliyyət daşıyır. Onun fikrincə, baş verənlərin xarakteri göstərir ki, subasmaya səbəb yolların inşası layihəsinə əməl edilməməsi və ya onların istismarının düzgün həyata keçirilməməsidir: “Yol təsərrüfatı qurulan zaman yağış sularının idarə olunması mütləq nəzərə alınmalıdır. Belə görünür ki, tikinti zamanı yağış və qrunt sularının idarə olunması ilə bağlı zəruri tədbirlər görülməyib. Hər dəfə tunellərin açılışı olanda açıqlama verirlər ki, yağış sularının kənarlaşdırılması üçün zəruri tədbir görülüb, lazım olan avadanlıqlar quraşdırılıb. Amma son nəticədə görürük ki, əslində belə deyilmiş. Məsələn, dünən 2 nəfərin öldüyü tunelin istifadəyə verilməsi zamanı da oxşar açıqlama verilmişdi. Tunelin açılışı 2020-ci ilin martında olub. Açılış zamanı məlumat verilmişdi ki, tuneldə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Mən xatırlayıram ki, həmin tunelin açılışından bir müddət sonra subasma oldu. Dünən isə daha acınacaqlı vəziyyət yarandı. Belə məlum olur ki, sənəddə nasos stansiyalarının olduğu göstərilir, amma əslində bu məqsədlə ya ayrılan vəsait mənimsənilib, nasos quraşdırılmayıb, ya da işçi və işığa görə xərclərin yaranmaması üçün nasoslar istismara buraxılmayıb. Bakıda yol infrastukturunun salınması və sonrakı istismarı zamanı görülən işlərin əksəriyyəti belədir və dəfələrlə xoşəgəlməz hallar olub.Bir faktı da xatırladım ki, bir müddət öncə cənab Prezidentin tapşırığı ilə su və kanalizasiya sisteminin yenidən qurulması, problemlərin öyrənilməsi ilə bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət hökumət komissiyası yaradıldı. Amma heç bir nəticə yoxdur. Görürlər ki, daha yağışlar yağmır məsələni unudurlar. Paytaxtda belə vəziyyət yaranırsa, təsəvvür edin ki, başqa bölgələrdə vəziyyət nə yerdədir”. 


E.Muradlı yollarda bu kimi problemlərdən xilas olmaq üçün 2040-cı ilə qədər gözləmək lazım gəldiyini də bildirdi: “Ümidimiz 2040-cı ilə qalıb. Bakının Baş Planına əsasən, 2040-cı ilə qədər yağış sularının kanalizasiya sularından ayrılması, ayrıca idarə edilməsi, hətta yağış sularının anbarlara toplanması və təkrar istifadəsi nəzərdə tutulur. Ümid edək ki, planda nəzərdə tutulan işlər üçün ayrılacaq vəsaitlər mənimsənilməyəcək və layihə olduğu kimi həyata keçiriləcək. Bəlkə, ondan sonra Bakıda bu cür hallar bir daha təkrar olunmayacaq”.   


Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, Bakı yollarında sözügedən problemlərin yaranması tikinti zamanı yol verilən nöqsanlarla bağlıdır. O, istismar zamanı da səhvlərə yol verildiyini, lakin tikintiyə görə səhvlərin daha böyük olduğunu vurğuladı. Ə.Həsənov yollarda yaranan vəziyyətə görə ən böyük cavabdehliyi Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin daşıdığını düşünür:

“Yaranmış vəziyyətə görə bir çox dövlət qurumu özünə aid olan məsələlərə görə məsuliyyət daşıyır. Amma əsas məsuliyyət Bakı Şəhər İcra Hakimiyyətinin, onun tabeliyində olan qurumların və Fövqəladə Hallar Nazirliyinin üzərinə düşür. Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyəti daha böyükdür. Çünki tikintilərlə bağlı ilkin razılıq şəhər icra hakimiyyətindən verilir. Razılıq vermək nə deməkdir? Bu, o demək deyil ki, icra hakimiyyətinin tikinti layihəsindən xoşu gəlir və ya gəlmir. Razılıq o anlamı verir ki, icra hakimiyyəti layihəni digər dövlət təşkilatları ilə hərtərəfli araşdırıb, o cümlədən təhlükəsizlik məsələlərini, riskləri öyrənib və müəyyənləşdirib ki, tikinti layihəsi şəhərsalma norma və qaydalarına uyğundur. İcra hakimiyyəti tikintiyə icazə verməzdən öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, “Azərişıq”, “Azərsu”, “Azəriqaz” və başqa aidiyyəti qurumların rəyini öyrənir, sonra tikintiyə icazə verir. Əgər tikinti yol infrastrukturu ilə bağlıdırsa, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) də rəyi öyənilir. Bu, tikintidən öncəki məsuliyyət bölgüsüdür. Amma tikintidən sonra onu qəbul etmək də lazımdır. Tikinti istismara verilməzdən öncə hər bir qurum onun istismara uyğun olub-olmamasına dair rəy verir. Ola bilər ki, layihədə hər şey düzgün olub, ancaq tikinti zamanı layihəyə əməl edilməyib. Burada da hər bir dövlət qurumu özünə aid olan hissə ilə bağlı cavabdehlik daşıyır. Layihənin qəbulunda Fövqəladə Hallar Nazirliyinin üzərinə da böyük məsuliyyət düşür. Bu qurum bütün riskləri qiymətləndirir. Nazirlik yolların tikintisi zamanı yağış, subasma və digər bu kimi fövqəladə halları nəzərdən keçirməlidir. Tikilən qurğunun istismarı zamanı problem yarandıqda isə burada da öyrənilməlidir ki, problem nədən yaranıb. Problem tikinti ilə bağlıdır, yoxsa istismar qaydalarının pozulması ilə mi? Bu, dəqiqləşəndən sonra qəti fikir bildirmək olar.  Dünən şəhər rəhbəri də etiraf etdi ki, tikinti zamanı hansısa nöqsanlar olub. Ola bilsin, tikinti normalarına əməl edilməyib. İstənilən halda məsuliyyət Bakı Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin üzərinə düşür”.


Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man